"İnsanlar tanışlığa görə işə alınır" - Fəlsəfə doktorundan qalmaqallı status/FOTO

Azərbaycanlı uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl, sosial şəbəkədə qalmaqallı fikir bildirib. 

Psixoloq.az xəbər verir ki, Vasif bəy Azərbaycanda rezidenturanın öldüyünü, müəyyən yerlərə insanların bacarıqlarına görə deyil, tanışlıq əsasında işə alındığından bəhs edib.

Həmin fikirləri sizə təqdim edirik:

"İnkişaf etmiş cəmiyyətlərdə bu cür imkanların bölgüsü sırasında ədalətsizlik payı çox aşağıdır. Məsələn, Almaniyada asistent kimi işə düzəlmək üçün səndən pul ummurlar və ya sənin daydayına görə haqqı olan rəqibini incitmirlər. Bizim kimi cəmiyyətlər üçün isə Almaniya modeli uyğun deyil.

Çünki rüşvətxoruq.

Həkim olmaq üçün rezidentura şərtdir. Bu mərhələdən keçmədən ciddi peşəkarlığa yiyələnmək praktik olaraq mümkün deyildir.

Azərbaycanda rezidentura sisteminin tətbiqindən sonra bizdə bir az ümid yarandı. Ancaq tezliklə ümidlərimiz puç oldu.

Gənclər sistemə inanmırdılar və rezidenturaya çox vaxt hərbi xidmətdən möhlət hüququ almaq üçün müraciət edirdilər.

Rezidentlərin əksəriyyəti işə gəlmir. Bunun yerinə xarici ölkələrin imtahanlarına hazırlaşırlar.

Biz, öz klinikamızda işə davamiyyəti olan rezidentlərə bacarıq aşılamaq üçün namus sözü vermişik. Çünki xarici ölkələrə gedə bilməyən imkansız uşaqlar qalır burada.

İndi, nəyimiz var, nəyi satırıq?

Azərbaycanlı təbabət məzunu onsuz da sistemə inanmırdı.

Azərbaycanlı həkimlər onsuz da rezidentlərə bir şey öyrətmək istəmirlər. Çünki çox vaxt özləri bir şey bilmirlər, ya da tamahkarlıq edirlər, guya bu günkü uşaq onun çörəyini əlindən alacaq.

Nə isə. Ciddi deqradasiya gedir. Ciddi gərginlik toplanır.

Bu qərarı verənlər əvvəl-axır bu el misalını xatırlayacaqlar.

Qızınmadıq istisinə, kor olduq tüstüsünə".

e65f8a3d32b07f6454a6d8080e02c313.jpg

00a9d61709d544845c690a0ba59b2c48.jpg