İntihara yox !

Nədir intihar ?!

Sonu ölümlə nəticələnəcəyini bilərək seçilən hər hansı bir üsulun birbaşa , yaxud dolayı olaraq meydana gətirdiyi ölümə intihar deyilir. İntihar , ölmək məqsədiylə planlı və qəsdən törədilən cəhd olaraq dəyərləndirilir .

Jobes, Berman və Josselsan (1987) intiharda iki əsas mərhələni qeyd etmişdir. Birincisi, intiharın insanın özünə zərər verəcək şəkildə reallaşması, ikincisi isə intihar davranışının altında şəxsin ölüm istəyinin olmasıdır.

Həmçinin intiharla bağlı düşüncələrlə intiharla bağlı davranışları mütləq şəkildə fərqləndirmək lazımdır. İntiharla bağlı düşüncə ölümlə bağlı fikirləri, intihar cəhdi ilə bağlı məqamları, spesifik planları, intihar üsulunu və intihar düşüncələrinin reallaşdırılmasını ehtiva edir. İntihar davranışı isə intihar cəhdini (ölümlə nəticələnməyən intihar davranışı) və ya intiharın tamamlanması yəni ölümlə nəticələnməsini əhatə edir.

İntihar, müxtəlif istiqamətlərdə uzun illərdir ki, üzərində araşdırmalar aparılan çox vacib məqam olmaqla yanaşı son 25-36 il ərzində xüsusilə yeniyetməlik dövründə intihar cəhdlərinin artması problemin miqyasını daha artırmış və bu sahədə tədqiqat işlərinin, profilaktik tədbirlərinin artmasına səbəb olmuşdur.

İntihar 3 mərhələdə görülür:

1)İntihar düşüncələri olur, yaxınlarına vida məktubları yazır, sosial şəbəkələrdə intihar barəsində paylaşımlar edirlər.

2) İntihar planları olur və intihara təşəbbüs üçün lazım olan vasitələri öz üzərində gəzdirirlər.

3) Son mərhələdə isə intihar halı artıq baş vermiş olur.

İntiharın əsl səbəbləri-

-Psixoloji və fiziki şiddət

-Bəzi ruhi pozuntular və sinir sisteminin patoloji xəstəlikləri

-Zorakılıq halları

-Ailəiçi təzyiqlər

-Boşanma və ayrılıqlar ( xəyanət)

-Bullinq, mobbinq

-Narkotik ,alkoqol qəbulu

-Məqsədinə çata bilməmək

-Film ,serialda gördüklərinin təqlidi və s…

İntiharın dinamikasını nəzarətdə saxlamaq üçün 7 intihar tipi fərqləndirilir:

1.Psixoz və ya şəxsiyyətin formalaşmaması – özünü öldürməklə bağlı audial (eşitmə) hallüsinasiyaları olur.

2.Özünə yönəlik cinayət (homosid) – bu cür intiharlar da başqa insana qarşı aqressiyadan qaynaqlanır. Bəzi səbəblərdən dolayı bu qəzəb kənara əks olunmur və insan bu hissi özünə yönəldir. Simvolik şəkildə qarşısındakı insanı oldürəcəyini düşünür.

3.Real və ya xəyali tərk oldunduğu üçün intiqam alma-imtina olunmaq və ya tərk edilməklə ətrafındakı insanları qorxudan yeniyetmə, intiharı güc simvolu olaraq istifadə edir.

4.Şantaj və ya öz mənfəətini üstün tutma – bu tip intiharda, yeniyetmə intiharı qorxutma vasitəsi olaraq istifadə edir. «Əgər mənə yaxşı davranmasan, sonra peşman olacaqsan». İntiharın tez-tez səsləndirildiyi ailələrdə bu və öncə qeyd olunan intihar növü mütəmadi qarşılaşılan üsullardır.

5.Sevilən və ya itirilən obyektlərə yenidən qovuşma vəfat edən valideyn\nənə-baba ilə yenidən birlikdə olmaq üçün vasitə kimi qəbul olunur.

6.Bağışlanmaz günahların kompensasiyası – günahkarlıq və neqativ duyğulardan xilas olmağın yeganə yolu olaraq intihar edilir.

7.Kömək üçün ağlamaq (Crying for help) – problemin əsas səbəbindən asılı olmayaraq yeniyetmə narahatlığı olduğunun fərqindədir və bu problemi aradan qaldırmaq üçün intihara üstünlük verir.

İntihara verilən populyar reaksiyalar

*İntihar zəiflik ,acizlik əlamətidir.

*İntihar etmək günahdır

*Yəqin nə etmişdisə , şantaj ediblər… və s

İntihar edərkən istifadə olunan üsullar

İntihar cəhdi edən insanlar üzərində aparılan tədqiqatların 70%-də hədsiz dozada dərman istifadə edərkən, intihar edənlərin 63%-nin silaha üstünlük verdiyi aşkar olunmuşdur.

Özünü zəhərləmə, asma, kəsmə, yandırma, maşının önünə atma yeniyetməlik dövründə tez-tez rastlanılan üsullar arasındadır. Digər araşdırmaya əsasən qeyd olunmuşdur ki, yeniyetmələrin böyük bir qismi hündür yerdən atlama ilə intihar edir.

Yeniyetmə intiharlarında risk faktorları

Risk faktorlarını müəyyənləşdirmək intiharın qarşısının alınması üçün əhəmiyyətli faktorlardan ilkidir. Daha əvvəl intihar cəhdinin olması yeniyetmə intiharlarında vacib risk faktorları arasında hesab olunur. Lakin tamamlanmış intiharı olan yeniyetmələrin sadəcə 10-40%-i əvvəlcə intihar cəhdinin olması digər risk faktorlarını da dəyərləndirməyi təklif edir. Digər risk faktorları arasında psixopatoloji, ailə, bioloji və situativ faktorlar xüsusi əhəmiyyət daşıyır.

Bulling nədir ?

UNICEF-ə görə bullinq (ing. Bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.

Kiber– Sosial şəbəkələr və mesajlar vasitəsilə insanları alçaltmaq, qorxutmaq, hesablarının sındırılması kiber zorakılığa aid edilir.

Fiziki- Fiziki bullinqə vurmaq, itələmək, qəsdən toxunmaq, tüpürmək, şagirdin əşyalarının oğurlanması və s. Daxildir.

Şifahi — Qorxutmaq, sözlərlə alçaltmaq,adına ləkə yaxmaq şifahi bullinq sayılır.

Sosial — Şəxsin hansısa qrupdan kənarlaşdırılması, sinifdən təcrid edilməsi, ona qarşı qruplaşma yaratmaq bullinqin sosial növünə aiddir.

Psixoloji — Təqib etmək, qərəzli baxışlar və başqa psixoloji zorakılıqlar bu növə daxildir.

İntihar və İnformasiyanın yayılması

İntiharı xəbər qadağalarını aşan bir ölçüdə anlatılması ya da göstərilməsi şəxsin məhrəmiyyət (məxfilik) və şəxsi hüquqlarını pozmaqdır.

İntihar xəbərlərinin veriliş tərzinə diqqət edilmədiyi zaman intihara meyilliliyin artdığını göstərən çox sayda nümunə var. Mediada detallı rəsm , görüntülərlə və şəxsin ad soyadının verildiyi xəbərlərdən sonra bənzər yöntəmlər istifadə edərək intiharların artdığı bildirilmişdir.

Ümumdünya Səhiyyə Təşkilatına görə intihar xəbərləri:

-İlk səhifələrdə şəkilli, rəngli və intihar yöntəmi ayrıntılı şəkildə verilməməlidir.

-Hadisə romantik və fantastik bir davranış olaraq gündəmə verilməməlidir.

-Necə intihar edə biləcəyini göstərən ayrıntılı intihar xəbərlərini mediaya yaymaq olmaz.

-İntihar həll yolu olaraq görülməməlidir.

-Xəbərlərdə şəxslərin intihar düşüncələriylə baş etmələrinə yardımcı ola biləcək qurumlar, mualicə secimləri haqda maarifləndirmə aparılmalıdır.

Necə kömək edə bilərik?

-Maarifləndirmə

-Valideynlərə psixoloji təlimlərin verilməsi

-Psixoloq dəstəyi

-Ağır formada isə dərman müalicəsi

Həyat gözəlliklər ilə doludur, anı yaşa və zövq al!

YAZAR:  Psixoloq Aysu Əliyeva