İxtisas seçimi gələcək taleyimizi müəyyən edir, desək yəqin ki, mübaliğəyə yol vermiş olmarıq. Çünki necə, hansı şərtlər altında yaşayacağımız, həyat tərzimiz, maddi durumumuz seçdiyimiz peşədən böyük miqyasda asılı olur. İxtisas seçimində nəzərə alınmalı olan əsas meyarlardan biri də bizim bacarıqlar və arzularımız, özümüzü hansı peşədə görmək istəyimizdir. Baxmayaraq ki, valideynlər öz gerçəkləşməyən arzularını övladlarının həyatında reallaşdırmağa çalışır, onları yönləndirməyə səy göstərir. Bu isə həmişə yaxşı nəticələr vermir.
Psixoloq İradə Əliyeva deyir ki, ixtisas seçimi ilə bağlı qərar təzyiq altında, kənar təsirlərlə verilməməlidir: “Təbii ki, daha təcrübəli adamların rəyi yol göstəricisi ola bilər. Amma təzyiq göstərmək olmaz. Çünki müstəqil olaraq verilməyən qərar ruhən, daxilən dəstəklənmir, gəncin peşəkar kadr kimi yetişməsi üçün kifayət qədər motivasiyası olmur”.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bu mövzunu şərh edərkən deyir: “İxtisas seçimində birinci növbədə abituriyentin seçəcəyi ixtisasa marağı olmalıdır. “Jurnalist olmaq istəyən adam təsadüfən jurnalist ixtisasına düşsə, yaxşı yaza bilməz. Mütləq ona meyli olmalıdır. İstək və arzu ilə yanaşı abituriyentin qabiliyyətli olması da əsasdır. Məsələn, insan var ki, rəssam olmaq istəyir, uşaqlıqdan fiqurlarla oynayır, rəsmlər çəkir və s. Onda bu istiqamətə maraq olur. Qabiliyyət insanın ümumtəhsil sahəsində formalaşır. İnsanın daxilindən gəlir”.
Ə.Ağayevin dediyinə görə, üçüncüsü sosial amillərdir: “Valideynlər övladlarının seçəcəyi ixtisasla bağlı hansı sosial problemlərin yaranacağını nəzərə almalıdırlar. Ödənişlidirsə, ödəniş haqqını verə biləcəkmi? Hansı ali məktəb daha yaxşı kadr yetişdirəcək? Xarici ölkədə, yoxsa burda təhsil almaq istəyəcək? Bunlarla yanaşı abituriyent həm universitet şəraitini, universitetdəki mühiti, tələbə-müəllim münasibətlərini də nəzərə almalıdır.
Mütəxəssisin fikrincə, digər əsas amillərdən biri abituriyentin seçəcəyi ixtisas üzrə gələcəkdə iş tapa bilməsidir. “Ali təhsil müəssisəsini bitirəndən sonra iş tapa biləcəkmi? Ona görə də, tələbat olan ixtisası seçmək lazımdır. Qabiliyyəti olan kəs qabiliyyətini müəyyən isiqamətlərə yönəldə bilir. Məsələn, təyyarəçi olmaq istəyən tank da, kosmik gəmi də sürə bilər. Bu cəhətlər öncədən düşünülməlidir. Abituriyent seçimə diqqətlə yanaşmalıdır”.
Bakı Dövlət Universitetinin tələbəsi Nahit deyir ki, o, ixtisasını özü seçməyib, buna görə də motivasiyası aşağıdır: “Mən politoloq olmaq istəyirdim, atam imkan vermədi. Dedi ki, politologiyadan bir şey çıxmaz, məni ikinci qrup ixtisaslara yönəltdi. İndi də həvəsiz halda riyaziyyat təhsili alıram. Bir sözlə, seçimimi atam edib”.
Mütəxəssislər hesab edir ki, məktəblinin ixtisas seçimində məktəb müəllimləri, məktəb psixoloqları, eləcə də ali təhsil müəssisələri rol oynamalıdır. Ekspertlər universitetlərin bu seçimə təsir imkanlarını şərh edərkən bildirir ki, ali təhsil ocaqları məktəblilərə ixtisasların xarakteristikasını çatdırmalıdır, məktəblərdə görüşlər keçirməli, media, televiziya vasitəsilə, canlı görüşlər yolu ilə müxtəlif peşələr, xüsusilə də tələbat olan peşələr barədə məlumatlar verməlidirlər.
10-cu sinif şagirdi Elvin deyir ki, o. Ixtisas seçimi ilə bağlı qərarı müstəqil olaraq bu günlərdə verib: “Valideynlərim peşəmi özüm seçməli olduğumu bildirmişdilər. Mən də dördüncü qrupa maraq göstərirdim. Bir neçə gün öncə Qərbi Kaspi Universitetində “Açıq qapı”da iştirak etdik, orda çox maraqlı təcrübələr göstərdilər bizə. Biologiya laboratoriyasında olduq, bu sahənin nə qədər maraqlı sahə olduğunu bir daha hiss etdim. Qərar verdim ki, biologiya ixtisasına qəbul olmalıyam. Gələcəkdə də tanınmış bioloq olmaq arzusundayam”
Sosioloq Elnur Ağayev deyir ki, ixtisas seçimi bir çox hallarda şərti xarakter almağa başlayır: “Tələbə yığdığı bala uyğun ixtisasa düşür. Yalnız qrupu seçir. Yığdığı balla jurnalistikaya da düşə bilər, müəllimliyə də. Hansı ki, bunlar tamamilə fərqli peşələrdir. Kiminsə jurnalistika üçün bacarıqları ola bilər, amma müəllimlik üçün yox. Yığdığı balla gəlir düşür müəllimliyə və olur jurnalist qabiliyyətli müəllim.
Bax belə. Odur ki, gəlin diplom almaq hədəfini unudub, peşəkar mütəxəssis olmaq, peşəkar kadr yetişdirmək hədəfinə yönələk.(moderator.az)