Karl Qustav Yunq yaradıcılığının öyrənilməsində bir neçə mübahisəli məqam və versiya mövcuddur. Yunqu oxumağa nədən başlamağı konkret demək çətindir. Bəzilərinə görə, avtobioqrafiyasından, başqa birilərinə görə, "Tavistok mühazirələri"ndən, üçüncülərə görəsə "İnsan və simvolları" kitabından başlamaq lazımdır. Təklif etdiyim oxu sistemi bir neçə dəfə yoxlanıb və oxucunun müəyyən nəticəyə gəlməsinə kömək edəcək.
Yeni başlayanlara Yunqun özündən deyil, ideyalarını populyarlaşdıranların kitablarından başlamağı tövsiyə edirəm. Bu baxımdan Robin Robertsonun "Yunq psixologiyasına giriş" kitabı oxuculara analitik psixologiya haqqında lazımi baza anlayışı əldə etməyə kömək edəcək.
Daha sonra Yunqu aşağıdakı qayda üzrə oxumağı tövsiyə edirəm:
1) İlk növbədə Yunq və ən yaxşı tələbələrinin birlikdə hazırladıqları "İnsan və simvolları" məqalələr toplusunu oxumaqda fayda var. Burada analitik psixologiyanın əsas ideyaları ən sadə üsullarla izah edilib. Bu işlərdə yuxuların təhlilinin əlifbası, kölgə, anima, animus, arxetiplər (hərfi mənası "ilkin modellər") kimi anlayışların izahı verilib, psixikanın şüurun iradəsindən asılı olmayan azad həyatından sübutlar göstərilib.
2) "Tavistok mühazirələri" – Yunq bu mühazirə kurslarında ən sadə sözlərlə təliminin mahiyyətinə aydınlıq gətirir. Psixoloji tipologiya, yuxuların təhlili, aktiv təsəvvür, arxetiplər burada nisbətən başqa, akademik bucaqdan izah edilir, ona görə də kitab biliklərinizin dərinləşməsində əhəmiyyətli rol oynayacaq. Oxucu istəyinə görə, birinci və ikinci kitabların yerini dəyişərək "Tavistoks mühazirələri"ni oxuduqdan sonra "İnsan və simvolları"na keçə bilər.
3) Yuxarıdakı iki bənddə verilmiş kitablardan sonra oxucu analitik psixologiyaya nə qədər yaxın olduğunu anlayacaq. Öyrənməyə "İndividuasiyanın altı arxetipi" kitabı ilə davam etmək lazımdır. Bu kitabda nəzəriyyədən praktikaya keçəcəksiniz. Yunq arxiteplərə aid insanların inandırıcı portretlərini verir. Yunqun təsvir etdiyi çoxsaylı arxetiplərin sırasında Şəxsiyyət, Kölgə, Günəş Allahlığı, Allah, Ölüm, Ana Uşaq, Qəhrəman, Müdrik İnsan və s. var. Bunlardan ən vacib arxetip "Ana Uşaq və Mənlik"dir. Sonuncu arxitep transformasiya arxitepidir. Transformasiya – azadlıq axtaran üçün açar sözdür, psixikanın bir vəziyyətindən başqa vəziyyətinə keçiddir. Reinkarnasiya, metempsixozis, təşəbbüs, enantiodromiya, bir sözlə, bu məqalədən sonra bir sıra əhəmiyyətli ideyalar açılır.
4) Bir qədər daha mürəkkəb sayılan "Dövrümüzün mənəvi problemləri" məqalələr toplusu ilə daha sonra tanış olmağı məsləhət görürük. Hər məqalə konkret sualı cavablayır, buna görə də əlavə şərh tələb olunmur. "Müasir insanın mənəvi problemi", "Müasir psixiatriyanın problemləri", "Freyd və Yunq qarşıdurması", "Psixoloji tipologiya", "Ruh və torpaq", "Arxaik insan", "Həyat sərhədi", "Analitik psixologiya və dünyagörüşü", "Kompleks və mif", "Ruhun quruluşu", "Nikah psixoloji münasibət kimi" məqalələrin adları özləri haqqında danışır. Məqalələri oxumaqla tədricən Yunq təliminin ürəyinə yaxınlaşmış oluruq.
5) Yuxarıda göstərilən dörd bənddəki materialları oxuduqdan sonra Yunq bioqrafiyasını "Xatirələr, yuxular, düşüncələr"i öyrənməkdə fayda var. Bu kitabın oxunması hətta hazırlıqlı oxucu üçün sarsıntı gətirə bilər. Yunqun təsvir etdiyi xəyallar faktik olaraq psixologiya və magiya, kimyaçılar və Yunq individuasiyası arasındakı körpü yaradır. Kitab Yunq təlimi sarayına daxil olmaq üçün körpü rolunu oynayır, onu oxumaqla qnostisizm tədqiqatlarını qəbul etməyə hazır olursunuz. Çox vacibdir ki, oxuduğunuz avtobioqrafiya variantında Yunqun şəxsi kəşfi, təliminin simvolik kvintesensiyası "Ölülərə yeddi nəsihət" olsun. Yunqçuların bəziləri bioqrafiyadan başlamağı tövsiyə edirlər, amma bu yol mənə səmərəli görünmür, çünki hazırlıqsız oxucuya bəzi ideyalar anlaşılmaz qalacaq.
6) Yunq qnosizmi ilə bağlı əsas işləri öyrənməyə başlamazdan əvvəl iki kitabını öyrənməkdə fayda var. Kitablardan biri "Transformasiya simvolları" adlanır. Bu kitab Yunqun özü üçün də dönüş nöqtəsi olub, həm də Freydlə münasibətlərinin pozulmasına səbəb olan kitabdır. Ancaq kitabda qeyd edilən bəzi ideyalar Yunq tərəfindən təkzib edilib, kitabın ehtiyatlılıq ölçüsü böyükdür. Yunq xəbərdar edir ki, "uşağın qurban edilməsi" – yəni, arxetip dünyasında daxil olmazdan əvvəl eqonun infantil quruluşunu tamamilə dağıdıb özünü qurban verməsi vacibdir. Əks halda infantil şüurla şüursuzluq qüvvələri qarşısında dəli olmaq təhlükəsi böyük olur.
7) İkinci diqqətlə öyrənilməsi lazım gələn kitab "Eqo və şüursuzluq arasındakı əlaqə"dir. Bu kitab arxetipin güclü təsirinə məruz qalan şüurun mümkün fəsadından qorunmaq üçün yaxşı mənbədir. Burada şüursuzluqla qarşılaşdıqda eqonu gözləyən təhlükələr, eləcə də individuasiya adlanan şüur və şüursuzluğun qarşılıqlı təsirinin yeganə modeli çox yaxşı təsvir edilib. Həmçinin məhz bu kitabda Yunq Freyd və Adlerin mövqeyini tamamilə rədd edir.
8) "Sinxronluq". Yunqun Fizika üzrə Nobel mükafatı laureatı Volvqand Paulla birlikdə keçirdiyi təcrübələr şok yaratmaq qüvvəsinə malikdir. Təcrübələr nəticəsində sadəlövh materializm devrildi – hadisələr arasında marksizmin öyrətdiyi kimi yalnız qarşılıqlı səbəb-nəticə əlaqəsi mövcud deyil, daha başqa – dərin və gizli məna əlaqəsi mövcuddur. Bu kəşf hər şeyi alt-üst edir. Yunq qeyri-mümkün olana müvəffəq oldu, elmi şəkildə Daonun mövcudluğunu, astrologiyanın riyazi həqiqiliyini sübut etdi.
9) Bu biliklərlə silahlandıqdan sonra risk edib ziddiyylətli münasibətlərin mürəkkəb problemlərinə diqqəti artıra bilərsiniz. Söhbət Yunqun ən mürəkkəb işlərindən olan "Aion" kitabından gedir. Burada hər şey var: qnostik simvolizm, Məsih və Antiməsih birliyi, insanlıq tarixində baş verən hadisələrdə astroloji dövrlərin paradoksal asılılığı. "Aion" - əgər onu analamağa gücümüz yetərsə, gerçəklik haqqında təsəvvürləri sökən kitabdır. Çox mürəkkəb olduğu üçün, əvvəl Edvard Edinqerin "Eqo və Arxetip" kitabını oxumağı tövsiyə edirəm. Nisbətən daha asan dildə yazılıb, "Aion"nun mürəkkəb sistemini anlamaq üçün zəmin hazırlayır.
Əgər magiya, okkultizm ənənələriylə kifayət qədər yaxşı tanışsınızsa, onda bu kitabdan sonra dərhal Yunqla yaxından tanış olmağa başlaya bilərsiniz.
10) "Psixologiya və kimyagərlik". Burada kimyagərliyin qədim simvollarının müasir insan yuxusunda necə təzahür etməsi, kimyaçılıqla dinin hansı münasibətdə olmasını öyrənəcəksiniz. Yunq bu əsərində mənliyi tapmaq üçün kimyagərlik, qnostisizm xəzinəsinə müraciət edilməli olduğunu sübut edir. Kimyagərlik haqqında mənfəətin qızı, kimyanın anası təsəvvürləri bu işlə yıxılır.
Beləliklə, Yunqun "kimyaçılıq" kitablarını oxumazdan əvvəl tələbəsi olmuş Luiza Fon Fransın "Kimyagərlik" kitabını oxumağı tövsiyə edirəm. Bu kitab son dərəcə sadə dillə yazılıb, kimyaçılıq simvolları konkret nümunələrlə izah edilib.
10) Kimyagərlik simvolizmi məsələləri sizdə çox maraq oyadıbsa, Yunqun bu mövzuda digər qısa kitablarını da oxuya bilərsiniz: "Merkurinin ruhu" və "Parasels". Vacib olan budur ki, kitabları oxuyarkən, kimyaçılğın hansısa keçmiş, arxaikləşmiş yalançı elm olduğunu deyil, psixoloji dinamikanın canlı, ən təmiz əks olunması kimi başa düşmək lazımdır.
11) "Psixologiya və din". Karl Yunqun ən əhəmiyyətli əsərlərindəndir. Bu əsərində Yunq inqilabi ideyaları üçün zəmin hazırlayır.
12) "Üçlük haqqında mifin psixoloji izahı cəhdi". "Budur, üç nəfər, bəs dördüncü hardadır?", Platonun qədim sualını təkrarlayaraq Höte "Faust" da soruşur. Misirdən xristianlığa qədər üçlük arxetipi. Üçlük və dördlük, dördüncü elementin inteqrasiyası, Allah və İblisin insan qəlbində birləşməsi - Yunqun qoyduğu məsələlər bunlardır.
13) "Kütlədə transformasiya simvolları". Maya sivilizasiyasından katolik kilsəsinə qədər ayin arxitepindən bəhs edir.
14)"Misteriya birləşməsi". Bütün tarix boyu kimyaçılıq simvolizminin ən ətraflı tədqiqatı.
15) "İovaya cavab". Ölümündən bir neçə ay əvvəl Yunq heyrətamiz ifadə işlətdi: "Əgər bütün həyat boyu yazdıqlarımı yenidən yazmaq imkanım olsaydı, bunu edərdim, təkcə "İovaya cavab"ı dəyişməzdim". Bu kitab Yunq metafizikasının zirvəsidir. Yunq insan mövcudluğunun mənası haqqında suala çox sərt, qeyri-standart cavab verməyə risk edir.
"İovaya cavab" kitabındakı ideyaları daha ətraflı Edvarq Edinqerin "Şüurun yaranması" kitabından öyrənə bilərsiniz.
Yunqun digər köməkçi və xüsusi işləri:
1) Yunqun erkən (Freyddən ayrılmadan qabaq) şizofreniya tədqiqatı
2) "Yoqa və Qərb" bu məqalələr toplusu özündə Şərq fəlsəfəsinin cazibədarlığını hiss edən oxuculara maraqlı olacaq. Yunq Qərb adamının Şərq təcrübəsini mənimsəməsini rəsmi inkar etsə də, Şərq hər zaman öz sirriylə onu cəlb edib. Yoqa və Qərb, ölülərin Tibet kitabına şərh, hind müqəddəsi haqqında, şərq meditasiyası psixologiyası, "qızılgül sirri"nə şərh...
3) "Psixoterapiya" toplusunda "Psixoterapiyanın məqsədləri", "Psixoterapiya haqqında bəzi prinsipial fikirlər", "Psixoterapiyanın əsas məsələləri" adlı məqalələr var.
4) "Psixologiya və incəsənət" kitabı Yunqun bədii yaradıcılığın dərk edilməsinə həsr olunmuş əhəmiyyətli işlərinin yekunudur. Arxetip incəsənət əsərlərində necə yaranır? İncəsənət əsərlərini hansı kateqoriyalara bölmək olar? Dahi Pikasso və Coysun təbiəti necədir?
5) "Şüursuzluq məsələlərinə dair" məqalələr toplusunda Yunqun yuxu nəzəriyyəsini mənimsəmək, şüursuzluq nəzəriyyəsi haqqında bəzi dəqiqləşdirmələrini öyrənmək mümkündür. Yuxular haqqında hansı yanaşmalar var, yuxu şüurlu ağıla necə təsir edir, bunlar toplunun əsas ideyalarıdır. "Yuxuların mənası", "təhtəlşüurda keçmiş və gələcək", "yuxuların funskiyası", "yuxuların təhlili", "tiplərin problemi", "yuxu simvolizmində arxetiplər", "insanın ruhu", "simvolların mənası", "bölünmənin müalicəsi", "yuxu təhlillərinin praktikada istifadəsi", "psixoterapiya və dünyagörüşü", "əqli və psixi pozuqluq".
6) "Transsendent funksiya" məqalələr toplusu Yunqçuluq dünyagörüşünü daha da genişləndirir. "Transsendent funksiya" ziddiyyətlərin birləşməsini, "Kəşf olunmamış mənlik" individuasiya fenomenini, "Votan" və "Kölgə ilə mübarizə" narsizm fenomenini kollektiv şüursuzluq dinamikası baxımından təsvir edir.
Tərcümə: Ceylan MUMOĞLU