Bir çoxlarının nitqində rast gəlinən problem - Kəkələmə nədir?

Kəkələmək, insanın damaq səsləri ilə başlayan sözləri və hecaları təkrarlanmasına, uzatmasına və ya kəsilməsinə verilən təsvirdir. Əsasən evin kiçik uşaqlarında rast gəlinir. Ən çox 2-7 yaş arasında yaranır. Ortalama yaşı isə 5 yaşdır. Ən çox isə oğlan uşaqlarında rast gəlinir.

Kəkələmənin tam yaranma səbəbi məlum deyil. Bəzi araşdırmalar genin və ya stressin buna yol açdığını bildirib. Kəkələmə nitq aparatı əzələsinin qıc olmasıdır.

Kəkələyən insanlar, daim açıq havada gəzməli və çoxlu vanna qəbul etməlidirlər. Kəkələyən uşaqlarla iş uzunmüddətli olur.

Kəkələmənin növləri:

1. Klonik

2. Tonik

3. Qarışıq

Kəkələmənin ən yüngül forması klonikdir. Məsələn, uşaq kitab sözünü demək istəyir. Bu zaman həmin sözü belə tələffüz edir: ki...ki...kitab.

Kəkələmənin ağır forması isə tonikdir. Tonik kəkələməni aradan qaldırmaq üçün mütləq klonik kəkələmənin tədricən azaldılmasına çalışılmalıdır. Bu zaman yüngülləşmə əmələ gələ bilər.

Qarışıq kəkələmə ən ağır forma sayılır. Burada 2 eyni tonik-klonik, həm də klonik-tonik növlərinin qarışığı ola bilər. Kəkələməni xüsusiyyətlərinə görə belə qruplaşdırmaq olar:

Damaq, nəfəs, qırtlaq, düşüncə kəkələməsi.

Məsələn, uşaqda düşüncə kəkələməsi zamanı qəribə hal yaşanır. Belə ki, uşaq ailəsinin yanında olduqca çox kəkələyir. Kənar şəxslərin yanında isə kəkələmə az olur. Yəni, bu artıq düşüncənin kəkələməni idarə etməsi deməkdir.

Nəfəs kəkələməsində sanki uşaq boğulur, nəfəsini düzgün istifadə edə bilmir və kəkələyir.

Dodaq kəkələməsi zamanı isə uşaq m,p,v,b samit səslərini tələffüz edərkən daha çox kəkələyir.

Əgər uşağınız kəkələyirsə, müalicə və məşğələlər ilə sağalmağa doğru gedirsə onun üstünə anidən qışqırmaq, hədə-qorxu gəlmək olmaz. Çünki yenidən kəkələmə yarana bilər.

Defektoloq Gülnarə Səfərəliyeva