Korrupsiya ilə bağlı “Qaynar xətt”ə 1970 müraciət daxil olub

"Bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 3874 vətəndaşın müraciətinə baxıb".

Psixoloq.az modern.az-a istinadənxəbər verir ki, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin I yarımili ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, hesabat dövründə 126 cinayət xarakterli material araşdırılıb:

“Materialların 82-si üzrə cinayət işi başlanıb, 44 material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Bundan başqa, hesabat dövründə “161-Qaynar xətt” əlaqə mərkəzinə 1970 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Əlaqəli dövlət qurumları ilə birgə görülüb tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib".

Kamran Əliyev deyib ki, korrupsiya cinayəti işləri üzrə 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

O bildirib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5% ödənilməsi təmin edilib:

"Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb".