Küçələri texnika təmizləyəcək: Bəs süpürgəçilər?

Xəbər verildiyi kimi, magistral yolarda, prospektlərdə zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. 

Bu, Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.

Artıq şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şirkətinin istehsalı olan 10-a yaxın texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib.

Prosesin avtomatlaşdırılması süpürgəçilərin təhlükəsizliyi baxımından müsbət olsa da, əl əməyinin sıradan çıxması deməkdir. Bu sahədə işləyənlərin taleyinin necə olacağını öyrənmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumun tikinti üzrə şöbə müdiri Mehman Abbasov Oxu.Az-ın müvafiq sualına cavabında bildirdi ki, istənilən halda iş prosesində əl əməyi qalacaq:

“Texnikalar, əsasən, küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə fəaliyyət göstərəcək. Digər ərazilərdə təmizlik işlərinin aparılmasında insan əməyindən istifadə ediləcək. Əl əməyi istənilən halda lazımdır, texnika hər yerdə cəlb oluna bilmir”. 

Qeyd edək ki, “küçə təmizləyən” texnikaların gücü qiymətindən asılı olaraq dəyişir. Nəzərə alsaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Almaniyanın MAN şırkətinin texnikalarını alıb. Bir texnikanın 1000 süpürgəçi əməyini əvəzləməyə qadir olduğu irəli sürülür.