- Ana, mənə gəlincik al…
5-6 yaşlarında bir oğlan uşağı deyirdi bu sözləri. Ana isə oğlunun bu “kiçik” istəyini tez yerinə yetirib, onu sevindirməyə tələsirdi...
Bu hadisəyə bir oyuncaq mağazasında şahid oldum və marağımı boğa bilməyib, həmin valideyndən oğluna nə üçün maşın deyil, gəlincik aldığını soruşdum. O isə “kukla da oyuncaqdı. Oğlum onunla oynamaq istəyirsə, burada qəribə nə var ki?”, - deyə gülərək uzaqlaşdı…
Uşağın oğlan, yoxsa qız olmasını təyin etmək olmur...
İctimaiyyət arasında bu kimi hallara vaxtaşırı rast gəlirik. Müşahidə edirsən ki, bəzi valideynlər azyaşlı oğlan uşaqları ilə qəribə rəftar edir, onun saçlarını qız kimi uzadır, elə geyindirirlər ki, həmin uşağın oğlan olduğunu qəti şəkildə müəyyən etmək mümkün olmur. Elə ailələr var ki, oğlan övladı yox, qız istəyirlər. Əgər arzularının əksinə, oğlan övladları doğulursa, onunla qız kimi rəftar edir, saçlarını uzadır, qız kimi geyindirirlər. Bəzi valideynlər üçün isə bu kimi davranışlar tamamilə əyləncə xarakteri daşıyır. Yəni bunu zarafat xatirinə edirlər və uşaqları ilə əylənirlər.
Belə hallar isə ictimaiyyət arasında birmənalı qarşılanmır. Maraqlıdır ki, fikrini dinlədiyimiz yaşlı insanlar məsələyə tamamilə mənfi, nisbətən gənc yaşda olanlar isə bir az loyal yanaşır, bu cür davranışların uşaqların psixologiyasına heç bir mənfi təsiri olmayacağını düşünürlər. Birinci qrupun fikrincə, ailədə oğlan uşaqlarının təlim-tərbiyəsinə ciddi diqqət yetirilməlidir. Hələ bir də müharibə şəraitində olan bir ölkədə yaşayırıqsa, oğlan uşaqlarımıza qız kimi bəzənmək deyil, kişi kimi vuruşmağı öyrənmək yaraşır. Düşünür ki, bu, ananın əyləncəsidir
Mövzu ilə bağlı danışan psixoloq Vəfa Əkbər ailələrimizdə rast gəlinən bu cür davranışların psixoloji məqamlarına aydınlıq gətirdi. Bildirdi ki, uşaqların tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki hər bir şeyin təməli, məhz uşaqlıqdan qoyulur: “Ümumiyyətlə, bütün valideynləri bu sual narahat edir - biz övladımıza necə yanaşaq ki, gələcəkdə cinsiyyət seçimi qarşısında qalmasın və sağlam bir həyat sürsün? Məsələ burasındadır ki, oyuncaq seçimi və ya uşağın rəng seçimi onun daha sosial, daha sevincli böyüməsinə sadəcə təkan verir. Hansı oyuncaqla oynaması isə onun gələcəkdə peşəsinə, fəaliyyətinə təsir göstərə bilər. Bəzən valideynlər çox narahat olur ki, oğlanlar anasının kosmetik əşyalarından istifadə etməyə meyl edirlər. Tutaq ki, evdə balaca qız uşağı varsa, onun gəlinciyindən, yoxdursa, getdikləri mağazalarda gəlinciklə oynamağa meyl edir. Əslində uşaq başa düşmür ki, kosmetik vasitələr, gəlincik nə üçündür. Düşünür ki, bu, ananın əyləncəsidir, ananın oyuncağıdır. Bu zaman uşağı sadəcə başa salmaq lazımdır. Qadağa qoymaq lazım deyil. Nəyisə başa saldıqda isə demək lazımdır ki, bu, bəzək əşyasıdır, bundan qadınlar istifadə edir. Kişilər isə saat, qalstuk aksessuarlar taxır. Deyir ki, sən də böyüyəndə atan kimi bu aksessuarlardan istifadə edəcəksən”.