“Oğlum lotudur” deyib şəkil paylaşdı – Rəsmilər hərəkətə keçdi/FOTO

Son günlərdə sosial şəbəkədə paylaşılan şəkil qınaq obyektinə çevrilib.

Psixoloq.az xəbər verir ki, atanın azyaşlı körpəsinin ağzına yandırılmış siqaret qoyaraq şəklini çəkib paylaşması böyük narazılıqlara səbəb olub. Məsələyə rəsmilər də tənqidi yanaşıblar.

Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacaq Rentiqrasiya mərkəzinin koordinatoru Vasif Akifli məsələ ilə bağlı mediaya səslənərək ictimai qınaq tələb edib.

Psixoloq.az-a açıqlama verən Akifli belə valideynin məsuliyyətə cəlb edilməsinin vacibliyini qeyd edib:

“Mənə əsas qəribə gələn bu oldu ki atanın səhifəsində bir şəxsin bu şəkilə bildirdiyi “bu yaşda uşağı nə üçün zərərli vərdişlərin aludəçisinə çevirirsiniz?” tənqidi rəyinə qarşılıq, ata da  “yaxşı edirəm lotudur” deyə cavab yazıb. Birincisi “lotu” anlayışı qanunda yoxdur. İkincisi uşaq “lotu” ola bilməz. Mənim rəhbərlik etdiyim sığınacaqda  reabilitasiyaya cəlb olunan uşaqların 100-də 90-nı zorakılıq görmüş uşaqlardır. Aldıqları travmalar ailələri tərəfindən baş verir. Bir zamanlar bu tendensiya tamam fərqli idi. Uşaqlarda onlara qarşı olunan zorakılıq, döyülmə, diləndirmək faktı  ögeylər tərəfindən qeydə alınırdı. Çox təəssüf edirəm ki, son illərdə  bu doğmalara çevrilib. Doğma dayı tərəfindən zorlanan uşaqlar, doğma ata tərəfindən diləndirilən, cinsi istismara  məruz qalan uşaqlar və s. Hər şeyin təməli xırdadan başlayır. Kiçik qığılcım oda çevrilir”.

Vasif bəy belə atanın ilk olaraq cəmiyyət üçün təhlükəli olduğunu bildirib.

“Digər valideyn və uşaqlara mənfi nümunədir. Qarşısını cəmiyyət olaraq almalıyıq.

Belə uşaqlar gələcəyin potensial narkomanıdır.

Başımıza nə gəlirsə cahillikdən, təhsilsizlikdən gəlir. Bu ata bəlkə də 9 illik təhsili belə bitirməyib.

Bir çox insanlar şüursuz şəkildə dünyaya uşaq gətirir. Valideyn olmağı dərk etmir”,-deyə Akifli vurğulayıb.

Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoterapevt Süleyman Məmməd-zadənin sözlərinə görə, atanın bunu hansı məqsədlə etməyindən asılı olmayaraq uşaq üçün çox mənfi örnəkdir:

“Uşağın yadında qala bilər ki atam mənə belə edirdi. Daha sonra qadağa olunsa belə  azyaşlı ona tərəf istiqamətlənəcək. Çünki siqaret qadağan olunsa da görəcək ki atası çəkir və belə bir iş olub. O, bunun tam əksini edəcək. Əksər oğlan uşağı atasına bənzəmək istəyir. Atanın isə belə etməyi onun yadında qalacaq”.

“Bu hərəkətin zərərli olduğunu ataya necə anlatmaq olar?” sualını isə Süleyman bəy bu cür cavablandırıb:

“Bu tip insanlara bunun zərərli olduğunu anlatmağa dəyərmi? İlk olaraq belə sual verək ki, həmin insan anlamaq istəyirmi? Və ya özü bunu istəmirsə bunun necə müsbət nəticəsi ola bilər ki? Hər siqaret çəkən belə siqaretin zərərli olduğunu bilir. Bunu dərk edə-edə siqareti uşağın ağzına qoyubsa, bu ataya necə anlatmaq olar? Ona nəisə izah etmək nə qədər alınar deyə bilmirəm. Belə şəxslər barədə qanun çərçivəsində tədbirlər görülməlidir ki, digərlərinə örnək olsun ”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin, uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev, valideynin bu barədə məsuliyyət daşıdığını nəzərə çatdırıb:

“Uşağın təlim-tərbiyəsinə diqqətlə yanaşmayan valideynlərə ilk olaraq xəbərdarlıq edilir, daha sonra cərimələnə də bilər. Bu proseslər, rayon üzrə icra hakimiyyəti tərəfindən həyata keçirilir. İcra hakimiyyəti nəzdində, azyaşlıların işləri üzrə komissiya fəaliyyət göstərir. Həmin şəxs hansı rayonda yaşayırsa həmin bölgənin icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyası, valideynin hərəkətinə nəzarət edərək gərəkli zamanda müvafiq cərimə sanksiyası da tətbiq edə bilər. Bu hərəkətlər mütəmadi olaraq davam edilərsə həmin uşağın atası atalıqdan məhrum edilə də bilər. Əgər ailədə həmin uşağın qalması təhlükəlidirsə yaxın adamın qəyyumluğuna verilə bilər. Ən pis halda dövlət himayəsinə götürülər.  Düzdür Azərbaycanda bu problem bu dərəcəyədək ciddiləşməyib amma gərək duyularsa tətbiq oluna bilər. Bu işlə psixoloqlar da məşğul olur.

Şəxsin hansı rayondan olduğunu bilmək üçün hüquq mühafizə orqanlarına müraciət edilməli və şəxsin yaşadığı yer tapılmalıdır. Bundan sonra isə Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi gərəkli İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq iş barədə lazımi təbirləri görə bilər.

Mövzunu diqqətdə saxlayacağıq.

Şəhanə Quliyeva

d01c790067be6f1f45432164dcb47e9b.jpg