Bataqlıq gördəvəri
Comarum palustre
Bataqlıq moruğu, bataqlıq qızılgülü, at sarımsağı, dekop, bataqlıq çiyələyi, dovşanqulağı və s. Bunlar hamısı bir bitkinin – gördəvərin müxtəlif adlarıdır. Bu bitkinin başqa bir adı da var – rus jenşeni. Jenşen kimi bir çox xəstəliklərin müalicəsində tətbiq edildiyinə görə gördəvərə belə ad verilmişdir. Gördəvər dərman bitkisi kimi qədim zamanlardan məlumdur. Hətta onun müalicəvi xüsusiyyətləri haqqında XVII əsr yazılı mənbələrində də məlumat mövcuddur. Laplandlar şaxtalı qütb gecələrində öz güclərini yenidən bərpa etmək üçün gördəvər çayı içirdilər. Çünki bu bitki biostimulyatorlara aiddir. Bəzi mənbələrə görə hətta I Pyotr onun köklərindən hazırlanmış məlhəmdən müalicə məqsədilə istifadə etmişdir.
Botaniki təsviri. Bataqlıq gördəvəri çoxillik yarımkol bitkisi olub rütubətli yerlərdə bitir. Rosaceae – qızılgülçiçəklilər fəsiləsinə daxildir. Kökləri uzun, sürünən və oduncaqlıdır. Həm də kök sistemi həddən artıq güclü olduğuna görə qışlaya bilir. Gövdəsi 1 metr hündürlüyə qədər qalxır. Yarpaqları tək lələkvaridir, kənarları dişlidir. Çiçəkləri qırmızı rənglidir.
Kimyəvi tərkibi. Bitkinin tərkibində flavonoidlər, efir yağları, keratin, üzvi və fenolkarbon turşuları, vitamin C və s. mövcuddur.
Yayılması. Bu bitkini boş yerə bataqlıq gördəvəri adlandırmırlar, çünki o, əsasən bataqlıq, rütubət olan yerlərdə, gölətrafı meşələrdə bitir. Ona Rusiyanın bütün tundra ərazisində rast gəlmək olar.
Yığılması. Gördəvərin yerüstü hissəsini bitki çiçəkləyən zaman, yəni yay fəslinin ortalarında toplayırlar. Bu zaman bitkinin tərkibindəki şirələr kökü vasitəsilə qalxaraq onun yerüstü hissəsində toplanır. Lakin onun kökləri bitki çiçəkləyənə qədər yıöılmalarıdır, yəni payızda və may ayında. Bu zaman kök sistemi onun yerüstü hissəsini qidalandırmır. Bir nüansı da qeyd edək ki, kökləri ay batan zaman toplamaq lazımdır.
Tibdə tətbiqi. Gördəvər bir çox xəstəliklərin müalicəsində istifadə edilir: artroz, artrit, allergiya, revmatizm, tromboflebit, osteoxondroz, ishal, qrip, qaraciyər xəstəlikləri və s. Hətta bəzi hallarda gördəvər bitkisi onkoloji xəstəliklərin gedişini yüngülləşdirə də bilər.
Reseptlər. Gördəvərdən preparatlar yay aylarının ortasında hazırlanır. Çünki bu zaman onun gövdə və yarpaqlarında daha çox şirə toplanır.
Diqqət! Dərman preparatı hazırlayarkən gördəvərin kökündən deyil, kökümsovundan istifadə edilir.
- Spirtli çıxarışın hazırlanması. Gördəvərin xırdalanmış kökümsovları 1 litrlik bankanın 1/3-ə qədər doldurulur. Bundan sonra onun üzərinə 0,5 litr araq əlavə edilib qaranlıq sərin yerdə 3 həftə saxlanır. Alınmış çıxarışdan 1 xörək qaşığı götürülüb suda həll edilir və 3 həftə müddətinə daxilə qəbul edilir. Əgər xəstəlik kəskin formada olarsa, onda çıxarışı suda həll etməyə ehtiyac yoxdur. Oynaq ağrıları zamanı spirtli çıxarış ağrı nahiyələrinə yaxılır.
- Gördəvərin kökləri 1 sm ölçüsündə doğranaraq 1 litrlik bankanın 1/3-ə qədər doldurulur. Bundan sonra bunun üzərinə 0,5 l 40%-li spirt əlavə edilib ağzı polietilen qapaqla kip bağlanır. 21 gün qaranlıq yerdə saxlanır. Sonra süzülüb 1 xörək qaşığı cövhər 50 ml su ilə qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 20 gün müddətinə daxilə qəbul edilir.
- Mədə üçün dəmləmənin hazırlanması. 1 xörək qaşığı qurudulmuş gördəvər bitkisinin üzərinə 1 stəkan qaynar su əlavə edilib termosda dəmlənir. Alınmış dəmləmə gündə 3-4 dəfə yeməkdən əvvəl 1/3 stəkan içilir.
- Gördəvərdən məlhəmin hazırlanması. 1 tubik lanolin məlhəmi (qədimdə bunun yerinə qaz piyindən istifadə edilirdi), 1 xörək qaşığı gördəvər cövhəri, 1 çay qaşığı qırmızı bibər cövhəri, 3 damcı vitamin E və 1 xörək qaşığı bal farfor və ya şüşə qabda qarışdırılır. Alınmış məlhəmlə ağrı olan nahiyələr masaj edilir. Məlhəm soyuducuda saxlanmalıdır. Məhz I Pyotr bu məlhəmdən ümumi halsızlıq, gecə assambleyalarından sonrakı baş, əzələ və oynaq ağrıları zamanı istifadə edərmiş.
- Təzə yığılmış gördəvər irinli yaraların üzərinə qoyulduqda irinin sorulmasını sürətləndirir.
- Gördəvərin ən güclü preparatı ondan hazırlanan spirtli çıxarışdır. Bu mədə xərçəngi və leykozdan başqa bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Spirtli çıxarışın xaricə istifadəsi çox vaxt diş ağrıları və diş əti yumşalmaları zamanı tətbiq edilir.
Əks göstərişləri. Hamilə və südverən qadınlara, o cümlədən körpə uşaqlara bu bitkidən istifadə etmək məsləhət görülmür.
Müəllif: Fitoterapevt Elnur Rəhimov