Psixoloq: "Seksual xarakterli mesajlar yazmaq cinsi zəiflikdən qaynaqlanır"

Ötən gün sosial şəbəkələrdə şirkət rəhbərinin işə düzəlmək üçün müraciət edən xanıma qarşı seksual xarakterli mesajlar yazması müzakirəyə səbəb olub. Cəmiyyətdə şirkət rəhbərinin bu davranışı birmənalı qarşılanmayıb. 
Son zamanlar yaşlı kişilərin bu cür hərəkət etməsi barədə xəbərlər yayılır. 
Bu cür davranışlar nədən qaynaqlanır. Yaşlı kişiləri buna nə vadar edir? Bunun qanunvericilikdə hər hansı cəzası varmı? Məsələ barədə peşəkarların mövqeyini soruşduq.
Psixoloq Vəfa Rəşidova oxu.az-a açıqlamasında bildirib ki, hər bir insan seksual xarakterli hərəkətlər etməyə meyilli olur:
“İnsanlar bu meylini açıq şəkildə büruzə vermirsə, deməli, o, cəmiyyətdəki statusunu qorumaq üçün müəyyən bir formada özünü korreksiya edir. Təəssüf ki, hər adam bu cür addım ata bilmir. Seksual xarakterli hərəkət edən insan travmalı olur.
Orta yaşlı şəxsin bu addımı atması onun psixoloji problemlərinin olmasından xəbər verir. Çünki o, yeniyetmə oğlan kimi davranır. Bu, onun emosional yaşının aşağı olmasından xəbər verir.
Yəni 40-65 yaş arası adam bunu edirsə, 13-14 yaşlı yeniyetmə davranışı sərgiləyir. Əxlaqsızlıqdan əvvəl, psixoloji problemləri var və kifayət qədər sevgi görmür”.
Psixoloq bildirib ki, bu cür davranan adamın güvənsizlik problemi də var:
“Bütün psixoloji problemlərin kökündə güvənsizlik dayanır. Belə insanların düşüncəsində qadın zəif obrazdır. Öz aləmində, özünü qəhrəman kimi hiss etməyə çalışır. Bu yaşda bu cür hərəkət edən insanlar cinsi zəiflik yaşayırlar. Onlar monitor arxasında bir qadına qarşı bu cür hərəkət edən zaman özünü tamamlanmış hiss edir. Biz onunla söhbət etsək, o anlayacaq ki, ciddi problemləri var”.
Vəfa Rəşidova qeyd edib ki, xanımlar iş üçün müraciət edən zaman şirkətləri araşdırmalıdır:
“Cəmiyyətdə psixoloji pozğunluğu olan insanlar çoxdur. Diqqətli olmaq lazımdır. Ciddi bir şirkət rəhbəri işçisi ilə yazışmaz. İşə qəbul olmaq istəyən xanımın mesajla özü haqda məlumat verməsi, yazışması yanlışdır. Çünki o zaman burada ciddilikdən söhbət gedə bilməz”.
Vəkil Xəyal Bəşirov isə bildirib ki, qanunvericiliyin tələblərinə görə, bir şəxs kiməsə münasibət təklif edir və həmin şəxs buna etiraz edirsə, burada cinayət məsuliyyətindən söhbət getmir:
“Yetkinlik yaşına çatan şəxsə münasibət təklif olunub. O da qəbul etmirsə, cinayət işi açılmır. Burada, sadəcə, əxlaq normalarına zidd hərəkətlər var. Qanunvericiliyə görə, seksual xarakterli hərəkətlərə məcbur etmə, əmlakın məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əgər dediyiniz məsələdə məcburetmə olsaydı, yəni əlaqədə olmağa məcburetmə olsaydı, bu maddə olacaqdı”.
Vəkil qeyd edib ki, xanım işə götürüləndən sonra ona qarşı sekual xarakterli hərəkətlər edilibsə, bu zaman cinayət işi açıla bilər:
“Qadın məhkəməyə müraciət edə, məhkəmə bununla bağlı qərar verə bilər.  Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.