Oldos Haksli deyir ki, ədəbiyyat insanın entuziazmını, başa düşülməyəni anladan, sözlərə daha öncə verilməmiş anlamlar yükləyərək danışmaqdır.
Yəqin buna görədir insanın sözə, sözün sehrinə, kitablara olan sevgisi. Bəzən kitablar demədiklərimizin, deməyə cəsarət etmədiklərimizin carçısıdır. Bəzən də kitablar sükutdur, susduqlarımızdır. Yəqin elə buna görə də Ceylan Mumoğlunun “Qurbağa öpüşü” kitabını sevərək oxudum. Kitabda yer alan 12 hekayədə bir az mən, bir az sən, bir az da o var: məişət problemlərimiz, qarşılaşdığımız çətinliklər, mənəvi böhranlar, hətta psixoloji problemlər. Əvvəlcə bunu da qeyd edim ki, yazarın qələmilə “Aydınlanma səyahəti” kitabıyla tanış olmuşam. Fərdi inkişaf mövzusunda məsləhət görüləsi kitabdır. “Qurbağa öpüşü” isə yazarın ilk bədii təcrübəsi hesab olunur. Təcrübə deyirəm, çünki əminəm ki, bu hekayələr daha sanballı əsərlərin müjdəçisidir.
Hekayələr axıcıdır, oxucunu yormur, mövzular diqqətlə seçilib. 12 hekayədən 3-ü tam rəğbətimi qazandı: “Qurbağa öpüşü”, “Qiyamət” və “Quyu”.
“Qurbağa öpüşü” - hekayə kənd həyatından sıxılmış, rahatlıq arzusu ilə meqapolisin kənardan rəngarəng görünən həyatına üz tutan gəncin şəhərdə təşviş pozuntusu obsessiv-kompulsiv pozuntuya düçar olmasından bəhs edir. Bu pozuntu zamanı təşviş yaradan sayrışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sayrışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. Bu problemdən əziyyət çəkənləri loru dildə “təmizlik xəstəliyi” olaraq da adlandırırlar, lakin bu məsələnin tam görünüşü deyil.
Ceylan Mumoğlu o yazarlardandır ki, daim axtarışda olduğunu, yeni nələrsə öyrənməyə can atdığını həm sosial şəbəkə paylaşımlarında, həm resenziyalarında, həm də araşdırma məqalələrində görürük. Adi oxucu “Qurbağa öpüşü”ndə sadəcə psixoloji problem yaşayan şəxsin sıxıntılarını görürsə, psixoloq və ya psixiatriya sahəsi üzrə təhsili olan oxucu problemin dərinliyinə bələd olan, simptomların elmi dərinliyini anlayan, bunu bədii sözlə mükəmməl ifadə edən yazarı görür. Yazıçı hekayənin qəhrəmanının yaşantısı fonunda obsessiv-kompulsiv pozuntunun əlamətlərini, şəxsə yaşatdığı sıxıntıları ustalıqla bədii dildə əks etdirməyi bacarıb. “Üstümə nəsə sıçradı, deyəsən, axşam mütləq yuyunacam. Kanalizasiya boruları ümumi bina xəttində birləşir, başqalarının ifrazatlarının ora axma ehtimalı böyükdür. Axşam dəqiq yuyunacam! Yox, yox, axşama qədər dözə bilmərəm, elə bu dəqiqə yuyunuram!” (Səh.12) “Getmək problem deyildi, maşınla yola çıxacaqdı. Ancaq orda… Orda nə edəcəkdi, yağış, palçıq, yaxud heyvan kəsilməsini görsəydi...Düşündükcə dəli olurdu…” (səh. 13)
Obsessiv-kompulsiv pozuntusu olanlar məlumatlı xəstələrdir, problemin fərqindədirlər, hətta bu haqda psixoloq və psixiatrdan az bilmirlər. Lakin sayrışan düşüncələr və kompulsiyalar onları rahat buraxmır. Diqqətimi çəkən məqamlardan biri də hekayənin qəhrəmanının ölümündən sonrası üçün ən böyük arzusu oldu: “Məndən sonra şəlalə altında yuyunan heykəlimi yaratmağa söz versələr, təsəllim olar”. (səh. 11)
Və yazar doğru bir şəkildə qəhrəmanını qorxuları, təşvişləri ilə qarşılaşdırır (məruzburaxma terapiyasında olduğu kimi): maşın qəzası keçirən gənc düşüncə səviyyəsində belə üzləşməkdən diksindiyi çamurluqda, qurbağa ilə qarşılaşır. Və ədəbi nümunələrdən tanış olduğumuz mənzərə, amma fərqli formatda; bu dəfə qurbağa şahzadəyə çevrilməyəcək, bu dəfə həyat adlı krallığın şahzadəsi bütün sıxıntıların ümumiləşmiş obrazı olan qurbağanı öpməklə axtardığı həqiqi rahatlığı tapır.
“Qiyamət” - hekayəyə iki baxış bucağından baxmaq olar: turistlərin meşəyə (təbiətə) vurduğu ziyana görə təbiət insanları kimsənin nə baş verdiyini anlamadığı, Qiyamət gününü xatırladan dəhşətli formada cəzalandırır. Məncə, bu daha sadə baxış idi. İlk oxuda hadisələri obrazlı qəbul etdim, uşaqların meşəni oyun, əyləncə üçün yandırması həyatımız boyu uşaqcasına, məsuliyyətsiz şəkildə, nəticəsini düşünmədən etdiyimiz səhvlər, yanlışların obrazlaşmış forması idi. Bu səhvlər səbəb olur ki, böyük və ilahi cəza olaraq qəbul etdiyimiz əzablara düçar oluruq. Necə ki, hekayədə bunu insanlar Allahın cəzası, Qiyamət gününün əlaməti olaraq qəbul edir, Allahın bu bəlanı onlardan uzaqlaşdırmaları üçün namaz qılır, dua edirdilər. “Sonda məlum oldu ki, “Qiyamət günü”nün səbəbi hədsiz yanğın nəticəsində atmosfer qatına yüksəlmiş qara tüstünün yaratdığı (his hissəcikləriylə dolmuş nəhəng buludlardan Günəş şüalarının keçə bilməməsi) nadir rast gəlinən təbiət hadisəsi olub” (səh. 32). Bəli, Günəş heç vaxt öz işığını, istisini (obrazlı olaraq ilahi rəhmət) bizdən əsirgəmir, sadəcə araya bizə məsumca görünən, kiçik saydığımız yanlışlar (his hissəcikləri) daxil olur və "Qiyamət"imiz qopur.
“Quyu” - 1918-ci ildə, cümhuriyyətimizin qurulması ərəfəsində, ermənilərin əlinə keçərək güllələnib quyuya atılan azərbaycanlının hekayəsidir. Hekayədə oxucu 1918-ci ildə başımızın çəkdiyi bəlaları anıb quyudan çıxışla bərabər AXC-nin yaranmasının sevincini yaşayayır.
Yazarın qələmi yüyrək, rəvan, axıcıdır, lakin bəzi məqamlarda sanki oxucuya daha çox məlumat çatdırmağa çalışır, bu da tələskənliyə səbəb olur. Məsələn, “Həvva” hekayəsində Həvva ilə ilanın tanışlığı haqqında danışılmadan artıq Həvvanın ilana aldanmasından bəhs olunur. Hekayə Həvvanın simasında insanın yüksəlişini (Cənnətdən enişlə), bu yüksəlişin də bir sərhəddi olduğunu anlatmağa çalışır. Bu baxımdan dəyərlidir.
12 hekayədən rəğbətimi qazanmayan yeganə hekayə “Ümid”dir. Hekayə dini-didaktik məzmunludur. Sonsuzluqdan əziyyət çəkən Lamiyə bir gün həkiminin ona yalan danışıb ümid verməsi və Qurandan iki ayə söyləyib, bu ayələri başa salması, qadının dinə üz tutub ibadətə başlaması, xoşbəxtliyi tapması, bir müddət sonra müalicə nəticəsində həkimin diaqnozuna rəğmən ana olmasından bəhs edir. Belə möcüzələr yəqin ki, yalnız Azərbaycanda və ya tibbin “mükəmməl” inkişaf etdiyi digər ölkələrdə yanlış qoyulmuş diaqnozlar səbəbindən baş verər. Bəlkə də digər oxucuların rəğbətini qazanıb hekayə, amma didaktik, xüsusən də dini-didaktik əsərləri ciddi qəbul etmirəm.
12 hekayə içində hər oxucunun zövqünə görə hekayə var. Yazarın süjetdən daha çox düşüncələrə, düşündürməyə üstünlük verməsini bəyəndim. Bir sözlə oxumağa dəyər.
Əsərdə diqqətimi çəkən fikirlər:
“Gənclik çağını peşmanlıq duymadan xatırlayan insan xoşbəxt olmalıdır”.
***
“İnsanlara və əşyalara bağlanmayın, hər şey qaydasında olacaq”.
***
“Tale sevgi dolu insanları rastlaşdırır, onlar isə heç bir işə yaramayan “ağıllı” mühakimələri ilə hər şeyi korlayırlar”.
***
“Heç vaxt özündən əmin olma. Elə yaşa ki, başqaları səndən əmin olsun”.
***
“Əgər, bir adam ailəsindən sevgi, diqqət, dəstək görmürsə, həyatda çox şeyi yoxdur deməkdir”.
***
“Hər şeyi hazır verdikdə insanın beyni kiçik qalır. Gərək, özün də böyüməsi üçün nəsə edəsən, onu bəsləyəsən”.
Turan BALAŞZADƏ