"Qadınlar yalansız yaşaya bilməzlər. Bu, onların həyatlarının bir hissəsidir. Onlar hər bir şeydə yalana əl atırlar. Məncə, qadını qadın edən də yalandır. Yalansız, mən qadını təsəvvür etmirəm", - 23 yaşlı responden Kənan Fərəməzov deyir.Əsrlər boyu qadınların yalan danışması iddia olunub. Və hər zaman "qadınlar niyə yalan danışır" sualı gündəmdə olub. Bu sualı respondentlərin qadın nümayəndəsinə yönəldəndə isə cavabı çox təəccüblü oldu."Əslində, biz qadınlar hər zaman kişilərin yalan danışdığını iddia edirik. Lakin özümüz bəlkə də onlardan çox yalana əl atırıq. Məncə, həyatda yalan danışmayan insan yoxdur, hamı yalan danışır. Biz qadınlar isə həddindən artıq qürurlu olduğumuzdan yalan danışırıq. Adətən, digər qadının yanında pis olmayım deyə, yalan danışa bilərəm və yaxud mənə nə isə lazım olanda, həyat yoldaşıma yalan deyə bilərəm. Məncə, bunu bütün qadınlar edirlər", - 32 yaşlı evdar xanım, Mətanət Ələsgərli dedi.Qadınları yalan danışmağa nə vadar edir?Psixoloqların fikrincə, qadınlar daim özlərindən narazı olduqlarından, başqa qadınlarla özlərini müqayisə etdiklərindən yalan danışırlar."Qadınların əksəriyyəti özlərini digər qadınlarla müqayisə edir və özlərini pis hiss etdiklərindən yalana əl atırlar. Ümumiyyətlə, qadınlar yalan danışmağa meyllidirlər. Adətən, qadınlar xəyallarında arzu etdiyi həyatı yaradırlar. Həyatda istədiklərinə nail ola bilmədikdə, onlar görmək istədiklərini yalan olaraq danışırlar. Və bu cür onlar özlərini daha yaxşı hiss edirlər. Adətən, qadınlar çəkiləri haqqında səhv məlumat verirlər. Çünki bu mövzuda onlar çox həssasdırlar. Çəkiləri soruşulduqda, qadınların 68%-i yalan danışır. Hətta sənət üçün soruşulduqda belə, qadınlar çəkilərini səhv deməyə çalışırlar", - psixoloq Dəyanət Rzayev deyir.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə qadınların yalan danışması fikri ilə razılaşmadığını bildirdi: "Yalanı hər kəs danışır. Biz deyə bilmərik ki, ən çox qadınlar yalana əl atırlar. Çünki bu fikir düz deyil. Qadınlar yalan danışdığı kimi, bəylərimiz də yalan danışırlar.Bəlkə də qadınların hər zaman yalan danışması fikri haradasa, düzdür. Çünki qadınlar fiziki cəhətdən bəylərimizdən zəifdirlər. Və çox zaman özlərini qorusunlar deyə yalana əl atırlar. Lakin bu da çox normaldır. Ancaq "kişilərdən çox qadınlar yalan danışır" demək düz olmazdı"."Qadınlar qida ilə bağlı 474 dəfə yalan danışırlar"Britaniyadakı Kembric Universitetinin alimləri tərəfindən aparılan tədqiqat zamanı məlum olub ki, qadınlar qidalanmaları və yeməkləri ilə bağlı orta hesabla, 474 dəfə yalan danışırlar.Bununla bağlı ən çox danışdıqları yalan isə "çox az yeyirəm, uşaqların qabağından qalanları yemək məcburiyyətindəyəm", "sadəcə, bir balaca tikə yedim" və s. Özü də belə yalanlar ilk növbədə qadınların özlərini sakitləşdirir.Bir il ərzində qadın neçə yalan danışır?Araşdırmalara görə, hər bir qadın bir il ərzində 500-ə yaxın yalan danışır. Və bu yalanların əksəriyyəti yedikləri qida ilə bağlıdır. Psixoloqlar müəyyən ediblər ki, əgər onlar yedikləri ilə bağlı yalan danışmasalar, iki dəfə daha çox arıqlaya bilərlər.Türkan Nadirqızı