Avqustun 2-də Lerik Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Heydər Əliyev Fondunun təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirilib.
Psixoloq.az Modern.az-a istinadən xəbər verir ki, qanvermə aksiyasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri, gənclər və rayon sakinləri böyük coşqu ilə könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulublar.
Aksiyada ümumilikdə 880 nəfər rayon vətəndaşı iştirak edib. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılır, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Tibbi personalın yoxlamasından sonra tam sağlam olan 147 nəfər vətəndaşdan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu qeyd ediblər.