Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda satılan qarpızın qiymətinin artmasına münasibət bildirib.
Psixoloq.az xəbər verir ki, qurumun mövqeyini mətbuat xidmətinin rəhbəri Anar Hüseynov açıqlayıb.
Onun sözlərinə görə, son zamanlar sosial mediada qarpızın bahalaşması ciddi müzakirə olunur və nazirliyə bununla bağlı müraciətlər daxil olur: "Nazirlik nəinki qarpızın, ümumiyyətlə heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır. Bizim missiyamız fermerləri hansı məhsulun əkilib-becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, onları aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir.
Qarpızın bahalaşmasına gəldikdə isə buna bir neçə səbəb var. Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşma ənənəvi problemlə bağlıdır - fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmir. Hamımız bilirik ki, hər il hansısa məhsul əvvəlki illə müqayisədə baha və yaxud ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Yaxud, bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Bu prosesdən ən çox əziyyət çəkən təbii ki fermerlər özləridir. Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur. Səbəblər əslində çoxdur – daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s.Bu problemlər məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur".