“Evlənirlər və düşünürlər ki daima romantika olacaq. Ancaq real həyat isə elə olmur”.
Yetkinlik yaşına çatmayan azyaşlıların evləndirilməsi, ərə verilməsi daim qınaq mövzusu olub. Xüsusilə də Azərbaycanın rayon və kəndlərində bu hal daha geniş vüsət alıb. Belə ki, 14-17 yaşındakı qızların düşüncəsi formalaşmadan, fikri soruşulmadan və ya sadəcə birindən xoşu gəldiyi üçün ərə verilir ki bu da çox zaman erkən boşanma ilə nəticələnir.
Mövzu ilə bağlı Psixoloq.az –a açıqlama verən EMDR terapevt, psixoloq Yeganə Özçelebi erkən nikahların müsbət tərəfindən çox mənfi cəhətlərinin olduğunu bildirib:
“Müsbət tərəfi budur ki, gənclərin psixikası daha bərkiməyib. Onlar br-birlərinə daha tez uyğunlaşa bilirlər. Çünki bir-birlərini qəbul etmək daha rahat olur. Yaş artdıqca insan başqa insana adaptasiya dövrü daha çətin keçir. Eyni zamanda da gənclərin psixikası emosional olur. Hanısısa anşılmazlıq olduqda qəlblərini tez qırırlar. Daha yetişkin insanlar isə öncə götür-qoy edir və daha sakit formada müzakirə edirlər”.
Psixoloq gənclərdəki məhəbbət hissinin daha güclü olduğunu diqqətə çatdırıb:
“Belə ki qarşılarına çıxan ilk insanı sevə bilərlər. Erkən yaşlarda adi xoşlanmaq sevgiyə çevrilə bilər. Sevirlər, evlənirlər və düşünürlər ki daima romantika olacaq. Ancaq real həyat isə elə olmur. Artıq problemlər başlayır, məsuliyyət artır. Bunu artıq azyaşlının valideyni düşünməlidir. Bəzən uşaq daha tez dünyaya gəlir və əslində valideynlər buna hazır olmurlar. İnsanların həyatı isə bu zamandan sonra vəzifələrdən ibarət olur”.
Yeganə xanım gənc qız və oğlanların bəzi məqamları dərk etmədən evləndirildiklərini tənqid edib.
“Xanım düşünür ki uşaqlığı bitir və çətin həyat sürməyə başlayır. Eyni cürə də oğlan bəzi məqamları başa düşmür. Məsələn, anası ilə qalanda oğlan çirkli corablarını çıxarıb yatağının altına atırdı. Anası isə səssiz formada götürüb yuyurdu. Xanımı isə artıq deyinməyə başlayır corablarını niyə bura atmısan deyə. Çox zaman oğlan anlamır ki qadını tam olaraq nə istəyir. Psixoloji olaraq gənc olduqları üçün bu həyatı daşımağa hazır olmurlar”.
İdeal evlənmək yaşından da bəhs edən psixoloq qızların 22 yaşdan tez ərə verilməsinin əleyhinə olduğunu vurğulayıb.
“Xanım üçün ideal evlənmək yaşı 22-28, oğlanlarda isə 27-35 yaş dövrüdür. Çünki bu yaşlarda artıq xəyal qurmurlar, həyatı dərk edirlər. Amma gənclər özləri üçün xəyal qururlar və gerçəklərlə qarşılaşdıqda qırıqlıqlar yaşayırlar”,-deyə Özçelebi açıqlayıb.
Şəhanə Quliyeva