“Xosbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanıb sən ona baxıb gülərsən o da sənə”
Həyat bir çox hadisələrlə doludur. Mənfi və ya müsbət... Yaşanılanlar zamanla insana hər şeyi öyrədir.
Psixoloq.az portalının əməkdaşı həyatının bəlkə də ən çətin sınağını vermiş, amma buna baxmayaraq daha da ucalaraq olanları müsbət istiqamətə çevirmiş “Əsa” teatrının aktyoryu İmran Lalayevlə maraqlı müsahibə aparıb. Həmin söhbəti sizə təqdim edirik:
- İlk olaraq profilinizi izlədik. Baş vermiş hadisəni bir də sizdən dinləmək istərdik. Necə baş verdi?
- Hadisə 2013- cü il may ayının 24-ü baş verib. Qulağımda qulaqcıqlarla işə gedirdim körpü var idi, körpünün altından qatar yolunu keçirdim və körpünün dirəklərindən qatarı görmədim və eşitmədim. Qatar məni vuranda özümü atdım, iki ayağım qaldı. Xəstəxanaya apardılar. 8-gün komada olmusam.
- Bir çox insan başına bir iş gəldiyi zaman dünyadan küsür. Sizdə belə bir hal yaşandımı?
- Məndə belə bir hal baş verməyib. Çünki mən buna pozitiv bir düşüncəylə yanaşdım və bu indi də belədir. 21 yaşım vardı və mən bilirdim ki, ayaqlarımı artıq itirmişəm. Özümü buna elə həmin gün hazırladım və qəbullanmağım uzun zaman almadı.
- Bu səbəblərə görə, psixoloqa müraciət etmisiniz?
- Heç zaman psixoloqa müraciət etməmişəm, amma bununla maraqlı bir hal xəstəxanada başıma gəlmişdi. Bir xəstəxanada protezləri düzəltdirmək üçün yatırdım və eyni zamanda kollecə hazırlaşırdım. Demək olar ki otaqdan çıxmırdım. Həkim məni çağırdı ki psixoloqun yanına get, elə də etdim. Psixoloq məndən soruşdu ki, İmran niyə otaqdan çıxmırsan? Sənin kimi burda yatan xəstələr var, hər gün domino oynayır, oturub söhbət edirlər. Səni sıxan nədir? Həkim elə bildi ki, mən depressiyadayam. Cavab olaraq dedim ki, mən gələcəyimi düşünürəm. Kollecə hazırlaşıram. Bütün günü kitab oxuyub, test edirəm. Sizcə domino oynamaqla mən gələcəyimi qura bilərəm? Gülümsədim dedi ki düz edirsən. Bu da həyatımda ilk və son psixoloq yanına geyməyin oldu.
- Başına belə hadisə gələnlərə nə demək istərdiniz? Depressiv hal yaşamamaq üçün nə etməlidirlər?
- Mən demək istəyirəm ki, heç kim həyatından sığortalanmayıb. Sabah bu hər kəsin başına gələ bilər. Əsas odur ki, özünü güclü hiss edəsən, isyankar olmayasan. Fərq etmək çətinliyin nə olur olsun. Mübariz olmaq lazımdır. Xoşbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanıb. Sən ona baxıb gülərsən, o da sənə.
- Teatrda iş fəaliyyətiniz nə zaman və hansı şəkildə başladı?
- Mən Memarlıq inşaat kollecini bitirmişəm və bir gün dostun mənə belə bir teatr var dedi, qoşul. Öncədən tərəddüd etdim, çünki 4 il kollecdə oxumuşdum və düşünürdüm ki, bu sahədə çalışacaq, amma həyatda bəzən insanın yolları ayrılır və mənə də həyat belə bir şans verdi. Mən bunu dəyərləndirdim. Artıq 1 il olar ki, mən “Əsa” teatrında aktyor olaraq çalışıram və bir neçə tamaşalarda oynamışam: “Adamlar və siçanlar” və “Paris partladı tamaşası”. Mən inanıram ki, hər insanın həyatında belə bir şans yaranır, təbii ki bu fərqli ola bilər, əsas odur ki, sən onu görüb düzgün qiymətləndirə biləsən. Hər çətinliyin sonunda bir uğur var və mən uğur qazanmağa davam edəcəm.
- Sizin kimi hadisə yaşayıb sizin kimi olmayıb yəni həyatda uğur qazanmayan insan tanıyırsınızmı?
- Xeyr elə bir insan tanımıram bəlkə də var az öncə də dediyim kimi hər insanın həyatında belə bir şans yaranır, təbii ki bu fərli ola bilər, əsas odur ki, sən onu görüb düzgün qiymətləndirə biləsən.
Mənim üçün fiziki məhdudiyyət yeni bir başlanğıc, yəni bir həyat deməkdir, çünki mən hadisədən sonra tamamilə yeni bir insana çevrilmişəm və bu yaxşılığa doğru olub. Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil. Mənim üçün xoşbəxtlik ayaqlarımın olmamasi ilə bitmir.
Mən bunu hər yerdə deyirəm: "Mən içimdə o xoşbəxtliyi yaradan bir insanam və mən belə düşünürəm ki, həyatda pul, var- dövlət bunlar olsa da insan əgər xoşbəxt ola bilmirsə demək ki, onlar boş şeylərdir. Əgər bir insan öz özlüyündə xoşbəxt ola bilmirsə qarşısındakını və ətrafindakıları heç vaxt xoşbəxt edə bilməz və onlarla normal ünsiyyət qura bilməz, necə deyərlər, yaxşı bir insan axtarmaqdansa yaxşı bir insan ol"..
Müəllif: Şəhanə Quliyeva