Qorxu yaşamın təbii bir hissəsi olub,qəzəb,sevinc və ya məyusluq kimi bir duyğudur. Qorxu insanların görünən və görünməyən təhlükələr qarşısında verdiyi reaksiya şəklidir. Əslində hər qorxu özümüzümüdafiə mexanizmamızı işə salır və təhlükəli durum qarşısında özümüzü qorumağımıza yardım edir. Uşaqların qorxuları yaş dövrlərinə görə fərqlənir. Daha azyaşlı dönəmdə qorxuların səbəbi yüksək səs olduğu halda,uşaqların yaşı artdıqca mücərrəd varlıqlardan qorxmağa başlayırlar.
Uşaqlar nədən qorxar?
2 yaş: Ən çox səslərlə əlaqəli qorxular üstünlük təşkil edir.Xüsusilə qatar,kamaz,şimşək səsi,tozsoranın,hava feninin səsi...Qaranlıq,böyük əşyalardan da qorxu halları bu yaşda görülə bilər.
2,5 yaş: Oyuncağın və ya çarpayının yerinin dəyişdirilməsi,uşaq yuxuya keçdikdən sonra anasının yanından ayrılması,uşağın vərdişlərindən fərqli edilən davranışlar uşağı qorxuda bilər.
3 yaş:Ən çox vizual qorxular;qaranlıq,heyvan,polis,ana və atanın gecə küçəyə çıxması və s.
4 yaş: Səslərlə əlaqəli qorxular; xüsusilə motor gurultusu. Eyni zamanda vəhşi heyvanlar, ananın evdən getməsi,qaranlıqdan qorxma halları da müşahidə edilir.
5 yaş: Çox da qorxulu bir yaş deyil. Daha çox görsəl qorxular görülür. Əlavə olaraq ,yıxılmaq,zədələnməkdən qorxmaq halları da müşahidə edə bilərik.
6 yaş:Ruh,cadı kimi mücərrəd gözlə görünməsi mümkün olmayan varlıqlardan qorxmağa başlayarlar.Və bu qorxular uşaqda çarpayının altında həmin varlıqların gizləndiyi düşüncəsini yaradır.
7 yaş:Qaranlıq,zirzəmi qorxusu...Kölgələri ruh,cadı kimi qavramaq halları görülür.Uşaq oxuduqlarından,televizorda gördüklərindən hədsiz təsirlənib təşviş keçirə bilir.
8-9 yaş:Təşviş və qorxular daha azdır. Daha çox sosial status və kimliyi ilə bağlı narahatlıqlar görə bilərik. Məsələn: bir işi edə bilməmək,məktəbdə uğursuzluq yaşamaq, insanlar içərisində pərt olmaq kimi.
Övladlarımızın qorxuları ilə mübarizə apara bilməsi üçün yollar:
1) Qorxunu rədd etməyin,qəbul edin.
Uşağınızın qorxusu haqqında nə düşünürsünüz düşünün,bu duyğu onlar üçün gerçıkdir və sizin də onları anladığınızı bilmək istəyərlər.Onlara mövzu haqqında danışmaq fürsəti verin,həqiqətən anladığınızı göstərin . Yardım edə bilməyiniz üçün ilkin mərhələ övladınızın qorxusunun olduğunu qəbul etməkdir.
2)Öz qorxularınızı onlara ötürməyin.
Çox ailələrdə görülən davranışlardan biri də uşağın ana,atanı model aldığı üçün onun qorxu və duyğularının təsiri altına düşməkdir.Belə hallarda qorxularınız haqqında onlarla danışın,sizin də insan olduğunuzu və sizin də hamı kimi qorxularınızın ola biləcəyini izah edin.Qorxu ilə necə mübarizə apardığınızı,üstəsindən gəlmək üçün onlara istiqamət verin.
3) Hansısa qorxuya qalib gəldikləri pozitiv xatirələri danışın.
Övladınıza əvvəlcə sınamaqdan qorxduğu, amma sonra etməkdən zövq aldığı situasiyanı xatırlamaq , öz bacarıqları haqqında özgüvənin qalxmasına səbəb olacaqdır.
4) Onları başqaları ilə müqayisə etməkdən uzaq durun.
Müqayisə edilmək uşaqda yetərsizlik duyğusuna səbəb olacaqdır. Eyni zamanda müqayisə olunana qarşı nifrət,qəzəb və kinin yaranması ilə nəticələnəcək.
5)Qorxularına qalib gəlməsi üçün nağıl terapiyasndan-uşaq hekayələrindən istifadə edin.
Xüsusilə övladınızın qorxusu ilə eyni qorxudan əziyyət çəkən personaj və bənzər sujet xətli hekayə seçin.Belə ki. uşaq qorxusuna qalib gələn personajla özünü eyniləşdirir və qorxusuna qalib gəlmək üçün cəsarətlənir.
6)Bir qorxu ilə üzləşmənin necə kiçik addımlarla edilə biləcəyini göstərin.
Kiçik etaplarla qorxunun üzərinə gedərək qalib ola biləcəyini öyrədin.
7) Relaksasiya texnikalarından istifadə edin.
Rahatladıcı musiqi, nəfəs texnikaları uşaqdaki gərginliyi aradan qaldıracaqdır.
8)Tək olmadıqlarını davamlı xatırladın.
Nə olursa olsun,hər zaman onların yanında olacağınızı bildikləri üçün özlərini güvəndə hiss edəcəklər.
Unutmamalı ki, qorxu duyğusunu uşaq fərqində olmadan yaşayır və bu dönəmdə önəmli olan ona göstərilən anlayış,sevgi və qayğıdır.
Psixoloq Aysu Əliyeva