"Qurbanın kəsilməsi uşaqda travmatik iz qoya bilər" - Bəs necə etməli?

Azərbaycanda Qurban bayramı  dövlət səviyyəsində, 27 oktyabr 1992-cil tarixli qanuna əsasən bayram kimi qeyd edilir. Müqəddəs bayram olduğu üçün insanlar daha həssas yanaşırlar.

Psixoloq.az xəbər verir ki, artıq əksər evdə qurbanlıqlar alınıb. Bəzi insanlar isə bayramın məğzini uşaqlarına daha yaxşı aşılamaq üçün qurbanı onların gözü qarşısında kəsməyə üstünlük verirlər. Hətta qoyunun qanından uşağın alnına vuranlar da az deyil.

Bəs qurbanın azyaşlıların gözü önündə kəsilməsi doğrudurmu?

Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən uşaq psixoloqu Nigar Cəbrayılovanın sözlərinə görə, uşaqlarda yaddaşın formalaşma prosesi 2,5-3 yaş ərzində başa çatır və bu zamandan etibarən uşaqlar hər bir şeyi gözəl  yadda saxlayıb həyatı boyu xatırlaya bilirlər:

“2,5 yaşa qədər isə hər şey uşağın şüuraltında toplanır. Uşaq psixikası çox incədir. Diqqətli olmaq lazımdır.

06266914c6d76e618c70edbbcc4a40c0.jpg

Bir psixoloq kimi qurban kəsilən zaman 6 yaşa qədər olan uşaqların bunu izləməsinə xoş baxmıram. Bu prosesi göstərməzdən öncə bu barədə maarifləndirmə işləri aparılsa daha xoş olar. Valideynlər Qurban bayramının necə yaranmasından, keçmişindən bəhs etsələr daha məqsədəuyğun olar. Bundan sonra uşaq hadisənin mahiyyətini dərk edəcək və onun üçün daha maraqlı olacaq. Həmçinin azyaşlı bunu stressiz, psixoloji travmasız keçirə biləcək”.

Psixoloq vurğulayıb ki, qoyunun kəsilməsi, bu hadisəyə şahid olan və məlumatsız uşaqda travmaya səbəb ola bilər.

“Bu hadisə uşaqlarda travmatik iz qoya bilər. Əgər ətin imkansız və ehtiyacı olan ailələrə paylanması izah edilərsə bu proses stressiz keçə bilər”, - deyə Cəbrayılova qeyd edib.

Şəhanə Quliyeva