Rusiyadan gətirilən toyuq ətinə QADAĞA - Xəstəlik yayır

Rusiyanın bəzi regionlarından Azərbaycana heyvan və quş ətinin gətirilməsinə qadağa qoyulub.

Psixoloq.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) və Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.

Məsələ ilə əlaqədar Azərbaycan tərəfi adları çəkilən bölgələrdən ölkəyə diri quş və quşçuluq məhsullarının idxalını müvəqqəti məhdudlaşdırır.

QTA-dan həmçinin onuda bildiriblər ki, Rusiyanın Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyi qeydə alındığı üçün bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə almalıdırlar.