Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) whatsapp mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə yayılan məlumata münasibət bildirib.
AQTA-dan ölkə.aza-a bildirilib ki, yayılan səs yazısında yer alan məlumatlar reallığı əks etdirmir və əsassızdır: "Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.
Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəkdir.
Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik".
Məsələ ilə bağlı məhsullarının adı çəkilən "Azərsun" holdinqin ictimaiyyətlə əlaqələr departamenti də mövqeyini bildirib:
"Son bir neçə gün ərzində ölkə ictimaiyyətində geniş əks səda yaratmış, Azərsun Holdinqin istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı çaşqınlıq yaratmağa yönəlik səs yazısı yayılmaqdadır. İctimaiyyətin narahatlığına səbəb olmuş səs yazısı ilə bağlı mövqeyimizi diqqətinizə çatdırırıq.
Azərsun Holdinqin sahib olduğu ən qiymətli və mühüm dəyər məhsulların keyfiyyəti və istehlakçıların etibarıdır.
Dəyərli istehlakçılarımız, Azərsun Holdinq öz istehlakçılarına öz istehsal müəssisələrində emal və istehsal olunan məhsulları təqdim etməkdədir. Məhz bu səbəbdən də məhsullarımızın keyfiyyətinin qorunması üçün bütün istehsal prosesini, təcrübəli mütəxəssisləriz ciddi və daimi nəzarət altında saxlayırlar. Hər bir istehsal dövrünə aid məhsullarımız xüsusi dəqiqliklə daxili və xarici akkreditasiya olunmuş labaratoriyalarda müxtəlif sınaqlardan keçərək yoxlanılır. Bundan başqa bütün müəssisələrimiz, satış məntəqələrimiz və anbarlarımız ölkədə qida təhlükəsizliyi və sanitar-gigiyenik normaların icrasına nəzarət edən orqanlar tərəfindən mütəmadi şəkildə yoxlanılır və müsbət rəylər alır.
Son günlər ərzində, məhsullarımız haqqında yayılan səs yazısının məqsədi, şirkətimizin məhsulları haqqında heç bir əsası olmayan şaiyələr yaratmaqla istehlakçılarımız arasında çaşqınlıq cəhdidir. Əminliklə bildiririk ki, burada səslənən fikirlər təmamilə əsassızdır və bizə məlum olmayan, lakin ölkədə ərzaq təhlükəsi fikrini yaymaqla müəyyən hədəflər güdən insanların uydurmasıdır. Bu şəxs və ya şəxslərin tezliklə aşkar edilməsi və onların, qida və ərzaq təhlükəsizliyi kimi həssas məsələdən istifadə edərək ajiotaj yaratmaq üçün davranışlarına müvafiq hüquqi qiymət verilməsi üçün tərəfimizdən hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir.
Dəyərli ictmiaiyyət, biz bir daha vurğulamaq istərdik ki, Azərsun Holdinq olaraq biz hər bir istehlakçımızın məhsulumuz haqda istənilən sualını cavablandırmağa və aydınlatmağa hazırıq. Şirkətimizin 120 qaynar xətti bütün irad, təklifləri qəbul edir və bütün müraciətlərin sahiblərinə dolğun və ətraflı cavablar təqdim olunur. Əmin olun ki, Azərsun Holdinq ailəsi öz süfrəsində yemədiyi məhsulu istehlakçılara təklif etməz. Keyfiyyət Azərsun Holdinqin müqəddəs dəyəridir".
Psixoloq.az bu məlumatı psixoloji cəhətdən araşdırıb. Belə ki, psixoloqlara görə, onlar bu tip məlumatlarla insanların diqqətlərini özlərinə daha tez çəkə bilirlər. Belə məzmunlu yayılan məlumatlar ilk deyil və əksər zaman da təsdiqini tapmayıb. Amma belə fikirlər insanların şüur altına təsir göstərir və nə qədər "inanmıram" desələr də bir tərəfdən narahat olurlar. Bu baxımdan bu tip xəbərlər, insanların zəif nöqtələrindən istifadə edərək istədiklərinə nail olmaq məqsədi daşıya bilər.