Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.
Psixoloq.az xəbər verir ki, Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 06-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bəzi şimal və qərb rayonlarında avqustun 04-06-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.
Avqustun 4-ü isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində
Avqustun 04-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək.
Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq.
Azərbaycanın rayonlarında
Avqustun 04-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəsək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Avqustun 04-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.