Sizdə bu xəstəlik varsa...Hansı həkimlər psixotrop dərmanlar yaza bilər?

Son zamanlar psixotrop dərmanların reseptsiz satılması və bəzi həkimlərin resept yazması ilə bağlı bir sıra xəbərlər paylaşılıb.

Bəs bu tip dərmanları hansı sahənin həkimi yaza bilər?

Məsələ ilə bağlı Psixoloq.az-a  açıqlama verən psixiatr Orxan Fərəclinin sözlərinə görə, 25 diaqnoz var ki, bu zaman nəinki psixiatrlar, sahə terapevtləri, psixiatrların olmadığı məqamlarda  nevropotoloqlar da antidepressant dərmanları yaza bilərlər:

“Bu barədə Nazirlər Kabinetinin də qərarı mövcuddur.  Ancaq xəstədə intihar istəyi varsa, şizofreniya və bu tip xəstəliklər varsa bu həkimlərin belə dərman yazmağa ixtiyarı yoxdur. Yəni bu barədə müəyyən məsuliyyətləri var. Belə xəstəliklər zamanı psixiatr müayinəsi və qərarı şərtdir”.

Mütəxəssis, psixotrop dərman növlərinin çox olduğunu, bəzi növlərin isə asıllıq yarada biləcəyini qeyd edib.

“Bu tip dərmanları yazmağa bəzi həkimlərə icazə verilsə də yenə də bu məqamda nəzarət olmalıdır.

Qeyd edim ki, asıllıq yaradan dərmanlar ancaq qısa müddətli verilməlidir. 8 həftədən çox verildikdə asıllıq yaratmaq ehtimalı böyükdür. Antidepressantların təsiri isə 2 həftədən sonra başladığı üçün çox narahat olan xəstələrə qısa müddətli bu növ dərmanlar verilə bilər”,- O. Fərəcli vurğulayıb.

Şəhanə Quliyeva