Hiperkulturemiya və ya Florens sindromu incəsənətin insan üzərində təsiri nəticəsində, xüsusilə incəsənət əsəri gözəl olduqda və ya çoxsaylı incəsənət əsəri bir məkana toplanmış olduqda insanın ürək döyüntülərinin sürətlənməsi, baş gicəllənməsi, ürəkgetməsi, hətta hallüsinasiyalara səbəb ola bilən psixosomatik xəstəlik vəziyyətidir. Bu termin həmçinin digər şəraitlərdəki gözəllik bolluğunu görməyə olan reaksiyanı əks etdirə bilər.
Xəstəlik 19-cu əsrdə yaşamış məşhur fransız yazıçı Stendalın(Henri Mari Beyl) ölümündən sonra belə adlandırılıb. Belə ki, yazar 1817-ci ildə Florensiyaya səyahət edir və fenomenlə qarşılaşır. Bu haqda “Neapol və Florensiya: Milandan Reccoya səyahət” kitabında qeyd edilir. Nikkolo Makiavelli, Mikelancelo Buonarroti və Qalileo Qaliley dəfn olunduğu Santa Kros Kilsəsinə səfər edir və ilk dəfə Cottonun freskalarını görür və emosiyaların əsirinə çevrilir.
O yazırdı:
“Mən Florensiyada olmaq fikrindən tutmuş bu möhtəşəm insanların qəbrini yaxından görməyə qədər olan vaxt ərzində qısa müddətli ekstaz (cuşagəlmə) dövrü yaşadım. Bu möhtəşəm gözəlliyə tamaşa edərkən ülvi hisslər keçirdim. Hər şey canlı-canlı ruhumla danışırdı. Kaş ki unuda bilsəm. Berlində “sinir” adlandırdıqları ürəkdöyünmələr yaşadım. Həyatım tükənirdi. Qorxurdum ki, yıxılacağam”.
Florensiya incəsənətini görən bir çox adam bu baş gicəllənmələri və ürək tutmaları yaşayıb, lakin bunun sindrom kimi qəbul olunması 1979-cu ilə təsadüf edir. Bu ildə italyan psixiatrı Graziella Magherin Florensiyada səyahətdə olan yüzdən çox turisti müşahidə etmiş və onların keçirdiyi hissləri təsvir etmişdi.