Tənqidi təfəkkür

Tənqidi təfəkkür: Özünüdərketmə və müasir təlimə yanaşmadır

Müasir dövrdə təlimin qarşısında duran əsas məqsəd elmi texnoloji inkişafın böyüməkdə olan nəslin mürəkkəb proseslərdən məharətlə baş çıxarmaq, hadisələrə müxtəlif aspektlərdən yanaşmaq, onların mahiyyətini aydın mənimsəmək kimi qabiliyyət və bacarıqlara yiyələnməsi, inkişaf etdirilməsi mühüm əhəmiyyət  kəsb edir. Məhz, bu baxımdan təlim həyata keçirilməyə başladığı andan təfəkkürdə tənqidiliyi inkişaf etdirmək vacib şərt sayılır. Ona görə ki, tənqidi ağıla sahib olan şagirdlər özlərinə aid düşüncə tərzi ilə fərqlənir, baş verən hər bir prosesi, dərk edilməsi gərəkən hər obyektin müxtəlif cəhətlərinə  diqqət yetirməyə çalışır, digər cisim və proseslərlə əlaqələndirir, münasibət sistemini müəyyənləşdirir, təkcə proseslərin zəruri hissələrini öyrənməklə kifayətlənməyib, mahiyyətinin dərkinə varırlar. Tənqidi təfəkkür keyfiyyətinə malik olan insanlar duyub qavradıqları proseslər arasındakı uyğunsuzluğu asanlqıla görə bilir və bununla bağlı olaraq öz fikirlərini əsaslandıra bilirlər.

      Tənqidi təfəkkür öyrənənlərdə idrak obyektlərinə yanaşmaq tərzini, qarşıya qoyulmuş məsələnin həlli istiqamətində müxtəlif üsul və vasitələrin müəyyənləşdirilməsinə əsaslanır. Belə ki,  tənqidi təfəkkür qarşıya çıxan  məsələnin həlli istiqamətində müvafiq üsulu müəyyənləşdirmək və ona uyğun olaraq düzgün formada dəqiqləşdirilmiş surətdə həllinə nail olma bacarığında ifadə olunan əqli keyfiyyətdir.  

Tənqidi təfəkkür daha çox özünü məsələnin ilk başda fikri fəaliyyət zamanı başlanğıcda, yəni “əqli eksperiment”  olaraq və məsələnin həllinin son mərhələsində, yəni nəticə yönümlü qərarın” prosesində təzahür edir. Belə ki, “əqli eksperiment” məsələnin həlli üçün lazım olan üsul və vasitələrin müəyyənləşdirilməsi, əsaslandırılması, fikri prosesdə sınaqdan keçirilməsi ilə özünü göstərir. 

Tənqidi təfəkkürdən istifadə etməklə şagirdlər təlim tapşırıqlarının daha məqsədə müvafiq və geniş şəkildə dərk edir, sahib olduqları fikirlərə tənqidi yanaşaraq şüurlarında özünə məxsus formada təhlil edir, saf-çürük edərək biliklərə yaradıcı yanaşma bacarıqlarına malik olurlar. 

Tənqidi təfəkkürü inkişaf etdirmək üçün eksperiment zamanı xüsusi məntiqi quruluşa və məzmuna uyğun olan mətn və şəkillər müəyyənləşdirilib,  hazırlanır. Həmin tapşırıqlara vəziyyətə uyğun olaraq, qeyri-məntiqi əlaqələr, sahələr,  uyğunsuzluqlar daxil edilir. Eyni zamanda müəyyənləşən tapşırıqlar şagirdlərə müxtəlif təlimatlar şəklində çatdırılır.

Şagirdlərdə tənqidi təfəkkürün inkişaf istiqamətlərini aydınlaşdırmaq üçün davamlı olaraq və uzun müddətli müşahidələrlə bərabər, 3 mindən artıq eksperiment həyata keçirilmişdir.

Beləliklə, qeyd edə bilərik ki, tənqidi təfəkkürün inkişaf istiqamətlərini təyin etməklə şagirdlərdə təhlil etmə, müəyyənləşdirmə, əlaqələndirmə, qarşılaşdırma,  uyğunlaşdırma kimi bacarıqların inkişafına nail olmaqla bərabər, həm də təlim tapşırıqlarına müxtəlif yanaşmanı, eyni zamanda yaradıcı yanaşmanı da formalaşdırmaq mümkündür.

Fatma Musayeva
Naxçıvan Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə 2-ci kurs magistrantı