Uşağın sosial mühitdə danışmaması - Selektiv mutizm nədir?

Selektiv Mutizm (və yaxud Elektiv Mutizm), yəni “seçici susma”, uşağın tanıdığı mühitdə, məsələn, ev mühitində axıcı və səlis danışmasına baxmayaraq, danışmasının gözləndiyi məktəb o cümlədən başqa sosial mühitlərdə danışmamasıdır. Bu susqunluğun şiddəti yalnız yadlarla danışmamaqdan başlayıb cəmiyyət içində demək olar ki hər yerdə səssiz qalmağa qədər dəyişə bilər. Selektiv mutizm bir çox hallarda uşaqlardakı utancaqlıqla qarışdırılır. Lakin normalda uşaq yad mühitə öyrəşdikdən bir müddət sonra qaçıb yaşıdları ilə oynadığı, boyuklərlə ünsiyyət qurduğu halda elektiv mutizmli uşaqlar səssiz qalmağa davam edirlər. Qız uşaqlarında oğlanlara nisbətən daha çox müşahidə olunur.

SELEKTİV MUTİZM ƏSAS ƏLAMƏTLƏRİ:

– Uşaq bir mühitdə danışdığı halda digərində davamlı olaraq susur – Uşağın danışmaması onun təhsilini,sosial ünsiyyətini minimuma endirir – Problem ən az bir aydır davam edir (məktəbə başladıqdan sonrakı ilk ay xaric) – Əsasən 1-3 yaş arasında özünü göstərir – Bərabərində hədsiz utancaqlıq, içə qapanma və ata-anaya hədsiz bağlılıq gətirir

NƏ ETMƏLİ?

Ana-ata və ya müəllim belə bir vəziyyət müşahidə etdikdə uşağı danışmadığı üçün cəzalandırmamalı, danışmağa məcbur etməməli, aldatmamalı və danışması üçün “rüşvət” təklif etməməlidir. Belə halda uşaq üçün güvənli və dəstəkləyici bir mühit yaradıb, mərhələli olaraq uşağın inkişaf sürətinə uyğun hədəflər qoymaq lazımdır. Müalicə üçün bir qrup terapiyası vacib şərtdir. Belə ki, psixoloq, müəllim, pedaqoq və s. birgə işləməlidir.(meduna.az)