Uşaq psixologiyası dərin bir sahə olub özündə uşaqların normal inkişaf cədvəlini,qarşıya çıxan problemlərin həlli yollarının tapılmasını,yaş dövrlərini,yaş böhranlarını və bütün bu mərhələlərdəki cüzi və ya böyük sıçrayışlı dəyişiklikləri öyrənir. Bütün bunlarla yanaşı uşaq psixologiyasında fərdi işin də özünəməxsus yeri var.Hansı ki,bəzi diaqnozlar zamanı hətta uşaqla uzunmüddətli fərdi iş planının hazırlanaraq tətbiqi daha məqsədəuyğun hesab olunur.
Uşağın probleminin mənbəyini kiçik münaqişələr,stress və ya keçmişdə baş verən müəyyən vəziyyətlə bağlı yaşanılan və hal-hazırda da özünü biruzə verən müəyyən emosional pozuntular təşkil etdiyi hallarda onlarla fərdi iş aparılmasına daha çox ehtiyac duyulur.
Az yaşlı uşaqlarla psixoloq çox vaxt oyunlar vasitəsilə ünsiyyət qurmalı olur.Bu,hər şeydən əvvəl uşaqla böyüklər arasında münasibətin formalaşmasını təmin edir.Oyun zamanı istifadə olunan oyuncaqlar uşaqların duyğularını,düşüncələrini və narahatlıqlarını ifadə etməyə imkan verir.Rənglər, plastilin,ailə üzvlərini əks etdirən balaca oyuncaqlar,əsgər fiqurları,tüfənglər heyvanlar-bütün bunlar oyunun keçirilməsinə kömək edən vasitələrdir.
Fərdi iş zamanı aşağıdakıları yadda saxlamaq lazımdır.1) Psixoloji çətinliklərin təbiətinin dəqiq müəyyən edilməsi bütün gələcək fəaliyyətin ən vacib məqamı hesab olunur.Psixoloq uşağın bu çətinliklərinin və ya problemlərinin yaranmasına imkan verən və onun əsasında duran psixoloji səbəbləri müəyyən etməlidir.2) Psixoloq uşağa qulaq asaraq ,onun öz hisslərini və fikirlərini bildirməsi üçün şərait yaradır.3) Psixoloq uşağı başa düşdüyünü və var gücü ilə kömək etməyə hazır olduğunu ona göstərməlidir.4) Psixoloq və uşaq görüşlərin məqsəd və vəzifələrini müəyyən etməlidir.Terapiya fəaliyyətinin hansı xüsusi istiqamətə yönəldiyi və nə ilə bağlı olduğununun uşaq tərəfindən başa düşülməsi mühüm əhəmiyyət kəsb edir.5) Psixoloq uşağa onun davranışında hansı halların qəbul olunmaz və mənasız olduğunu izah etməlidir.6) Terapiya uşağın davranışının dəyişdirilməsinə yönəldiyi hallarda ,təkcə uşaqla fərdi şəkildə deyil,bütünlükdə ailədə belə terapiyanın aparılması daha faydalı ola bilər.