Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərqini çox vaxt nəzərə almırlar. Psixoloqların fikrincə, uşaq dünyaya gətirməyi düşünərkən onlar arasındakı yaş fərqi də nəzərə alınmalıdır. Əks halda uşaqlar arasında münasibətlərin qurulmasında problemlər qaçılmaz olur.
Uşaqlar arasında yaş çox önəmlidir. 3-4 yaş uşağın eqosentrizm yaş dövrüdür. Uşağın eqosentrizm dövründən sonra ikinci uşağı həyata gətirmək daha rahat olar. Bu, ana üçün də, birinci uşaq üçün də sıxıntı yaşamaması baxımından rahat olur. Belə ki, birinci uşaq bu yaş dövründə yeni doğulacaq körpəni qısqanacaq. Uşaq qısqanclıq hissini çox yaşamasın deyə, onun 3-4 yaşı tamam olandan sonra ikinci uşağı dünyaya gətirmək daha ideal vaxt hesab olunur. Ana bu yaşa qədər artıq anlayan birinci uşağını ikinci uşağın dünyaya gəlməsinə hazırlaya bilər. Uşağı bacı və ya qardaşının olacağına psixoloji hazırlamaq lazımdır. Uşaqlar arasında 3-4 yaş fərqin olması daha məqsədəuyğundur.
Əgər qadın hamilə qalıbsa, ya da ana uşaq dünyaya gətirmək barəsində düşünürsə, daxilən buna hazır olmadıqda psixoloqa müraciət etməli və bu problemi çözməlidirlər. Əks halda bu, sabah ana və uşaq arasında bir anlaşılmazlıq yaşadır. Qadın hamiləlikdən öncə və sonra ana olmaq və uşağın qayğısına qalmaq, uşaq psixologiyası haqqında ədəbiyyat oxumalıdır. Analar üçün xüsusi psixoloji seanslara, seminarlara qatılmalıdır. Ana özünü hamiləlik dövrü üçün hazır hiss etməyəndə uşaq dünyaya gətirmək dönəmi ona çətin, ağır bir mərhələ kimi görünür.
Qardaş və bacının həmyaşıd olmağının üstünlükləri çoxdur.
Onların ortaq maraqları olur, bir-birini yaxşı başa düşürlər, daha çox birgə vaxt keçirirlər. Aralarında yaş fərqi böyük olan qardaş-bacının da münasibətlərinin müsbət cəhətləri çoxdur. Qardaş-bacı münasibətlərinin düzgün qurulmasında yaş o qədər də rol oynamır, əsas ailənin verdiyi düzgün tərbiyədir. Valideynlər övladlarına bərabər diqqət, qayğı və sevgi verməyi bacarmalıdır.
Psixoloq Vəfa Rəşidova