Uşaqlar niyə yalan danışır?

Yalan danışmaq edilən bir davranışı , bir qüsuru gizlətmək üçün həqiqətdən kənar ifadənin istifadə edilməsidir. Hansı ki bu hal uşaq və yeniyetmələrdə çox rastlanan durumdur. Həmçinin yetişkinlər də yalan danışmağa meyillidir. 

 Başqalarını bilə-bilə aldatmaq üçün deyilən sözlər gerçək yalanlardır. Uşaqların söylədiyi yalanlar böyüklərinkinə müqayisədə məsumdur. Çünki ; uşaqlar yalanı deyərkən aldatmaq niyyətilə etmirlər. Uşaqlar əsasən gerçəyi düzgün dəyərləndirə bilmədiyindən gördüyü şeyləri özünün qavradığı şəkildə danışır yaxud uydururlar. Bəzi valideynlər bu hadisəni yalan olaraq görüb, uşağı cəzalandırırlar. Halbuki 3-5 yaşlarında uşağın xəyal dünyası çox zəngindir, bu yaş dönəmində uşaqlar xəyalla gerçəyi ayırd edə bilmirlər. Bu səbəbdən uşağın 7 yaşından öncə danışdığı gerçəyə zidd ifadələri yalan olaraq adlandırmaq doğru deyil. 3 yaşında uşağın fantastik hekayələr uydurması, xəyali dostlarının olması və təqlid oyunlarını sevməsi normaldır . Və inkişafının yaşına müvafiq olduğunu göstərir. Uşağın xəyal gücü nə qədər zənginsə, uşaq gələcəkdə o qədər uğurlu olur. 

 Uşağa gerçəyə sadiq qalmağı üçün məcbur edilməməli, yalanını ortaya çıxarmaq üçün təzyiq göstərilməməlidir.

Uşaq gerçəklə yalanı ayırd etməyə başladıqdan sonra hələ də yalan danışmağa davam edirsə, mütəxəssisdən yardım almaq lazımdır . Çünki bu dönəmdə yalan danışan uşaq əslində subliminal olaraq sizə ismarıc verməyə çalışır . Məsələn: ailəyə yeni fərd - bacı , qardaş gələndən sonra diqqətdən və qayğıdan kənar qalan uşaqlar valideynin diqqətini çəkmək üçün yalan danışmağa meyl edə bilər. Yaxud uşaq sinifdə müəllimənin diqqətini çəkmək üçün dağıdıcı davranışlar sərgiləyə- yalan, oğurluq , isterika göstərə bilir . 

Yalan söyləmə davranış pozuntusu olan uşağın çevrəsi ilə olan münasibəti də qaydasında getmir. Uşaq yetərincə sosiallaşa bilmir . Uşaqda hədsiz paxıllıq və özünü , davranışlarını idarə edə bilməmə halları görülür . Uşaq hadisələri gerçəkdə olduğu kimi deyil , çevrəsindəki yetişkinlərin görmək istədiyi şəkildə göstərmək üçün yalan söyləyər. 

Patoloji yalanlar - yalan danışmaq xəstəliyidir. Şəxs məqsəd güdmədən davamlı yalan danışır . Bu xəstəliyə elmdə mitomaniya adı verilir 

Xəyali yalanlar- azyaşlı uşaqların gerçəyi düzgün dəyərləndirə bilmədiyi üçün uydurduğu yalanlardır.

Təqlid yalanlar - uşaqların ata,anasını , böyüklərini təqlid edərək öyrəndiyi yalanlardır.

Sosial yalanlar -cəmiyyətdə ən çox rast gəlinən yalan formasıdır. Getmək istəmədiyimiz yerə getməmək üçün " Xəstəyəm" dediyimiz kimi.

Müdafiə yalanları- uşağın özünü qorumaq məqsədilə danışdığı yalanlardır. Uşaq davamlı tənqid edilirsə, sərt reaksiya ilə qarşılaşırsa, mükəmməl olması tələb olunursa uşaq yalana müraciət edə bilir. Gerçəyi söylədiyində belə " yalan danışırsan " deyərək günahlandırılan uşaq yalan danışmağı vərdiş halına gətirə bilər

Şişirdilmiş yalanlar -Başqalarının sevgisini və diqqətini əldə etmək üçün danışılan yalanlardır.

Bundan əlavə ,bəzən uşaqlar bir istəklərini, ehtiyaclarını dilə gətirmək üçün də yalan danışa bilirlər. Məsələn, anasız bir uşağın " anam var " deməsi kimi . Mükafatlandırılmayan, qayğı , diqqət, sevgi ehtiyacları qarşılanmayan uşaq yalana müraciət edir. Nümunə ; anası ölmədiyi halda, yeni bacı yaxud qardaşı olan uşağın " anam öldü" deməsi qayğı və sevgi aclığını ifadə etməkdədir.

Yazar :Psixoloq Aysu Əliyeva