Əvvəla onu qeyd edim ki, bu bir neçə mərhələli prosesdir.
1. Öncə uşaqlara fərqliliklərdən danışın. İnsanların bir-birindən fərqli olmasını nümunələrlə izah edin. Məsələn: sarı və ya qara saç, uzun və ya qısa boy, dolu və ya arıq, əsmər və ya ağbəniz, zarafatçıl və ya ciddi. Sonra bacarıqların da fərqli ola biləcəyindən. Biri rəsm çəkməyi sevirsə, digəri rəqs etməyi sevir. Biri yemək bişirməyi çox yaxşı bacarırsa digəri gözəl yazılar yazmağı və s.
2. İkinci mərhələdə mütləq hörmət etməyi aşılamalısınız. İzah etməlisiniz ki, insanlar hər necə görünürlərsə, hər nəyi bacarır və ya bacarmırlarsa onlar istəyirlər ki başqaları onları anlasın, hörmət etsin, olduğu kimi qəbul etsin. Məsələn dərslərini sənin kimi yaxşı dərk edə bilməyən bir uşaq istəməz ki, sən ona bacarıqsız deyib təhqir edəsən, ondan uzaqlaşasan. İstəyər ki yanında olasan, ona dəstək olasan. Fikrimcə sən də bunu istəyərdin.
3. Və sonunda izah edin ki bizim ətrafımızda bəzi fərqlilikləri olan insanlar var. Məsələn bir ayağı olmayan və ya danışdıqlarımızı eşitməyən, ya da gözləri görməyən. Onlar hansısa bədən orqanına görə fərqlidirlər. Biz insanlar bütün fərqliliklərimizlə gözəlik və bir-birimizə dəstək olmalıyıq.
Əgər uşaqlar sizə gördüyü bir fiziki məhdudiyyəti olan insan haqqında sual versə ona qısa və sadə cümlələrlə izah verin. Əgər fiziki əngəlli şəxs tanışdırsa və özünün də icazəsi varsa şərait yaradın o özü uşağa məlumat versin. Və başqa mövzulardan da müzakirə etsinlər. Söhbət yalnız əngəllər üzərində qurulmasın. Əgər övladınızın bu mövzuda sizi narahat edən yanlış davranışları varsa ona bu mövzunu nağıl şəklində də danışa bilərsiniz. Nağıl zamanı bir gəlincikdən (hər hansısa bir hissəsi olmayan) istifadə etmək təsirli olar. Ümumiyyətlə uşaqların bir hissəsi qırılmış oyuncaqlarını (təbii ki kəsici hissəsi yoxdursa) atmağı məsləhət görmürəm. Onun digər oyuncaqlardan fərqli olduğunu və belə də onunla oynaya biləcəyini öyrədin.
Pedaqoq Lalə Məhərrəmli