7 yaşa qədər olan uşağın qazandığı hər bir bilik gələcəkdə 7 qat olaraq geri dönür. Məhz elə buna görə də valideynlərin övladlarına kiçik yaşlarda sərf etdikləri vaxt gələcəkdə daha çox vaxta qənaət etməyə xidmət edəcək. Nəzərə alın ki, kiçik yaşlarda kitab oxumağa alışdırılan uşaqlar gələcəkdə özlərini daha yaxşı idarə edə bilir və təhsildə daha çox uğur qazanırlar.
İndi isə bu xeyirli vərdişin qazanılma yollarını nəzərdən keçirək:
Uşaqlara kiçik yaşlarından yatmazdan əvvəl kitab oxumaq və bunu davamlı şəkildə etmək laızmdır. Müşahidələr göstərir ki, belə uşaqların qavrama qabiliyyəti artır və onlar təhsildə daha uğurlu olurlar.
Uşağa nümunə olmaq vacibdir. Valideynin kitab oxuduğunu görən uşağın da kitab oxumağa həvəsi yaranır. Nəzərə alın ki, uşağı gözəl tərbiyə etməyin əsasında ona gözəl nümunə olmaq dayanır.
Kitab mağazasında müəyyən zaman keçirərək uşağın da marağını nəzərə almaqla onun üçün ədəbiyyat seçmək lazımdır.
Həftədə 1-2 dəfə ailəvi kitab oxuma saatları təyin etmək də faydalı olar. Hər bir ailə üzvünün oturub kitab oxuması həm ailə üzvləri arasında münasibətin daha mehribanlaşmasına, həm də uşaqlarda kitab oxumağa həvəsin yaranmasına kömək edir.
Oxunan kitabları müzakirə etmək də uşaqlar üçün çox maraqlı ola bilər. Bundan başqa oxunan kitablar haqqında fikirləri 1 dəftərə qeyd etmək də yaxşı nəticə verir. Bunlar uşaqda öz fikrini çatdırmaq qabiliyyətini artırır.
Uşaqda kitab oxumağa həvəs yaratmaq mümkün olmursa, əlavə vasitələrdən istifadə etmək də olar. Misal üçün, səsli kitablar, maarifləndirici uşaq verilişləri, DVD-lərdən də istifadə etməklə uşaqlarda kitab oxumağa maraq oyatmaq olar.
Bəzən uşaqların beyni gün ərzində lazımsız informasiya ilə yükləndiyi üçün də uşaq yorulur və kitab oxumaq istəmir. Bu səbəbdən də uşaqları televizor, kompüter, mobil telefon və bu kimi vasitələrdən mümkün qədər uzaq tutmaq, bununla da beynin lazımsız informasiya ilə yüklənməsinin qarşısını almaq olar.
Ən əsası uşağın eşitmə, görmə və dil qüsurunun olmadığından əmin olmaq lazımdır. Diqqət əskikliyi və hiperaktivlik problemi olan uşaqlarda da oxuma sürəti zəif ola bilər.