Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8,6- 17,7 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür eahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və naraht uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər.
Təşviş pozuntusu olan uşaqlar özlərinin və ailələrinin və hətta dostlarının təhlükəsizliyi, sağlamlığı kimi mövzularda həddindən artıq həssas və özlərindən gözlənilənin üstündə məsuliyyət sahibi kimi davranırlar. Bu cür uşaqlar ətrafları tərəfindən yetkin, yaşından böyük davranan, mükəmməlliyyətçi uşaq olaraq tanınır və münasibət görürlər. Bu tip düşüncə və yanaşmalar sıxlıqla uşaqlarda narahat şəxsiyyət xüsusiyyətlərinin ailə və ətraf tərəfindən möhkəmləndirilməsinə gətirib çıxarır.
Təşviş pozuntusu olan uşaqlarda yuxu və diqqət pozuntusu, baş ağrıları, qarın ağrısı kimi müxtəlif fiziki şikayətlər də tez-tez görünür. Təşviş pozuntusu olan uşaqlar həmçinin ailədaxili və ictimai əlaqələrdə, gündəlik həyatda əhəmiyyətli çətinliklər yaşayırlar.
Təşviş pozuntuları olan uşaqların demək olar ki, hamısının valideynlərində və ya yaxın qohumlarında bənzər təşviş pozuntuları və şəxsiyyıt xüsusiyyətləri vardır. Valideynlərin təşviş pozuntuları uşaqlara müxtəlif cəhətdən təsir edir. Genetik cəhətdən narahat şəxsiyyət xüsusiyyətləri uşaqlara gen vasitəsilə ötürülməklə, bu cür psixiatrik problemlərə bioloji cəhətdən uyğun olaraq dünyaya gəlməsinə şərait yaradır. Digər tərəfdən narahat valideyn tərəfindən yetişdirilmək uşaqlarda təşviş pozuntularının ortaya çıxmasını asanlaşdırır. Məsələn, uşağının özündən ayrı uzaqlaşmasına və ya ayrı qalmasına icazə verməyən, bu cür vəziyyətlərdə davamlı olaraq həddindən artıq bir qayğı göstərən ananın uşağına verdiyi mesaj, ətraf mühitin etibarsız və təhlükəli olmasıdır. Belə bir uşaqda kökündə ayrılıq qorxusu dayanan təşviş pozuntularının inkişaf riski daha yüksəkdir.(psixotest.az)