Artıq çoxumuz virtual aləmdən istifadə etmirik, orda həm məskunlaşmışıq, həm də sözün əsl mənasında yaşayırıq. Bir çoxumuz bunun fərqində olmadan realdan qopmuş kimi yaşayır, həyat elə belədir düşüncəsinə hakim kəsilrik. Sosial şəbəkələrdəki profillərimiz evimiz, səhifələr iş yerimiz, qruplar dostlarla söhbət, müzakirə yerinə və s. çevrilib. Hətta vəziyyət o yerə çatıb ki, sosial sahə üzrə mütəxəsəsislər insan davranışları üzərindəki testləri sosial şəbəkələr üzərindən onların xəbəri olmadan da edirlər. Təsəvvür edin, artıq minlərlə insanı qrup halında hansısa qapalı bir yerə toplamağa gərək yoxdur. Təcrübə və onun nəticələrini öyrənmək üçün sosial şəbəkələr üzərindən milyonlara çatmaq mümkündür. Bu cür yüksək texnologiya imkanlarımız mövcud ikən, mən də boş dayanmadım. Dedim kiçik bir təcrübə edim. Yazının davamında facebook sosial şəbəkəsində müşahidələrimi və nəticələrini qeyd edəcəm. Amma əvvəlcə yazının başlığına bir aydınlıq gətirim. Psixoloji lüğətdə kompleks - insanın özünün fiziki və psixoloji çatışmazlıqları haqqında səhv təsəvvürləri, onların şişirdilməsi kimi təsnif olunur. Kompleks bir növ psixoloji narahatlıqdır."Üstünlük kompleksi" anlayışı yeni psixoloji istiqamət olan fərdi psixlogiyanın yaradıcısı Avstriya alimi Alfred Adler tərəfindən ortaya qoyulub. Üstünlük kompleksi — insanda əsassız olaraq digər insanlardan daha üstün olması (ali irqə, “yaxşı” nəslə, sosial qrupa mənsub olma, özəl xüsusiyyətlərə, mədəniyyətə, qabiliyyətə, biliklərə malik olma) və bunun ona xüsusi imtiyazlar verməsi düşüncəsidir. Bu kompleksin xüsusiyyəti ondan ibarətdir ki, o insanın şüurunda məhz müdafiə mexanizmi (ilk növbədə natamamlıq və düşmənçilik kompleksindən) olaraq yaranır. Digərlərindən üstün olmaq hissi eqosentriklik yaradır və insanın ictimai həyatdan daim uzaqlaşmasına səbəb olur ki, bu da yaranmış depressiv vəziyyəti zaman keçdikcə daha də dərinləşdirir. Bu kompleks bəzən ətrafdakıların həmin insanın müsbət xüsusiyyətlərini daim göz önünə gətirməsi, tərifləməsi nəticəsində də yarana bilər. Həmin üstünlük kompleksinin də kökünə baxsaq, orda da insanın özünə olan inamının aşağı olduğunu asanlıqla görə bilərik. Sadəcə olaraq, həmin insanlar özlərini digərlərinin yanında özünəinamlı göstərirlər. Alfred Adlerə görə üstünlük kompleksi "insan olaraq özünü əskik görmək və buna əsaslanaraq daha yüksək hədəflərə çatmaq" deməkdir. Bu, aradan qaldırılmış, müalicə edilmiş köhnə natamamlıq kompleksinin nəticəsidir. Qeyd edim ki, üstünlük kompleksi hər kəsdə müəyyən qədər vardır, lakin normanı keçdikdə fərdlərin davranışlarında daha aydın nəzərə çarpır. Güclü və üstün ola bilmək çabası elə şiddətli hal alır ki, bu vəziyyətdə artıq həyatın sıradan, adiləşmiş münasibətləri heç bir şəkildə təmin edici, doydurulmuş olmur. Həyatdakı yerlərini sağlamlaşdıra bilməyən üstün komplekslilər inanılmaz çabalar xərcləyərək bunu virtual aləmdə aşmağa çalışırlar. Çünki, virtual aləmdə güc nümayiş etdirmək reala nisbətən daha asan, daha rahat və daha arxayınlıq hissi yaradır. Ruhun acı verən natamamlıq kompleksini tamamilə yox etmək üçün isə virtual aləm demək olar ki, "mükəmməl" məkandır. Virtual aləmdə (facebook sosial şəbəkəsindəki müşahidələrimə əsasən) üstünlük kompleksinə tutulmuş insanları davranışlarına görə 2 tipə ayırdım:1. Passiv üstün komplekslilər2. Aktiv üstün komplekslilər.Passiv tiplər üstünlük kompleksindən daha çox əziyyət çəkənlərdir. Onlar virtual cəmiyyət daxilində fəal iştirak edə bilmirlər. Yaradıcılıq işləri olursa da, onu üzə çıxarmaqdan, müzakirəsindən, tənqidlə qarşılaşacaqlarından çəkinirlər, qorxurlar. Bu tiplər sosial şəbəkələrdə sadəcə mövzulara, fikirlərə aqresiv , yaxud da "terminlərlə boğulmuş" rəylər bildirməklə üstünlüklərini öz aləmlərində isbatlamağa çalışırlar. Adətən rəylərində çox sayda terminlərdən istifadə edirlər ki, "terminologiya mütəxəssisi" təəssüratı yaratsınlar. Ətrafınıza baxsanız belə lovğaları siz də asanlıqla görə biləcəksiniz. Aktiv tip üstün komplekslilər passiv tiplərdən fərqli olaraq virtual meydanda daha da irəliyə gedərək , nəinki müzakirələrdə alovlu rəylərlə çıxış edir, eyni zamanda öz yaradıcılıq işlərini kütlə tərəfindən müzakirə üçün üzə çıxarırlar. Onların üstünlük kompleksi rəqib hesab etdikləri digər yazarların yazılarının "tənqid edilməsi", yaxud hansısa ideologiyaya dair (fikirləri) fasiləsiz olaraq tənqid etmələri zamanı aydın görünür.Nümunə:"Yazar filankəs dünən filan xəbər saytında belə bir yazı paylaşmışdı. Mən də oxudum dayana bilmədim və fikrimi buradan çatdırıram. Qatıq ağ deyil, qaradır deyirəm. Vəssalam!"Belə paylaşımları kənardan müşahidə edərkən, müəllifin tənqid etmə çabasına bürünməklə əslində "üstünlük kompleksinin" nümayiş etdirməsini paylaşımın sonrakı gedişatından görmək mümkündür. Paylaşmaya gələn bəyənmə sayı, rəy sayı müəllifi dəstəkləyən çevrə (çox zaman ya rəhbərlik etdiyi bir qurumun üzvləri olur, yaxud da tələbələri olur, daha çox isə eyni ideologiya tərəfdarları) tərəfindən təmin olunur. Buna bir növ "üstünlük kompleksi" altında gizlənmiş rəqabət, güc yarışması da demək olar. Bir neçə saat sonra (paylaşıma) təkrar nəzər yetirdikdə bəyənmə sayının qənaətbəxş rəqəmə (çevrildiyini görürük və bununla da) paylaşım artıq (facebook) sayt qaydalarına əsasən Ana səhifədə günün sonuna qədər başda (aktiv) görünəcəkdir. Rəylərdə "müzakirə" getmişdir. "Tənqid" olunan tərəf əməlli başlı "tənqid" olunmuşdur. Əgər tənqid (hədəfinə çevrilən) yazar özü də rəylərdə iştirak edirsə, müzakirə genişlənir, bəyənmə və rəy sayı artır. Son görünüşdə həmin profildə "Full bir müzakirə gedib " mənzərəsi ortaya çıxır. Nəticə etibarilə mənə görə aktiv üstün komlekslilər passivlərdən daha faydalıdırlar, çünki müzakirə zamanı üstünlüklərinin nümayişi səyində olsalar da, dolayısı ilə maarifləndirmə işinə də qatılmış olurlar. Müzakirəyə cəlb olunmuş çevrədə fikir mübadiləsi getmiş olur. "Üstünlük kompleksindən" xilas yolu varmı?Bəzi irəli dərəcəli üstün komlekslilər var ki, özlərini Allah, Peyğəmbər, Müqəddəs Varlıq hesab edərək psixoloji xəstəlik tapıblar, onlara artıq adi vətəndaşlar kömək edə bilməzlər, psixoterapevt müalicəsinə ehtiyacları var. Ümumiyyətlə isə, bu kompleksin təmamilə yox olması mümkün deyil. Alfred Adler özünün "İnsan təbiətini tanıma" kitabında üstünlük, eləcə də natamamlıq kompleksi olan insanlara dostca yanaşmağı, onların vəziyyətini nəzərə alaraq insanca davranmağı, heç bir şəkildə olduqları hallarından utandırmamağı təklif edib. Eyni zamanda bu hallarında tədricən qurtulmalarına kömək göstərilməsini vurğulayıb. Amma gəlin baxaq, nə qədər insan bu qədər səbrli davranmağa meyllidir? Elə üstün komplekslilər var ki, öz (vəziyyətləri) ilə ətraflarını manipulyasiya edərək (ətraflarında özqiymətləndirməsi aşağı dərəcədə olanlar da ola bilər) müxtəlif üsullarla özlərini təsdiq etmək üçün can atırlar. Onlara öz daxili dünyalarını, şəxsi inkişaflarını çətin yol olan fiziki, mənəvi, intellektual inkişaf yolu ilə üstün etmək maraqlı deyil, başqalarını kiçiltmək, əskiltmək kimi asan yol seçərək "öztəkmilləşmə" yolunda uğura yetişəcəklərini zənn edirlər. Belələrinə kömək etmək məsələsi arxa plana keçir, özünü qorumaq üçün yollar axtarmağa başlayırsan ki, əsəblərin korlanmasın. Üstünlük kompleksindən xilas olmağın bir sadə yolu əslində budur: Bəşər aləminə bir yenilik, bir töhfə, dünyanı dəyişdirən bir fikir bəxş etmədən özünü "tanınmamış dahi" kimi göstərməkdən əl çəkəcəksən. Həqiqi üstün olanların bunu nümayış etdirməsinə gərək yoxdur, dünya beləsini o gizlənsə də görəcək. Odur ki, bircə qalır davranışlardakı tarazlığı qorumaq, ölçünü qaçırmamaq. Mövlana demişkən: "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol".