Ailə cəmiyyətin ən kiçik və eyni zamanda ən mühüm sosial institutlarından biri olmaqla, fərdin şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır. Bu prosesdə valideyn–övlad münasibətləri uşağın psixi inkişafına, emosional sabitliyinə, sosial uyğunlaşmasına və gələcək həyat mövqeyinə birbaşa təsir göstərir. Sağlam ailədaxili münasibətlər uşağın özünə inamını, müstəqilliyini və sosial bacarıqlarını gücləndirdiyi halda, bu münasibətlərdə yaranan çətinliklər psixoloji gərginliyə, davranış pozuntularına və emosional problemlərə səbəb ola bilər. Müasir dövrdə sosial dəyişikliklər, texnoloji inkişaf, dəyərlər sistemindəki transformasiyalar valideyn–övlad münasibətlərində yeni problemlərin ortaya çıxmasına zəmin yaratmışdır. Bu baxımdan mövzunun elmi cəhətdən araşdırılması və praktik həll yollarının müəyyənləşdirilməsi aktualdır.
Valideyn–övlad münasibətlərində problemlərin yaranması bir sıra psixoloji, sosial və pedaqoji amillərlə bağlıdır. Əsas səbəblərdən biri ünsiyyət çatışmazlığıdır. Valideynlərin övladlarını dinləməməsi, onların emosional ehtiyaclarını nəzərə almaması və birtərəfli ünsiyyət modeli seçməsi münasibətlərdə soyuqluq və anlaşılmazlıq yaradır. Xüsusilə yeniyetməlik dövründə uşağın müstəqillik ehtiyacı artdığı halda, valideynlərin həddindən artıq nəzarətçi mövqe tutması konfliktlərin dərinləşməsinə səbəb olur. Digər mühüm səbəb valideynlik üslublarının uyğunsuzluğudur. Avtoritar valideynlik modeli uşağın fikirlərinin nəzərə alınmaması, sərt qaydalar və cəza yönümlü yanaşma ilə xarakterizə olunur ki, bu da uşağın özünü ifadə etməsinə mane olur. Əksinə, həddindən artıq liberal münasibət isə məsuliyyət hissinin formalaşmamasına və davranış problemlərinə yol aça bilər. Demokratik valideynlik üslubunun olmaması ailədaxili balansın pozulmasına gətirib çıxarır.
Valideynlərin şəxsi psixoloji problemləri və stress səviyyəsi də münasibətlərə mənfi təsir göstərən amillərdəndir. Maddi çətinliklər, iş stressi, ailədaxili konfliktlər valideynlərin emosional resurslarını azaldır və bu gərginlik çox zaman uşaqlara yönəlir. Nəticədə övlad özünü dəyərsiz, anlaşılmayan və güvənsiz hiss edir. Bundan əlavə, nəsillərarası dəyərlər fərqi də ciddi problemlər yaradır. Müasir uşaqlar informasiya mühitində böyüyür, texnologiyadan aktiv istifadə edir və fərqli düşüncə tərzinə malik olurlar. Valideynlər isə bəzən bu dəyişiklikləri qəbul etməkdə çətinlik çəkir, nəticədə qarşılıqlı anlaşma zəifləyir.
Valideyn–övlad münasibətlərində yaranan çətinliklərin aradan qaldırılması üçün ilk növbədə effektiv ünsiyyətin qurulması vacibdir. Valideynlər övladlarını fəal şəkildə dinləməli, onların hiss və düşüncələrinə hörmətlə yanaşmalıdırlar. Empatiya münasibətlərin möhkəmlənməsində əsas amillərdən biridir. Demokratik valideynlik üslubunun tətbiqi də mühüm rol oynayır. Bu üslubda valideynlər qaydaları izah edir, uşağın fikrini nəzərə alır və qərarların qəbulunda onu prosesə cəlb edirlər. Bu yanaşma uşağın məsuliyyət hissini və özünə inamını artırır.
Beləliklə, valideyn–övlad münasibətlərində yaranan çətinliklər çoxşaxəli səbəblərlə əlaqədardır və bu problemlər uşağın psixi inkişafına ciddi təsir göstərir. Effektiv ünsiyyətin qurulması, demokratik valideynlik yanaşmasının tətbiqi və psixoloji dəstəyin təmin edilməsi bu çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayır. Sağlam valideyn–övlad münasibətləri yalnız ailədaxili harmoniyanı deyil, eyni zamanda cəmiyyətin psixoloji sağlamlığını təmin edən əsas amillərdən biridir.
Nüşabə Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi