Südəmər körpə müxtəlif virus xəstəliklərinə yoluxubsa, vaxtında müdaxilə etmək lazımdır.
Bu sözləri pediatr Vaqif Qarayev sosial şəbəkədə Səhiyyə Nazirliyinin mövsüm xəstəliklərinə qarşı əksepidemik tədbirlərlə bağlı əmr imzalaması ilə bağlı danışarkən bildirib. Pediatr bildirib ki, müxtəlif virus xəstəlikləri südəmər uşaqlarda gedişatı ilə fərqlənir:
“Vaxtında müdaxilə olunmazsa, xoşagəlməz ağırlaşmalar qaçılmaz olur. Ona görə bu yaşda uşaqlarda narahatlıq hiss edərsinizsə, mütləq həkimə müraciət edin. Ən pis halda əgər həkim əlçatan deyilsə, hərarətsalıcıların birdəfəlik dozasını verə bilərsiniz. Başqa heç nə! Körpə uşaqlara türkəçarə etməyin! Bir çox hallarda apteklər qızdırma dərmanı kimi antibiotiklər təklif edirlər, qətiyyən olmaz. Həkimin göstərişi olmadan antibiotiklərdən istifadə etməyin. Sonra əlavə problemlər yaranır”.
Psixoloq.az xəbər verir ki, psixoloqlar, xəstəlik zamanı valideynlərin çox narahat olduğunu, bu səbəbdən düzgün müalicə etmədiklərini bildirirlər. Belə ki, valideyn uşağının dərhal yaxşılaşmasını istədikləri üçün düşünmədən antibiotikə müraciət edirlər. Bununla yaxşı nəticə əldə edəcəklərini zənn edirlər. Əslində isə antibiotik uşaq sağlamlığı üçün çox zərərlidir. Xəstəlik zamanı sakit olmalı və düzgün addım atılmalıdır.