Ümumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib.
Psixoloq.az xəbər verir ki, videooyunlardan asılılığın zərərli olduğu, uzun müddət kompyuter oyunları oynayan insanlarda bunun vərdişə çevrildiyi barədə dəfələrlə yazılsa da, videooyunlara aludə olan insanların sayı günü-gündən artır. Videooyunların mobil versiyalarının tətbiq olunması, internetin əlçatanlığı isə bu sayı daha da artırır.
Məlumata görə, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib. Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq. Təşkilat nümayəndələrinin sözlərinə görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur.
Psixoloqların sözlərinə görə, uzun müddət videooyunun oynanılması fiziki aktivliyi azaldır, uşaqlarda aqressivliyə, davranış pozğunluğuna belə gətirib çıxardır.