Salvadorun Boliviyadakı səfiri Maddelin Vanessa Brisuela Alevaro klinikaların onu qəbul etməməsi səbəbindən ölüb.
Psixoloq.az xarici KİV-ə istinadən xəbər verir ki, səfir Boliviyada yeddi tibb müəssisəsinə müraciət etsə də müxtəlif səbəblər göstərilərək onu qəbul etməyiblər.
"Məsələ burasındadır ki, o bir-birinin ardınca təxminən yeddi klinikaya müraciət edib. Amma onlar yardım etmək istəməyiblər. Söyləyiblər ki, onlarda yer yoxdur, onlar qəbul edə bilməzlər” – səfirin müşaviri Marta Vaskes bildirib.
Onun sözlərinə görə Alevaro ilk dəfə keçən cümə günü tibb müəssisəsinə müraciət edib.
Ən sonda isə onu Fransa Tamayo Universiteti nəzdində klinikada qəbul ediblər. Lakin, klinikadan bildirilir ki, səfir tibb müəssisəsinə qəbul edildikdə artıq ağır vəziyyətdə olub.
Bazar ertəsi isə Alevaro insultdan dünyasını dəyişib.
Çərşənbə axşamı isə Boliviya Xarici İşlər Nazirliyi Salvador səfirini "Simon Bolivarın Xilasedicisi” ordeni ilə təltif edib.
Qeyd edək ki, mərasimdə Boliviya prezidenti Evo Morales də iştirak edib və Alevaronun ölümü ilə əlaqədar baş sağlığı verib.(modern.az)