İnsanları bir-birlərindən fərqləndirən şəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarakterdir. Adətən, insanları fərqləndirərkən onların xasiyyətini, xarakterini ön plana çəkirlər. Xarakter insanın yalnız özünəməxsus davranış formasını əks etdirir.
Bəs xarakterin hansı tipləri var? Onları qısa şəkildə nəzərdən keçirək:
1. Gipertim tip- bu tipə mənsub olan adamlar həddindən artıq təmasda olmağı sevməklə, ifadəli jest, mimika və pantomimikaları, çox danışan, az danışan, başladıqları söhbətdən sponton şəkildə uzaqlaşmaları, həmişə birinci olaraq konflikt yaratmaları ilə fərqlənirlər. Müsbət cəhətlərinə gəldikdə bu cür adamlar, həmsöhbəti cəlb edən, optimist, təşəbbüskar olurlar. Onlar çətin işi və tənhalığı sevmirlər.
2. Distim tip- onlar üçün zəif təmas, az danışmaq, pessimist əhval-ruhiyyənin üstünlüyü xarakterik haldır. Konfliktə az girir, qapalı həyat keçirməyə meyillidirlər. Onlarla dostluq edəni sevir, ona tabe olmağa hazırdırlar. Ciddiliyi, həqiqəti sevirlər. Passivlik, lənglik, fərdiyyətçilik onlar üçün xarakterik haldır.
3. Tsikloid tip- belə tip insanlar üçün əhval-ruhiyyənin tez-tez dəyişməsi xarakterikdir, bu səbəbdən ətrafdakılarla ünsiyyət qaydaları da dəyişir, əhvalları yaxşı olduqda ünsiyyətli, pis olduqda isə qapalı olurlar.
4. Təsirlənən( qıcıqlanan ) tip- ünsiyyətdə təmasa az həvəsliliyə, mübahisələr və söyüşə meyillidirlər.
5. Ləngiyən tip- orta ünsiyyətli, öyüd-nəsihət verməyə meyillilik, azdanışan, bəzən həddən artıq özünə güvənən, qısqanc, şöhrətpərəst, yaxınlarına və işçilərinə ifrat tələblər irəli sürəndir.
6. Pedant ( xırdaçı ) tip- münaqişəyə çox az halda girişir, mübahisələrdə passiv mövqe tutur, işdə özünü bürokrat kimi aparır. Səliqəli, ciddi, konfiliktə meyilli olurlar.
7. Həyəcanlı tip- ünsiyyəti sevmir, özünə inamsızlıq, qorxaqlıq göstərir, qəmgin əhval-ruhiyyədə olur, az hallarda münaqişəyə girirlər. Dostluğa, özünü tənqidə, işgüzarlığa meyillidirlər.
8. Emativ tip- seçdiyi çox az adamla ünsiyyətdə olmağı üstün tutur, həddən artıq həssas və ağlağandır.
9. Nümayişkar tip- ünsiyyətlidir, liderliyə can atır, hakimiyyətə və tərifə çox həvəslidir. İnsanlara yüksək uyğunlaşma qabiliyyətini və bununla birlikdə xüdbinlik, ikiüzlülük, lovğalıqa meyillidirlər.
10. Ekstravert tip- ünsiyyətlidir, onların çoxlu dostları var, hər bir məlumatı müzakirə etməyi xoşlayırlar, itaət etməyi və kölgədə qalmağı üstün tuturlar, tez təsirə düşürlər.
11. İntrovert tip- az təmaslıdır, qapalıdır, xəyalpərvərdir, filosofluğa meyillidir, təkliyi sevirlər, təmkinlilik kimi cəzbedici xüsusiyyətlərə malikdirlər.
12. Qərarsız tip- əhval-ruhiyyəsi həddən artıq tez-tez, həm də daha çox gözlənilməz surətdə dəyişir.
13. Şizoid tip- əsas xüsusiyyətlərindən biri qapalılığıdır. Onların iç dünyası müxtəlif fantaziyalarla zəngindir. Hisslərini biruzə verməkdə onlar kifayət qədər təmkinlidirlər, qaradinməz, bir iş olanda özünü kənara çəkəndir.
14. Epileptoid tip- bu tip şəxslər tez-tez ağlayırlar, ətrafdakıları təngə gətirirlər, tipik xüsusiyyətləri- qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur.
15. İsteroid tip- bu tipin əsas əlamətləri eqosentrizm, şəxsən özünə daima diqqət duyğusudur, ətrafdakıların diqqətini özünə cəlb etmək və öz ünvanına ona məftun olduqlarını, təriflədiklərini eşitmək arzusu ən zəruri ehtiyaclarından birinə çevrilib.