Xəzəri çirkləndirən iaşə obyektləri BAĞLANACAQ - Nazirlikdən XƏBƏRDARLIQ

Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır. Sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai-iaşə obyektləri, üzən vasitələrdən atılan tullantılar əsas çirkləndiricilər kimi xarakterizə edilir. Vətəndaşların etinasız yanaşması nəticəsində ətraf ərazilərin zibillənməsi, sahil zonalarında şəhərlərin inkişaf etməsi, sənayeləşmə və əhalinin say artımı da çirkləndirici amil olaraq qeydə alınır.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Faiq Mütəllimov deyib.

Mütəxəssis təəssüflə qeyd edib ki, 12 avqust “Xəzər günü” ilə bağlı Buzovna çimərliyində keçirilən iməcilikdə bir daha aydın oldu ki, vətəndaşlar öz istirahətlərini təşkil edən zaman ekoloji təmizliyə riayət etmirlər: "Aparılan müşahidələr onu deməyə əsas verir ki, iməcilik keçirilən ərazinin demək olar ki, 99%-i vətəndaşlar tərəfindən atılan plastik tullantılar və qida qalıqları ilə çirkləndirilib. Yəni cəmiyyətdə hələ də ətraf mühitə qarşı biganəlik mövcuddur ki, bu da sahil zonasında rekreasiya əhəmiyyətli ərazilərin və digər sahələrin ekoloji tarazlığının pozulmasına, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır".

ETSN rəsmisi hesab edir ki, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi ilə bərabər, həm də ictimai fikirdə ekoloji pozuntulara qarşı tələbkarlıq və təbiətə qayğı anlayışları daha da dərinləşməlidir: "Bu istiqamətdə nazirlik tərəfindən əhalinin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Sahil zonasında fəaliyyət göstərən müəssisələrə və digər çirkləndirici subyektlərə isə davamlı olaraq xəbərdarlıqlar edilir, fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırılması tələbi qoyulur.

Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması, gəmilərin istismarı prosesinin standartlara uyğun qurulması, tullantıların təhvili-təslimi zamanı şəffaflığın təmin olunması, utilizasiya prosesinin düzgün təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət aparılır, birgə reydlər keçirilir. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilir".

F.Mütəllimov deyib ki, çirkləndirici subyektlərdən sayılan ictimai-iaşə obyektlərinin bəziləri artıq verilən göstərişlərin icrasını təmin edib: "Eyni zamanda başlanğıcdan ekoloji cəhətdən işini düzgün təşkil edən, ekoloji normalara riayət edən “AF Hotel”, “Sultan”, “Qara dəniz”, “Qaya” istirahət mərkəzlərinin fəaliyyəti təqdir olunmalıdır. Lakin bəzi obyektlərdə, məsələn, “Matros” və “Həyat” istirahət mərkəzlərində məişət-çirkab sularının müvafiq təmizləyici qurğular vasitəsilə təmizlənərək axıdıldığı, yəni qanunvericiliyə riayət edildiyi qeydə alınsa da, məişət tullantılarının qalaqlandığı və düzgün idarə olunmadığı müəyyən edilib. Qeyd edək ki, verilən göstərişləri icra etməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması haqqında nazirlik tərəfindən aidiyyəti qurumlar qarşısında vəsatət qaldırılması qərara alınıb.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin".(Publika.az)