İnsan vücudunda şişlərin zamanında aşkar edilməsi müalicəsi baxımından əsas şərtdir.
Psixoloq.az xəbər verir ki, ümumi və transplant cərrah Bəhruz Səlimov xoş və bədxassəli şişlər barədə vacib məqamlardan sosial şəbəkədə bəhs edib.
Həmini nüansları təqdim edirik:
Xoşxassəli şişlər adətən asta böyüyür və ətrafda olan toxuma və orqanları sanki "aralayır". Bədxassəli şişlər isə sürətlə böyüyür və ətrafdaki orqan və toxumaların içərisinə keçir (infiltrasiya edir). Görünüşünə görə yarma zamanı bədxassəli şiş xərçəngin ayaqlarına bənzəyir. Məhz bu səbəbdən xəstəlik "xərçəng" adı ilə tanınır.
Xoşxassəli şişlər insanda ağrıya səbəb ola bilər. Lakin bədxassəli şişlər bəzi xəstələrdə o dərəcədə güclü ağrı verir ki, belə ağrıları yalnız narkotik vasitələrin köməyilə aradan qaldırmaq mükün olur.
Hətta cərrah bədxassəli şişi tam xaric etdikdə belə, burada qalmış ayrı-ayrı xərçəng hüceyrələri vaxt keçdikcə yenidən xərçəng şişi əmələ gətirə bilir. Buna xərçəngin "residivləşməsi" (yenidən qayıtması) deyilir. Bütün bədxassəli şişlər residivləşə bilirlər. Bu səbəbdən bəd xassəli şişlərin əməliyyatı xüsusi qaydada aparılır və əməliyyatdan sonra kimyəvi müalicələr təyin edilir. Bu şişin təkrarlamasının qarşısını alır. Xoşxassəli şişlər çox nadir hallarda təkrarlaya bilər. Onu da nəzərinizə çatdırım ki, bəzi xoşxassəli şişlər bəzən bədxassəli şişlərə çevrilə bilir. Məsələn, uzun illər ərzində dəridə olan xoşxassəli şiş (xal, papilloma və s.) tez-tez zədələndikdə (paltarla, ülgüclə və s.) bədxassəli şişə (dəri xərçəngi - "melanoma") çevrilə bilər. Şişlərdən qorunmaq üçün xüsusi Chekh up müayinələr mövcuddur. Bu müayinələr nəticəsində erkən mərhələdə aşkarlanan şişlərin müalicəsi daha effektiv olur.