“Hazırda Azərbaycanda ödənişli ola biləcək avtomobil yolları hələ ki, yoxdur”.
Psixoloq.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.
Ekspertin sözlərinə görə, ödənişli avtomobil yolları ilə bağlı qanunda qoyulan 2 vacib şərt təmin edilməlidir: “Birincisi, ödənişli yolun mütləq ödənişsiz alternativi olmalıdır. Ödənişli yolun alternativi olan ödənişsiz yol da texniki göstəricilərinə görə bütün satandart və tələblərə uyğun, təhlükəsiz və rahat hərəkət üçün abadlaşdırılmış olmalıdır.
Məsələn, yaxın gələcək üçün hədəflənən Ələt-Astara yolunun yeni salınmış hissəsi yalnız o halda ödənişli ola bilər ki, onun alternativi olan köhnə yol, yəni Biləsuvar və Cəlilabaddan keçən yol tam bərpa olunaraq ideal vəziyyətə gətirilsin. Hazırda həmin köhnə yol çox bərbad vəziyyətdədir. Belə vəziyyət tam aradan qaldırılana qədər yeni yolun ödənişli olması mümkün deyil”.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, Ələt-Astara yolunun və Bakı-Quba yolunun ödənişli sistemin tətbiq edilməsi ilə bağlı qərar var: “Bu qərarın icra edilməsi üçün zaman lazımdır. Ödənişli yollar konsepsiyası müzakirə olunan zaman alternativ yolların olması da müzakirə edilib. Alternativ yolların keyfiyyəti ödənişli yolla eyni səviyyədə olmalıdır. Sadəcə ödənişli yollarda sürət həddi yüksək ola bilər ki sürücülər təyinat yerinə daha tez çatsın.
Əsas məsələlərdən biri də odur ki, ödənişli yolların qiyməti orta statistik azərbaycanlı sürücünün imkanları daxilində olmalıdır”.(bizimyol.info)