Psixologiyada yuxugörmələr və onların analizindən danışarkən ilk növbədə böyük mütəfəkkir Z.Freyd yada düşür. Yuxuları izah edərkən Freyd sübut etməyə çalışırdı ki, yuxugörmələr heç də təsadüfən və məzmunsuz xarakter daşımır. Onlar həmin şəxs üçün yerinə yetirilməsi mümkün olmayan arzu və istəklərin başqa formada icrasıdır. Onun fikrincə yuxular gələcəkdən xəbər vermir, belə bir halların baş verməsi isə tam təsadüfdür. Şüursuzluğun məhsulu olan yuxuların araşdırılması psixoanalitik üçün böyük imkanlar yaradır.Yuxugörmələrin məzmununa nüfuz edərək, onu psixoanalitikin materialına çevirmək üçün Freyd əsasən iki anlayışdan istifadə etməyi təklif etmişdir:
- Yuxugörmələrin təhlili
- Yuxugörmələrin yozulması
Yuxugörmələrin təhlili yuxunun qapalı məzmununun açılmasını, yuxunun yozulması isə əksinə, yuxugörmənin məzmununun və simvollarının tapılmasını nəzərdə tutur.
Freydin fikrincə, yuxunun konkret məzmunu olduqca az məlumata malik olur. Onun qapalı məzmunu daha genişdir. Yuxugörmələrin təhlili prosesində başlıca məqsəd sərbəst assosiasiyalar metodundan istifadə etməkdir. Bu metoddan istifadə edərkən psixoanalitik bir sıra məqamlara diqqət yetirir.
Yuxunun məzmunundan asılı olmayaraq, analitik şüuüraltı sahədə cərəyan edən hadisələri axtarmağa cəhd edir. Yəni yuxu görən şəxs öz yuxusunu nə qədər aydın və təmiz təsvir edirsə etsin, onun yuxuda gördüklərinə yalnız simvollar kimi baxılır. Bu simvollara əsaslanaraq şuüraltı açılır.
Yuxugörmələri təhlil edərkən onlar bir neçə elementə bölünür. Patsiyentə təklif edilir ki, o özü hər bir elementi ayrı – ayrılıqda izah etsin. Patsiyent izah edən zaman sərbəst assosiasiyalardan istifadə edir. Məsələn yuxuda gördüyü insanın simasını kiməsə bənzədir, onun haqqında ilkin fikrinə gələn hər bir şeyi sözlə ifadə edir. Bu zaman onun şüuraltı səviyyəsinə enmək daha da asanlaşır.
Yuxunun yozulması zamanı analitikin patsiyenti səbrlə dinləməsi, diqqətindən heç nəyi yayındırmaması mühüm şərtdir. Yalnız bu şərtlər daxilində qapalı fikirlərin açılması və yuxunun düzgün analizi mümkündür.
Müəllif: Psixoloq Elgül Eyvazova