Zob boğaz uru adlanır və xəstəlik inkişaf etdikcə qalxanvari vəzi böyüyərək nəzərə çarpır (boğazın ön səthinin yoğunlaşması, şişkinliyi), ətrafda yerləşən orqanlara (nəfəs yolu, qida borusu, damarlar və sinirlərə) təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur.
Xalq təbabətinə və bitkilərlə müalicəyə üstünlük verən yaşlı insanların dediyinə görə kəhraba zobun qarşısını almaq üçün ən etibarlı vasitıdir. Kəhrabadan hazırlanmış boyunbağını həmişə taxsanız heç vaxt zoba tutulmazsınız. Eyni məqsədlə hər səhər təzə və ya isladılmış quru palıd qabığı ilə boğazı silmək olar. zobun ölçüsünü kiçiltmək üçün palıd qabığını boyuna bağlamaq olar.
Xalq təbabəti toksiki (zəhərli) zobun müalicəsi üçün bir neçə bitki yığıntısını da məsləhət görür: Məsələn, 1 xörək qaşığı andız kökünün üzərinə eyni miqdarda cökə çiçəyi, istiotlu nanə yarpağı, bənövşə otu, hərəsindən 2 xörək qaşığı olmaqla dazıotu, bağayarpağı, çobanyastığı çiçəyi, itburnu meyvəsi və 3 xörək qaşığı bataqlıq qurucasının otunu əlavə edib qarışdırın. Dəmləmə hazırlamaq üçün bu qarışıqdan 1 xörək qaşığı götürüb üzərinə 0,5 litr qayanar su tökün və 8-10 saat ərzində isti yerdə dəmləyin. Süzdükdən sonra dəmləməni üç yerə bölüb, gün ərzində yeməkdən qabaq için.
Daha bir müalicəvi dəmləmə hazırlaya bilərsiniz. Bunun üçün hərəsindən 3 xörək qaşığı olmaqla cökə və gülümbahar çiçəkləri, hərəsindən 2 xörək qaşığı olmaqla bağayarpağı, çobanyastığı çiçəyi, hərəsindən 1 xörək qaşığı olmaqla quş qırxbuğumu, bostan şüyüdünün toxumu və istiotlu nanə yarpağını qarışdırın. Bu yığıntıdan 1 xörək qaşığı götürüb üzərinə stəkan yarım qaynar su tökün və 30 dəqiqə vam odda dəmləyib süzün. Bu dəmləməni də 3 hisssəyə bölüb hər yeməkdən qabaq için.
Fitoterapevt Elnur Rəhimov