Həyatımızın hər mərhələsində fərqli krizlərin yaşanması mümkündür. Son zamanlarda insanlar üçün ortaq olan kriz isə "Covid-19" pandemiyasıdır. “Covid-19” bütün dünyada hamı üçün ortaq kriz olsa da insanlar virusa qarşı fərqli emosional reaksiyalar verirlər. Çünki hər bir şəxs fərqlidir, hər kəs hadisələri fərqli qavrayır və öz inanclarına, düşüncə tərzinə görə şərh edir. Bu çətin günlərdə özünüzü, yaxınlarınızı virusa qarşı qorunmaq üçün əhvalınızı yüksək səviyyədə tutmaq və lazımi qaydalara riayət etmək sizin üzərinizə düşən əsas vəzifələrdən biridir.
Bu vaxtlarda əhvalınızı yüksək səviyyədə tutmaq və özünüzü daha rahat hiss etməniz üçün istifadə edə biləcəyiniz fərqli relaksasiya metodları vardır. Özünüzü rahat hiss etməyin metodlarından biri doğru nəfəs almaqdır. Doğru bir şəkildə alınan nəfəs ağır, dərin və səssiz alınan nəfəsdir. Nəfəs aldığınız müddətdə 1 saniyədə dərindən nəfəs alın, nəfəsinizi 4 saniyə ağciyərlərinizdə saxlayın və 2 saniyədə nəfəsinizi yavaş-yavaş verin. Bunu hər gün müntəzəm olaraq təkrarlayın. Bu texnikanı tez-tez təkrarlamağınız sizin özünüzü daha rahat və fərah hiss etmənizə səbəb olacaqdır.
Bu dönəmlərdə, əhvalınızı yüksək səviyyədə saxlamağın digər bir yolu isə sizə xoş təəsürat bağışlayan insanlarla ünsiyət saxlamağınızdır. Karantin rejimində olduğumuz üçün bunu telefon, sosyal şəbəkələr vasitəsilə etməyiniz daha məqsədəuyğundur. Uzun zamandır danışmadığınız dostlarınızla əlaqə saxlaya, keçmişdə olub keçən gözəl günləri yenidən xatırlaya və müzakirə edə bilərsiniz.
Evdə qaldığınız müddətdə uzun zamandır etməyi planladığınız amma zaman məhdudiyyəti ucbatından edə bilmədiyiniz işlərinizi etməyin əsl zamanıdır. Alternativ fikir olaraq, oxumağı planladığınız kitabları oxuya, hobbilərinizə zaman ayıra, yeni yemək reseptlərini sınaya bilərsiniz. Bunlardan başqa, internet vasitəsilə öyrədici online seminarlara qatıla, sertfikat əldə edə, yeni xarici dil öyrənə və ya bildiyiniz hər hansı xarici dili inkişaf etdirə bilərsiniz.
Gələcəyə yönəlik pozitiv düşünməyə çalışın. Bu vəziyyət bitdikdən sonra nələri edəcəyinizə dair planlar qura bilərsiniz. Unutmayın ki, vəziyyəti yenmək üçün dünyada və ölkəmizdə tədbirlər davam edir.
Uzm.Psixoloq Elnara Maharramova