Ailə daxilində və cütlüklər arasında ünsiyyət, ünsiyyət problemləri və onlara Koqnitiv-bihevioral yanaşma.

Ünsiyyət nədir? Ünsiyyət qarşılıqlı münasibət, mehribanlıq, yaxınlıq, ülfət, əlaqə mənalarındadır. Əsasən söz və yazı vasitəsilə xəbərləşmək, əlaqə qurmaq, fikir mübadiləsi aparmaq, qarşılıqlı dialoq ünsiyyət mənasında işlədilir. Ünsiyyət insanın sosial tələbatıdır. İnsana yaşamaq üçün hava, su və qida qədər ünsiyyət də lazımdır.

Ünsiyyətin hamı tərəfindən eyni dərəcədə qəbul olunan ümumi tərifi yoxdur. Psixoloqlardan birinin hesablamasına görə, hələ 1969-cu ilə qədərki dövrdə təkcə ingilis dilində olan ədəbiyyatda ünsiyyətin 96 tərifi məlum idi. Sosial psixologiyada ünsiyyətə müxtəlif təriflər verilmişdir. Onlardan biri belədir: iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.

Ünsiyyətin funksiyaları çoxsaylıdır. Onların ikisini xüsusilə qeyd etmək lazımdır: a)insanların birgə fəaliyyətinin təşkili ( başqa sözlə, “ümumi nəticə əldə etmək məqsədilə səyləri əlaqələndirmək”) b) şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişafı (yəni, “münasibətləri aydınlaşdırmaq məqsədilə qarşılıqlı təsir”)

Bir və ya bir çox insanın birgə münasibəti insanlararası ünsiyyət sayılır. Bu münasibət daha çox şifahi və yazılı ünsiyyətlə qurulur. Bu ünsiyyətdə səs tonu və seçilən sözlər önəmlidir. Yəni bu cür ünsiyyətdə nəyin, necə ifadə olunması böyük əhəmiyyət kəsb edir.

Ünsiyyətdə üz ifadələri və bədən dilinin də özünəməxsus rolu var. İnsan bilərək və ya bilməyərək bundan istifadə edə bilər.

Ailədaxili ünsiyyət

Ailə insanın ilk məktəbidir. İnsanın ən çox ünsiyyətdə olduğu və ünsiyyəti öyrəndiyi yer də məhz ailədir. Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır. Həmin məqsədləri belə sıralamaq olar:

• Məlumat vermək

• Fikir bildirmək

• Hisləri ifadə etmək

• Ehtiyac və istəkləri dilə gətirmək

• Nəzarət etmək (razı salmaq, yol göstərmək)

Ailə münasibətləri digər insanlarla münasibətdən fərqlidir. Çünki ailə münasibətlərində rəsmilik olmur. Münasibətlər sevgi və hörmətə əsaslanır.

Ailə üzvləri demək olar ki, oxşar düşünür. Hər hansı hadisəyə ailə fərdlərinin münasibəti çox vaxt bir-birinə bənzəyir.

Digər münasibətlər kimi ailədaxili münasibətlər də diqqət tələb edir. Bəzi ailə problemləri münasibətlərə biganəlikdən qaynaqlanır. Bundan əlavə, tərəflərin problemlərə yanaşma tərzi də münasibətlərə mənfi və ya müsbət təsir göstərir.

Ailədaxili ünsiyyətin əsasları

Vaxt ayırmaq

İnsanlarla yaxşı münasibət qurmaq üçün onlara vaxt ayrımaq lazımdır. Əfsus ki, müasir dövrdə ailəyə çox az vaxt ayrılır. Bir araşdırma nəticəsində məlum olub ki,

Evliliklərindən razı və bir-birini sevən cütlüklərin doxsan faizi vaxtının çoxunu bir yerdə keçirənlərdir. Eyni araşdırmada boşanan cütlüklərin boşanmazdan əvvəl bir-birinə daha az vaxt ayırması da diqqət çəkir.

Sevgini ifadə etmək

İnsanın yeməyə və suya ömür boyu ehtiyacı olduğu kimi, sevgiyə də ehtiyacı var. Sevildiyini bilmək insanın əsas ehtiyaclarından biridir. İnsan sevməyi sevilərək öyrənir.

Ailə münasibətlərində sevgi başlıca rol oynayır. Yeni qurulan ailədə kişi və qadının ən böyük arzusu qarşılıqlı sevgi görmək, evlənəndən sonra da sevgilərini qorumaqdır.

Ər-arvad bir-birinə sevgilərini bildirməkdən çəkinməməlidir. Xüsusən qadınlar diqqət və sevginin sözlərlə ifadəsini daha çox istəyirlər. Kişi həyat yoldaşına diqqət və sevgisini sözlərlə yox, hərəkətləri ilə göstərməyə çalışdıqda qadının ehtiyacı tam qarşılanmır. Bu səbəbdən kişi qadının sevgi tələbatını nəzərə almalıdır.

Bu məqamda qarşı tərəfin sevgi “dili”ni, yəni onun nəyi xoşladığını, nədən xoşbəxt olduğunu bilmək lazımdır.

İnsanların zövqləri kimi sevgi dilləri də müxtəlifdir. Bir-birinin sevgi dilini bilməyən cütlük hərəsi bir dildə danışan əcnəbilərə oxşayır.

Hədiyyə sevən bir qadını, təbii ki, xoş sözlərlə yola vermək müşkül məsələdir.

Əsas sevgi dilləri bir yerdə vaxt keçirmək, birlikdə iş görmək, hədiyyə almaq, xoş söz və xitablar (əzizim, sevgilim və s.) və fiziki təmasdır.

Dialoq

Ünsiyyətin başlıca forması dialoqdur. Dialoqun iştirakçıları ən azı iki nəfərdir. Ailədəki ünsiyyət monoloq şəklində yox, dialoq şəklində olsa da, əksər hallarda monoloqun çərçivəsindən kənara çıxmır. Məsələn kişi danışır, istəklərini bildirir, ancaq həyat yoldaşının ağzını açmağa imkan vermir. Halbuki, qarşı tərəfin danışmasına imkan vermək, onu dinləmək ona verilən dəyəri göstərir. Əri tərəfindən fikirləri dinlənilən qadın daha rahat və xoşbəxt olur.

Empatiya qurmaq

Empatiya özünü həm­söhbətin yerinə qoymaq bacarığıdır. Simpatiya isə bir adama və ya bir şeyə qarşı rəğbət bəsləməkdir. Bir insana simpatiya bəsləmək onun kimi olmağa çalışmaqdır. Qarşı tərəfə rəğbət edən insan onun sevincinə və kədərinə şərik olur. Empatiya isə fərqlidir, həmsöhbətə bənzəmək deyil, onu anlamaq istəyidir. Bir insanı anlamaqla ona haqq qazandırmaq eyni şey deyil. Empatiya zamanı insan qarşı tərəfi anlamağa, simpatiyada isə, anlasa da, anlamasa da, qarşı tərəfə haqq qazandırmağa çalışır. Bir sözlə, empatiya həmsöhbətə göstərilən anlayışın nəticəsidir.

Ailədaxili ünsiyyətdə böyük əhəmiyyət daşıyan empatiya ailədaxili münasibətlərin möhkəmlədən əsas məziyyətlərdən biridir.

Kişi və qadın həyata eyni “pəncərə”dən baxmaq məcburiyyətində deyil. Hərəsi öz pəncərəsindən baxmalıdır. Biri o birini özü kimi düşünməyə məcbur etməməlidir. Eyni hadisəni görən iki insan həmin hadisə haqqında fərqli düşünə bilər. Əvvəllki yazıda gətirdiyim sitatı bir daha xatırlatmaq istəyirəm “Evlilik “Mən”ləri qoruyaraq “Biz” ola bilmək sənətidir.

Koqnitiv-bihevioral terapiyalar ailə və cütlüklərin terapiyasında da tez-tez müraciət edilən bir yanaşmadır.

Rus fizioloq İvan Pavlovun şərti reflekslər nəzəriyyəsi ilə ortaya çıxan davranış yanaşmaları və davranışçı terapiya John B. Watson’un “Kiçik Albert” və Mary Cover Jones’un “Peter” keyzləri ilə fobiyanın müalicəsində istifadə edildi və ilk dəfə olaraq Joseph Wolpe uğurlu nəticələr əldə etdi, davranışçı terapiyada koqnitiv proseslərə “sirr” olaraq yanaşıldığı üçün əsas etibarilə davranışçı və ya indiki adı ilə klassik məruz buraxma, sistematik duyarsızlaştırma yolu ilə fobiya və agorafobi olan şəxslərdə tədbiq edildi. Digər tərəfdən, Masters və Johnson, cinsi funksional pozuntulara əsaslanan narahatlıqları bu psixoterapiya yanaşması ilə müalicə etdilər və ailə-cütlük, cinsi funksional pozuntuların müalicəsi üçün istifadə edilən yanaşmalar qrupuna Bihevioral(davranışçı) yanaşmanı da əlavə etdilər.

Skinnerin rəhbərliyi altında şərtsiz reflekslərə cavab olaraq şərti reflekslərə əsaslanan operant öyrənmə nəzəriyyəsi ortaya qoyuldu. Operant öyrənmə xüsusilə uşaqlarda təsirli olub və uyğun olmayan davranışı neytrallaşdıraraq, yaxşı davranışı mükafatlandırmağa əsaslanır. Növbəti illərdə sosial öyrənmə nəzəriyyəsi, rol təkrarlanması və modelləşdirmə işləri davranışçı ailə terapiyası metodları kimi istifadə edilməyə başlandı.

Koqnitiv-bihevioral terapiya, çox ümumi bir tərifdə; koqnitiv və davranış sferasında olan kənaraçıxmaların təhlili və müalicəsidir, insan davranışında müşahidə oluna bilən və ölçülə bilən dəyişiklikləri koqnitiv sferadan araşdırıb, düşüncələrin və duyğuların onları tənzimləmə gücünə malik olduğunu deyir. Psixoanalitik yönümlü psixoterapevtik yanaşmalardan bir çox cəhətdən fərqlənir. Koqnitiv-bihevioral terapiyalar problemin bir fil bənzəri şəxsin yaxınlığında olduğunu qeyd edir. Bundan başqa psixoanalitik terapiyada olan sərbəst assosiasiyalar, yuxu şərhlərinə Koqnitiv-bihevioral terapiyalarda rast gəlinmir.

Evlilik və cütlüklər üçün Koqnitiv-bihevioral terapiyada əsasən ünsiyyət problemləri hədəf olaraq müəyyən edilir, toxunuşlar ünsiyyət probleminə səbəb olan düşüncə xətalarını aradan qaldırmaqdır. Terapevtik bağın qurulması təbii ki, uğurlu başlanğıc üçün başlıca məqamdır. O bağlılıq sayəsində sonrakı mərhələdə tərəflər əsas problemi danışacaq, ev tapşırıqlarını yerinə yetirəcəklər. Terapevtik bağ qurmadan texnika tədbiq etməyə can atmaq mənə bir çox fənni tədris etmiş Leyla müəllim Nuriyevanın ifadəsi ilə “Paltara görə düymə almaq əvəzinə düyməyə görə paltar tikdirməkdir”.

Problem yaradan bir neçə təməl ünsiyyət xətalarına nəzər salaq.

Dağıdıcı tənqid: Problemli münasibətlər adətən bir-birlərini günahlandıran və tənqid etməyə meylli olan partnyorlardan ibarətdir. Burada həyat yoldaşları tamamilə bir-birlərinin mənfi tərəflərinə diqqət yetirirlər və beləliklə, məkrli bir qavrayışla müsbətlər kənara atılır. Hər iki tərəf əslində əzab çəkir və dağıdıcı tənqidlər “havada uçur”. Misal üçün; “Sən məni incitməkdən zövq alırsan ”.

Ümumiləşdirmə: Problemli cütlüklərdə ər-arvad bir-birinə mühakimə, tənqidlə yanaşmağa və ümumiləşmiş yanaşma etməyə meyllidirlər. Misal üçün; “Sən həmişə belə eqoistsən! “. Partnyorların tənqidi bəzən daha da irəliləyir və tərəflər bir-birlərinin şəxsiyyətlərini hədəf alan ifadələr işlədirlər. Bu, bir-birinin ailələrini tənqid etməyə qədər gedib çıxır. Misal üçün; “Sən həmişə belə eqoist olmusan, bu xüsusiyyəti anandan almısan! Bütün ailən belədir!“

Zehni oxumaq və Falçılıq : Burada həyat yoldaşları bir-birinin demədiklərini dediklərindən daha çox anlamağa çalışır. Deyilənlərin gizli niyyətini tutmağa çalışırlar. Misal üçün, “ Baxmayaraq ki, indi belə deyirsən amma əsas niyyətin məni alçaltmaqdır! ” “Səninlə heç vaxt danışmaq olmur, bir də bax, yenə hirslənirsən ! “ ya da “Bunları Dr.Mehmet Bəy dediyi üçün edirsən. O həqiqətən düşməyə bilər, amma mən bilirəm ki, bu davranışları ürəkdən etmirsən.”

Keçmişdən nümunə göstərmək: Məsələn, “15 ildir hər dəfə eyni şeyləri edirsən” və ya “evliliyimizin ilk illərində çəkdiyim əzablar üçün səni heç vaxt bağışlaya bilmərəm “.

Özünü tamamilə haqlı hesab etmək. Məsələn, “Bütün evliliyimiz boyu heç bir mübahisəyə mən səbəb olmamışam”.

Tərəflərin öz davranışlarına görə məsuliyyətdən qaçması: Məsələn, “Sən məni o qədər özümdən çıxarırsan ki, mən bu səbəbdən güc tədbiq edirəm.”

Çıxılmaz vəziyyət yaradan ifadələr: Məsələn, “İndi səy göstərirsən amma indi çox gecdir. Bunu 5 il əvvəl etməliydin. ”

Məntiqdən silah kimi istifadə etmək: Məsələn, “Yaxşı, mənim məsləhət gördüyüm istiqaməti təkzib edəcək bir yol təklif et, sən dediyini edək.”

Yoldaşlardan birinin psixoterapevt rolunu öhdəsinə götürməyi: Məsələn, “Sən indi narahatsan. Bunu başa düşürəm və bundan sonra doğru olanı tapmağa sənə kömək edəcəm.”. Burda situasiya sizə konflikt yaratmağa meylli gəlməyə bilər, amma diqqətlə baxdıqda rol oynayan tərəfin qarşısındakı şəxsə “Ən doğrunu mən bilirəm” mesajı verdiyini görə bilərik.

Sağlam ünsiyyət mühiti yaratmaq üçün bir neçə texnika:

• Həyat yoldaşınızın atdığı addımları təqdir etdiyinizi ona göstərin.

• Birgə daha çox vaxt keçirin. Birlikdə problem həll etməyi öyrənin.

• Həyat yoldaşınızın atdığı yanlış addımlara qarşı tolerantlıq sərgiləyin.

• Fikirlərinizi yıxıcı formada deyil, öz fikrinizi ifadə edirmiş kimi ifadə edin. Unutmayın ki “nə dediyindən çox, necə dediyin önəmlidir.”

Koqnitiv-bihevioral terapiyada interpersonal səviyyədə bir texnika:

Burada ciddi və emosional yanaşma yerinə fikrinizi üzünüzdə təbəssümlə və incə formada bildirin.

Basdırılmış emosiyanın aşkara çıxarılması üçün David Letterman texnikası:

Burada qarşınızdakına onun söhbəti ilə həqiqətən maraqlandığınızı göstərir və ona təsir etmək əvəzinə danışdığı hər hansı mövzunu diqqətlə dinləyirsiniz. Bu partnyorunuza ona dəyər verdiyiniz mesajı verəcək, projektor işıqları onun söhbətinin üzərinə çevirin, ara-sıra dediyi cümləni sual formasında təkrar edin və ya “Bir dəqiqə, doğrudan belə bir hadisə baş verib?”, “doğrudan belə dedin?” kimi suallar verin.

Ədəbiyyat siyahısı:

1. Beck, A. T. (1988) – Aşk asla yetmez, USA: Harper ve Row.

2. David D.Burns-Panik Atakda, Psikonet Yayınları

3. Ertuğrul Köroğlu – Akılcı duygulanım davranışçı terapi, HYB yayıncılık

4. Əbdül Əlizadə, Əkbər Bayramov – Sosial psixologiya, “Qapp Poliqraf”, Bakı, 2003

5. M. Faruk Bayraktar – Çocuk sevgisi üzerine Hz. Peygamberden mesajlar.

6. Mehmet Zihni Sungur – Aşk, Evlilik, Sadakatsizlik:Şeytan üçgeni

7. Mehmet Zihni Sungur – Sen, Ben ve Aramızdakı Her şey, İstanbul, Goa

8. Mehmet Zihni Sungur – Bağlanma, evlilik ve aile psikolojisi, s.326-340(Davranışçı Sistemik Evlilik Terapisi, Evlilikde İletişim ve Bağlanma),Sistem yayıncılık, 2010

9. Önder – Ailede iletişim konuşarak ve dinleyerek anlaşalım.

10. Üstün Dökmen – Sanatta və günlük yaşamda iletişim çatışmaları ve empati

Psixoloq Nəsimi Qiyasov – 10. 04. 2021

Azərbaycan Respublikası, Bərdə şəhəri