Psixoloq.az xəbər verir ki,bir çox insanlar antidepresantları narkotik tərkibli hesab etdiyindən çox hallarda müalicədən imtina edir və ya həkimdən bitkilərlə müalicə tələb edirlər. Bununla bağlı tanınmış Neyropsixoloq Günel Əhmədova özünün sosial hesabında antidepresantların narkotik tərkibli dərmanlar olmaması barədə paylaşım etmişdir.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik.
Doktor, o narkotik tərkibli dərmanlardan yazma, təbii şeylərdən yaz
Cavab 1. Doktorun bir möhürü ilə heç bir narkotik tərkibli dərman verilmir.
Cavab 2. Ali təhsilli diplomu olan doktor dövlət tərəfindən təsdiqlənmiş protokollarda yer alan və tövsiyə edilən dərmanları yaza bilər. Təbii şeyləri loğmanlar yazır. Ona görə də doktora çek açmamışdan əvvəl düşünmək lazımdır: həkiməmi gedəcəm, loğmanamı? Əgər cavab həkimə gedəcəmdirsə, artıq ilk cümlədəki müraciəti etmək nə qədər məntiqlidi, siz deyin
Cavab 3. Adətən bu sözləri "əsəb" şikayətləri ilə müraciət edən xəstələr deyir. Çünki ağrı səbəbilə gələn xəstə deyir, nə istəyirsən elə, bircə bu ağrıdan canım qurtarsın. Xroniki sinir ağrıları həqiqətən insanı çox üzür. Allah hamıya kömək olsun.Amma yazımı "əsəb" şikayəti edən pasientlərlə davam etmək istəyirəm. Narkotik tərkibli deyilən dərman olaraq əsasən antidepressantlar və neyroleptiklər nəzərdə tutulur. Biz nevroloqlar antidepressant daha çox yazdığımız üçün, onlara yer ayırmaq istəyirəm.
Antidepressantlar - narkotik tərkibli deyil. Sadəcə insan beynində bəzi maddələr var ki, onlar əhvala, gümrahlığa, motivasiyaya və digər insanı həyata bağlayan hiss və emosiyalara təsir edir. İnsanın uzunmüddətli stress, depressiya halında isə bu maddələr azalır. Antidepressantlar beyində bu maddənin miqdarına təsir göstərir və normal səviyyəsini təmin edir. Müasir preparatlar öyrəşmə yaratmır, yan təsirləri yetrincə azdır. Ən vacibi odur ki, özbaşına təyinat olmasın, mütləq həkim nəzarəti altında qəbul edilsin.