İnsanlıq var olduğu gündən yaşanmış hər bir hadisə şəxsi təcrübəyə hoparaq gələcək nəsillərə ötürülüb. Bəlkə də tarixdəki izlərin əbədiləşdirilməsi ilə insan bu dünyadakı faniliyini, əksikliyini, dolduracağını düşünüb. Bəlkə də bununla gələcək nəsillərə açıq və ya gizli mesajlar çatdırmağa çalışıb. İnsanların tarixi hekayələşdirməsi onların psixologiyasının bir əsəridir. İnsan psixologiyası baş verən hər bir hadisəni şəxsi prespektivi ilə tarixiləşdirməyə, belə deyək şərh etməyə çalışır. Bütün nüanslar bu andan etibarən (şərh edilən hekayə əsasında) formalaşmağa və insanın həyat yolunda ona yoldaşlıq etməyə başlayır. Özünü ölümsüz kimi qələmə verməyə çalışan insan təxəyyülü Yunan mifologiyasının qəhrəmanı Axilles kimi bəşəri mübarizələrdə zəfərdən zəfərə adladıqca onun həddi-hüdudu olmayan arzu və istəkləri ilə yanaşı onun zəif tərəfləri də gizli qorxuları ilə birləşərək hər zaman ölümlə yanaşı addımlayıb. Yəni psixologiyamızın qorxuları "Axillesin dabanı”dır. Bizi narahat edən müxtəlif qeyri-real düşüncələri bir-bir müəyyənləşdirdikcə Axillesin dabanına çatmış olarıq. O düşüncələri təsdiqləmədikdə,Axillesin dabanından vuraraq gizli qorxularımızdan azad olarıq.
Axilles Sindromu Nədir?
Adını yunan mifologiyasının yenilməz qəhrəmanının adından alan bu sindrom, insanlarda gizli müvəffəqiyyətsizlik qorxusu ilə müşayiət olunaraq özünə başqalarının gözü ilə baxma və başqalarının düşüncələrini oxuma cəhdiylə nəticələnən psixoloji narahatlıqdır. Bu sindrom şərq ölkələrində daha çox nəzərə çarpır. Xüsusilə də bir azərbaycanlı kimi deyə bilərəm ki, uşaqlıq illərimi keçirdiyim Bakının "Kubinka” adlanan ərazisinin hər küçəsində bu sindromla qarşılaşmışam. Uşaqlıqdan bəri ailədə, məktəbdə, qonaq gedəndə və elə öz məhəlləmizdə də te-tez eşidirəm: " onu geyinmə, qohum-qonşu nə düşünər?” , "gec gəlmə o, bu nədeyər?”, "bilmirəm desəm, görəsən, haqqımda nə düşünərlər?”, "özümü elə aparım guya bilirəm”, "bunu alım, yoxsa mənim haqqımda nə düşünərlər?”, "ac gəzim amma bahalı paltar, şuba geyinim, yoxsa nə deyərlər haqqımda?”, "kreditlə telefon və ya maşın alım, yoxsa deyərlər ki...” qismində ifadələr bizi zaman-zaman falçıya çevirir. İnsanların demədiklərini hətta heç vaxt deməyəcəklərini irad kimi qəbul edib, ona görə həyatımıza davam edir və həyat hekayələrimizi bu bünövrə əsasında formalaşdırırıq. Bu gizli qorxu, psixoloji baxımdan biz insanların həmişə gizli-gizli sızıldayan dabanımız olub və həyatımızın normal axışına maneə törədib.
Axilles Sindromunun Səbəbləri:
Bu sindrom insanın uşaqlıq illərindən onun əsas ailəsi (valideyn və qohumlar) ilə başlayıb məktəb həyatında (müəllimlər) davam edib böyüdüyü sosial cəmiyyətin ona qazandırdığı amillər nəticəsində tam formalaşan qeyri-real düşüncələrin məcmusudur. İnsan öyrənmə mərhələsində psixoloji baxımdan qorxularını gizlədərək maddi və mənəvi yükləri daşımağa başlamaqla bu sindroma doğru ilk addımlarını atır.
Nəticədə isə insan arzu və istəkləri üçün müharibədən müharibəyə keçdikcə Axilles kimi zəfər qazansa da yorğunluqdan o qələbənin sevincini belə yaşaya bilmir. Çünki hər psixoloji mübarizəyə bir öncəki gizli qorxularının yükü ilə davam edir və bu yük hər gün daha da artır, bir az da ağırlaşır.
Fiziki olaraq keçmişə qayıda bilmədiyimiz kimi gələcəyə də gedə bilmərik, ona görə də kəhanətə (falçılıq) ehtiyac yoxdur. Hadisələri şərh etmədən olduğu kimi qəbul etmək və ömrümüzün bütün günlərini qorxusuzca, sevgi ilə yaşamaq lazımdır...
Psixoloq Elgün Quliyev
Psixoloq.az