Azərbaycan qadını romantik münasibətlərdə: Fədakarlıq, yoxsa travmalı bağlılıq?

Münasibətlərdə “Stokholm sindromu”. Azərbaycan qadını romantik münasibətlərdə: Fədakarlıq, yoxsa travmalı bağlılıq?

Travmalı bağlılıq fenomeni Stokholm şəhərində baş verən bir bank soyğunçuluğuna əsaslanır. Bu bank soyğunçuluğu zamanı işçilər əsir götürülür. Ancaq tədqiqatçılar əsir götürülən şəxslərin əsirlikdə olduqları müddətdə soyğunçularla emosional bağlarının inkişaf etdiyini müşahidə edirlər. Əsirlərin yaşadıqları bu vəziyyətə “Stokholm sindromu” deyilir. Stokholm sindromu travmalı bağlılıq konsepsiyası ilə əlaqəli olsa da, travmalı bağlılıq, istismar və zorakılıq kor çarxını əhatə edən münasibətlərdə ikili bağlanma prosesidir.

Travmalı bağlılıq tez-tez istismara və ya şiddətə məruz qalan şəxsin getdikcə gücsüz, köməksiz və həssas hiss etdiyi münasibətlərin müşayiəti ilə inkişaf edir. Ancaq travmalı bağlanma barədə daha ətraflı danışmadan əvvəl, travmatik bağlanmanın inkişafına səbəb olan dövr haqqında danışaq.

Toksik münasibətlərdə, cütlüyün konflikt yaşamağı üçün bir stimul ola biləcək təcrübələr yaşandıqda ortaqlar arasındakı gərginlik artır. Təcavüzkar tərəfdaşını bu stimula görə günahlandırır və yaşadıqları gərginliyi fiziki və ya emosional şiddətə müraciət edərək daha da artırır. Lakin, bəzi hallarda, bu gərginlikdən sonra şiddətə üz tutan şəxs özünü peşman olmuş kimi göstərə bilir və ya bağışlanmaq üçün jestlər etməyə başlayır. Şiddətə məruz qalan şəxs isə təcavüzkarın yaxşı niyyətli olduğunu və səhvini başa düşdüyünü düşünür və partnyorunu bağışlayaraq münasibətə davam edir. Ancaq bu bir kor çarxa çevrilə bilər və partnyorlar bu kor çarxda tələyə düşə bilərlər. Bu dövrdə, xüsusilə təcavüzkarın üzr istədiyi və özünü bağışlatmağa çalışdığı zamanda, zorakılığa məruz qalan şəxslərdə köməksizlik hissi yarana bilər. Bəs niyə bu tip münasibətlərdə olan biri bu kor çarxı görmür və ya bu münasibətdə qalmağı seçir?

Münasibətlərində şiddət və təcavüzə məruz qalan bəzi insanlar bunun birdəfəlik bir davranış olduğuna inanır və bu hadisədən sonra təcavüzkarın yaşadığı peşmanlıq, əzilən tərəfin bu inanclarını gücləndirir. Tərəfdaşlar arasındakı bağlılıq da bu müddətdə güclənir. İstismarın birdəfəlik bir şey olmadığını və ona zərər verildiyini anlayan insan üçün təəssüf ki, bu əlaqəni bitirmək asan olmaya bilər. Çünki bu müddətdə münasibətlərdəki travmatik təcrübələri özündə birləşdirən bağlar artıq güclənmiş olur.

Sualımıza bir başqa cavab da öyrənmə nəzəriyyəsindən gəlir, istismar edilən şəxslərin həqiqətləri görməməsi üçün müxtəlif “manipulyasiyalara” əl atılmasıdır. Bunu qaça bilməyəcəklərini düşünən istismara məruz qalan şəxslərdə “acizlik freymi” inkişaf edir və bununla da onlar münasibətə davam etməyi seçirlər. Ümumi bir koqnitiv təhrif, istismara məruz qalanlar tərəfindən istismarın inkar edilməsi və ya önəminin aşağı salınması da bu cür münasibətlərin davam etməsinə səbəb ola bilər. Münasibətlərdə gücün qeyri-bərabərliyi artdıqca və təcavüzkarın həqiqətən onların qayğısına qaldığına dair inam formalaşdıqca, istismar edilənlər özlərini günahlandıra bilər və istismar edəni yaxşı, özlərini pis kimi görə bilərlər. Bu, fərdlərin özünə inamını və özünə hörmətini azalda bilər və bu münasibətdə qalma ehtimalını artıra bilər.

Şükranlıq hissi bildirmək istəyirəm ki, işimin nəzəriyyə qismini tamamladım, yazdığım məqaləyə “işim” deyə müraciət etməyimə səbəb olduğu üçün Elvin Mabuda (Bu sənin tədqiqat işindir, “araşdırdıq” yox, “araşdırdım” yaz- demişdi) təşəkkür edir və şəxsi fikirlərimi bildirmək istəyirəm.

Kor çarx necə yaranır? Hakan Türkçapar “Fark et, düşün, hiss et, yaşa!” kitabında bu prosesi belə ifadə edir: Bir sabah işə gedəndə qapının kilidinin əvvəlki kimi bir dəfə çevrildikdə yox, iki dəfə çevrildikdə bağlandığını görürsən, o biri gün isə üç cəhddə, daha sonra beş cəhd, sonra on cəhddə və beləcə sən rituallaşmış davranış sərgiləyir “Bu dəfə bağlanacaq” deyə-deyə hər gün 10 dəqiqəni qapının önündə açar çevirərək keçirirsən. Bu kor çarxdır.

Münasibətlərdə də bir ömür bəzən bir insanın sizin istədiyiniz insana çevriləcəyini gözləməklə keçir. İlk tanış olduğunuz zamanlarda sizə çox yaraşdığını dediyi donunuzu geyinməyə icazə vermir. Siz hadisəyə özünüzə məxsus məna yükləyirsiniz “məni sevir və başqalarının nəzərindən qorumaq istəyir”.

Və ya başqa situasiyaya diqqət yetirək, sizin bir tələbə və ya iş yoldaşınızla söhbətinizə şahid olur və əvvəllər sizin ən çox sevdiyiniz yönünüz kimi qeyd etdiyi ünsiyyətcilliyinizi sorğulayır “deməli mən səni xoşbəxt edə bilmədiyim üçün sən başqa emosional bağlar qurur, dostlar qazanmağa çalışırsan, eybi yoxdur.”. Siz burda koqnitiv təhrif olaraq “günahlandırma”nın bir növü olaraq özünüzü günahlandırırsınız. Burda yenə siz psixoloji zorakılığa qurban gedən olduğunuz halda özünüzü cəllad hesab edirsiniz, ortada bir “gözüyaşlı manipulyator” var, sizin anlayacağınız sevgi yenə aranızdakı münasibətə “əli üzündə” baxır.

“Böyütmə və kiçiltmə, yaxud Durbin effekti”

Bir gün cənab evə gəlir, işdə yorulub, sabah qonşu ilə marketə gedəcəyinizi deyirsiniz, “Sən özbaşınasan?” sualı ilə rastlaşırsınız, “Sən məşğul olursan, işdə olursan, uşaqlara və evə alınacaq olanlar var”, məqsəd qalır mərkəzdən uzaqda cənab sizə “Mən sizə baxmaq üçün işləyirəm”deyir, siz də bu vaxtı əsas mövzudan uzaqlaşır və “İmkan versən mən də işləyərdim” deyirsiniz, cənab kreslodan qalxır, pultu stolun üstünə atır və sizə zərbə endirərək “Mən sizə baxa bilmirəm? İndi də deyəcəklər ki, Alı “arvadı”nı işlədir?”. Bu ilk dəfə baş verən hadisə deyil, siz gecə olanları yenidən xatırlayır və belə bir nəticəyə gəlirsiniz ki, o sizə sizi düşündüyü üçün əl qaldırıb, “Məni düşünür, insanların haqqımda mənə layiq olmayacaq nə isə deyəcəyindən ehtiyat edir, məni özünə aid edir”. Qeyd edilən keysdən də göründüyü kimi burada xanım situasiyanı real tərəfini kiçildir, qeyri-real və ya özünün mənalandırdığı məqamı isə böyüdür. Nəticədə siz sizə zərər verən insanı “mələk” kimi qəbul etdiyiniz halda bütün digər insanları ümumi bir tərəzi ilə dəyərləndirir və şərin mənbəyini kənarda axtarırsınız.

Uzun sözün qısası, müəllim, nə edək biz? İnsanlar bir münasibətdə olduğu zaman yaşadıqlarının adını tam olaraq bilmədiyi müddət ərzində ya “qurban”, ya da “cəllad” rollarını ifa edirlər. Qarşılarındakı insanların azadlığına aşiq olub, sonra o insanın ətrafına “tikanlı məftil” çəkirlər. Bu cür toksik münasibətlər bizlərə zaman itkisi və özgüvən itkisi yaşatdığı halda heç nə qazandırmır. Bu yolda qazanc yalnız bir halda mümkün ola bilər. Necə? Mövcud münasibətlə bağlı inancımızı yenidən qiymətləndirməklə. Bunu etməyiniz üçün sizə faydalı olduğunu düşündüyüm bir texnikanı nümunə olaraq qeyd edəcəm. Bu texnika həm “yıxıcı inanclar”ı, həm də “avtomatik düşüncə”ləri təyin etməyə, onun fayda və zərərlərini araşdırmağa xidmət edir.

1. Əvvəlcə düşüncə izlənilir. Situasiyanı xatırlayır və özümüzə “Hal-hazırda nə düşünürəm?” sualını veririk, o Düşüncəni vərəq üzərində qeyd edirik.

2. Əgər düşüncəni tapmaq çətindirsə:

A. Bu hadisəni xatırladıqda özümü necə hiss etdim?

B. Belə hiss etməyimə səbəb nədir?- sualını verərək “avtomatik düşüncə”ni təyin edirik.

3. Düşüncəni bir vərəqin yuxarısına qeyd edirik.

4. Bu situasiyanı dəyişmək üçün “səbr etmək”dən başqa alternativ çıxış yolları haqqında düşünürük. Bu alternativ yolu “dəyişmək” şərti adı ilə qeyd edin. Vərəqi iki hissəyə ayırın.

Məqsəd: Dəyişmək

Fayda:

1. Daha psixoloji və ya fiziki bir zorakılığa məruz qalmayacağam.

2. Dostlarımla münasibətlərim mənasız qısqanclıq səbəbindən korlanmayacaq.

3. Ayrılsam da, tək qalsam da ən azından yanlış insanın yanında olmaqdan daha yaxşıdır.

4. Kim bilir, bəlkə də bir gün qadın cinayətinin birinə də mən qurban gedəcəyəm, nə qədər ki, yaşayıram həyatımın qeydinə qalmaq borcumdur.

5. Məni həqiqətən anlayan insanlara rast gələ bilərəm.

Zərər:

1. Onu sevirəm, ayrı qalmaq çətin olacaq.

2. Bəlkə peşman ola bilərəm.

Mənbə:

1. Reid, J. A., Haskell, R.A., Dillahunt-Aspillaga, C. & Thor, J.A. (2013). Contemporary review of empirical and clinical studies of trauma bonding in violent or exploitative relationships. International Journal of Psychology Research, 8(1), 37-73.

2. Dutton , D. G., & Painter, S. L. (1981). Traumatic Bonding: The development of emotional attachments in battered women and other relationships of intermittent abuse. Victimology: An International Journal, 7(4), 139-155

3. Dutton, D. G., & Painter, S. (1993). Emotional Attachments in Abusive Relationships: A Test of Traumatic Bonding Theory. Violence and Victims, 8(2), 105-120.

Psixoloq Nəsimi Qiyasov - - 29. 03.2021

Azərbaycan, Bərdə şəhəri.