Azərbaycanda övladlığa götürmənin qaydaları AÇIQLANDI

“Övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub”. 

Psixoloq.az Oxu.Az-ın məlumatına istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı zamanı bildirib. 

O qeyd edib ki, bir sıra beynəlxalq məsləhətçi təşkilatlarla, ekspertlərlə, QHT-lərlə məsləhətləşmələr şəraitində övladlığagötürmə sahəsində normativ-hüquqi aktların layihələri, o cümlədən “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın layihəsi hazırlanıb:

“Həmin Qayda dövlət başçısının 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilib. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də hazırlandığını, nazirliyin Aparatında və DOST Agentliyində övladlığagötürmə üzrə idarəçiliyi təmin edəcək struktur bölmələri yaradılıb”. 

A.Kərimov bildirib ki, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu, onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması, bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi yeni övladlığagötürmə modelinin başlıca prinsiplərindən biridir:

“Bununla bağlı Qaydada valideyn-namizədlə, onun ailə tərkibi, gəlirləri və s. ilə bağlı konkret tələblər, şərtlər qeyd edilib. Həmçinin, övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub. 

Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, inkişaf səviyyəsi monitorinqlər vasitəsilə öyrəniləcək. Valideyn-namizədlərlə bağlı minimum yaş tələbi (subay – 30 yaş, evli – 25,), valideyn-namizədlərin daha mükəmməl qiymətləndirilməsi üçün mərhələlər (uçot, müsahibə, ev şəratinin yoxlanılması, təlim, uyğunlaşdırma, müəssisədə görüş, sınaq müddəti və məhkəmə), övladlığagötürməyə imkan verməyən hallar, övladlığagötürmə üçün ailənin gəlirləri ilə bağlı konkret tələblər və s. müəyyən olunub”. 

Nazir müavini əlavə edib ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi bu sahədə əsas rol oynayacaq:

“Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və valideyn-namizədlərin vahid e-uçotu bu altsistem vasitəsilə aparılacaq. Ümumilikdə övladlığagötürmə prosesinin bütün mərhələləri üzrə məlumatlar altsistemə daxil ediləcək. Altsistem övladlığagötürmə üzrə xidmətlərin e-qaydada təqdim olunmasına imkan verir”. 

İlhamə Əbülfət