Cinsi sağlamlığa qısa baxış. Təriflərdə və anlayışlarda fərqlilik olsa da, intim həyat insanlığın varlığından bəri həmişə mövcuddur və əsrlər boyu əhəmiyyətini itirməmişdir. İncesu’nun dediyi kimi, “intim həyat hər ikisindən də üstündür: həm maraq, həm də qadağalardan, ən çox onun haqqında danışılır, amma həm də heç danışılmır, insanlar ona bələd olduğunu iddia edir, amma həm də çox az tanıyırlar, bir tərəfdən onunla öyünülür, digər tərəfdən ondan utanc duyulur”. Bu cür ziddiyyətlərlə dolu bir sahədə səhiyyə və ruh sağlığı peraonallarının böyük rolu var. Çünki cinsi sağlamlıq, cəmiyyət baxımından ümumi sağlamlığın ayrılmaz hissələrindən biridir, hər hansı bir problem yaşadıqda isə insanları ən çox məyus edən xəstəliklərdəndir həm də. Cinsi sağlamlığınız pisləşməsi yalnız fiziki sağlamlığa müdaxilə etmir, travmatik təcrübəyə də səbəb olur. [2,səh.2.]
Cinsi funksiya və pozuntuları. Cinsi problemlər, fərd üçün zövq və məmnunluq hissini itirəcək qədər sıxıntı mənbəyidir. Cinsi problemlər insanların sevilmədiyi inancı , tərk edilmə qorxusuna əsaslana, özünə inamın itkisinə səbəb ola bilər. Məhrumiyyət, qadın və ya kişi olaraq təhqir olunmuş kimi hiss etmək, utanc kimi hisslərə səbəb olur. Cütlük münasibətlərində istilik, sevgi, seksuallıq kimi emosional məmnunluqlar maddi məmnuniyyət mənbələrindən daha vacibdir. Həssasdır və risk altındadır. Keçmişə nisbətən cinsi problemlərdə artım müşahidə olunur. Zamanla insanlar seksuallığının əhəmiyyətini daha çox dərk etməyə başlayırlar. Belə ki, problemdən qaçışı passiv şəkildə davam etməyi seçmirlər. Cütlüklər və səhiyyə işçiləri də, cinsi sağlamlığın aradan qalxmış olmasının bir xəstəlik olduğunu dərk etməli və müalicəsinə həssaslıqla yanaşmalıdırlar. İnsanların klinikalara gəlməsinə normal münasibətin olması üçün cinsi sağlamlıq və cinsi funksional pozuntular haqqında maarifləndirici söhbətlər aparılması vacib nüanslardandır. Cinsi funksional xəstəliklərin müalicəsi bu problemdən əziyyət çəkən şəxslər üçün utanası bir şey olduğu düşüncəsi artıq aradan qalxmalıdır. Xəstəliyə qarşı səssizliyin aradan qalxması müalicə proseslərinin başlaması sevindirici bir vəziyyətdir. [4,səh.299-301]
Cinsi disfunksiyanın ümumi qəbul edilmiş bir tərifi yoxdur. Masters və Johnson, cinsi disfunksiyanı, insanın cinsi reaksiya dövründəki qənaətbəxş cinsi oyanış və/və ya zövq (orgazm) əldə edə bilməməsinə səbəb ola biləcək hər hansı bir pozuntu olaraq təyin edirlər. Başqa sözlə, bir insanın cinsi həyatının davamlılığından narazı qalma vəziyyəti psixiatriyanın əsas kitabı olaraq qəbul edilən DSM-IV, cinsi funksiyaların pozulması kimi xarakterizə olunur. Diaqnoz qoyulmadan əvvəl, şəxsin cinsi istək, gözləntilərinə və performansa olan münasibətinə və cinsi həyatına təsir edə biləcək etnik, mədəni, dini və sosial quruluşun nəzərə alınmalıdır.
Cinsi pozuntular:
İntim münasibətlə bağlı təşvişli həyəcan pozuntusu: Cinsi Stimullaşma pozuntusu, Qadın cinsi həyəcan pozğunluğu, Kişi Erektil Disfunksiyası
Orgazm pozğunluqları- Qadınlarda orgazm olmama, Kişilərdə orgazm olmama
Erkən boşalma
Cinsi ağrı pozğunluqları- Disparuniya (Cinsi əlaqə zamanı ağrı) –
Vaginizm
Ümumi tibbi vəziyyətə görə cinsi funksiyanın pozulması
Cinsi funksiyaların pozulmasının göstəriciləri
Cinsi istək pozğunluğunun azalması
Cinsi ikrah pozğunluğu
Kişilərdə erektil disfunksiya
Gecikmiş boşalma
Erkən boşalma
Disparuniya
Cinsi meylin pozuntuları.
Cinsi meylin zəifləməsi – hiposeksuallıq depressiyalarda, şizofreniya xəstəliyinin bir sıra kliniki formalarında, mərkəzi sinir sisteminin orqanik pozuntularında, nevrasteniya zamanı və digər patoloji hallarda əlaqədar meydana çıxa bilər. Cinsi meylin zəifləməsinin xüsusi forması olan impotensiya (kişilərdə) və frikidlik (qadınlarda) “funksional xarakterli seksual pozuntular” mövzusunda təsvir edilmişdir.
Cinsi meylin güclənməsi (hiperseksuallıq). Beynin bir sıra orqanik pozuntularında (proqressiv iflic – qocalıq ağıl zəifliyi, oliqofreniya və s.) və manikal oyanma zamanı rast gəlinir.
Təhrif olunmuş (qeyri – normal) cinsi meyllər. Bu ad altında təsvir olunan meyl pozuntuları seksoloji xəstəliklərdən fərqəndirilməlidir. Belə ki, cinsi meylin qeyri- normal ödənilməsi formaları əsasən psixopatlarda (şəxsiyyətin pozuntuları ilə əlaqədar) rast gəlinir. Bir qayda olaraq belə şəxslər nəinki həkimə müraciət etmir, eyni zamanda özlərini xəstə hesab etmirlər və həyatları boyu patoloji cinsi meyllərlə yaşamağa həvəs göstərirlər. Bu növ pozuntulara sodomiya və zoofiliya (müxtəlif heyvanlarla cinsi əlaqədə olmaq), pedofiliya (kiçik yaşlı uşaqlara qarşı cinsi meyl), nekrofiliya (meyidə qarşı cins meyl), fetişizm (əks cinsin paltarına, istifadə etdiyi əşyalara qarşı cinsi meyl), sadizm (əks cinsdən olan şəxsə əzəb – əziyyət (işgəncə) verməkdən cinsi zövq almaq), mazaxizm (əks cinsdən olan şəxsin verdiyi əzab – əziyyətdən (işgəncədən) cinsi zövq almaq) və s. Aiddir. (1,səh.424-425)
Təşviş nədir? Həyat hadisələrinin fərdin özü üçün təyin etdiyi standartlarla üst-üstə düşməsi gözləntiləri, bu gözləntilərə uyğun olmayan təcrübələrə qarşı etirazlara səbəb olur. Yalnız gözləntilərin qarşılanacağı düşüncəsi ilə yüklənmə və gözləntilərə uyğun olmayan bir həyatın qəbul edilə bilməyəcəyi düşüncəsi çox məyusedici təcrübələrə gətirib çıxarır. “Bu gün yağış yağmamalıydı”, “Bu, evliliyimizdə olmamalıydı”, “Həyatımız virusla belə dəyişməməli idi” kimi bir mükəmməlliyi əks etdirən ifadələrin arxasında, həyatı qəbul etməkdə çətinliklər gözləntilərlə uyğun gəlmir və hətta mövcud reallığa etiraz etmək meyli üstünlük təşkil edir.
Etiraz başa düşülən bir davranış forması olsa da, çətinliyi sağlam bir şəkildə geridə qoymaq üçün kifayət etmir. Daha da əhəmiyyətlisi, mənalı şeylər insan həyatına etiraz etmədən hərəkətsiz olduqda daxil olur. Mükəmməliyyətçi düşüncədən təmizlənmək üçün gözləntilərə uyğun olmayan hadisələrə etiraz etmək əvəzinə, gözləntiləri nəzarətsiz baş verən hadisələrə görə tənzimləyə çalışmaq lazımdır. Bu günün dünyasında qeyri-müəyyənliklərin aradan qaldırılması kimi qeyri-mümkün səylər söhbət mövzusu olmayacaq və qeyri-müəyyənliklə daha çox barış içində yaşamaq insan oğluna hüzuru vəd edən nadir fenomenlərdəndir. Qeyri-müəyyənliyə dözümsüzlük insanın bütün narahatlıq və təşvişinin anasıdır. [3,səh.7]
Performans təşvişi ; Adından da göründüyü kimi, müəyyən bir fəaliyyətlə məşğul olmaq ərəfəsində bunu bacarmayacağına dair düşüncələrin yaratdığı təşvişli duyğudur. Kütlə qarşısında təqdimat etmək, iş müsahibəsinə getmək, vacib bir imtahan vermək, çıxış etmək kimi stress və ya narahatlığa səbəb ola biləcək vəziyyətlər performans narahatlığını stimullaşdıran situasiyalardandır. Performans narahatlığını stimullaşdıran düşüncələr duyğulara təsir edir, duyğular isə davranışa və bədən hissiyyatı-fiziki simptomlara.
İntim münasibətlərdə performans narahatlığı intim münasibətlərdə öhdəsindən gəlinməyi lazım olan bir narahatlıqdır. Problemdən əziyyət çəkən insanın zehni, “bunu edə bilərəmmi?” və ya “Uğursuz bir partnyormu olacam?” sualları ilə doludur. Cinsi əlaqə zamanı insan cinsi zövq və ya cinsi oyanış yerinə narahatlıq və təşviş hiss edir. Bu tip narahatlıq qadınlara nisbətən kişilərdə daha çox müşahidə edilir. Cinsi əlaqədən əvvəl və ya sonra şiddətli bir şəkildə narahatlıq, təşvişin artımı ən çox müşahidə olunan simptomdur. Bu narahatlıq damarlara təsir edir, cinsiyyət orqanlarına daha az qanın getməsinə səbəb olur və ereksiyanı o cümlədən orqazmı önləyə bilər.
Performans təşvişinin səbəbləri: Partnyoru məmnun edə bilməyəcəyinə dair avtomatik düşüncələr, cinsi əlaqə ilə bağlı formalaşmış miflər, yıxıcı kök inanclar, ereksiya problemi, müqayisə qorxusu, partnyora qarşı gizli qəzəb və ya başqa mənfi emosiyalar, mükəmməllikçi şəxsiyyət quruluşu, erkən boşalma problemi və.s [6]
Koqnitiv-bihevioral terapiya ətraf mühitdəki qıcıqların insan orqanizminə təsiri, məlumatların həmin stimullarla ötürülməsi hipotezinə əsaslanır.
Hər hansı situasiyaya verdiyimiz reaksiya, fizioloji təcrübə və davranış reaksiyalarımızı müəyyənləşdirir. Bu ‘5 sahə modelində’ sistemin bütün komponentləri interaktiv fəaliyyət göstərir, buna görə əhval-ruhiyyə bizim qavrama prosesimizə və əksinə, qavrama prosesi əhval-ruhiyyəmizə təsir göstərə bilir. Fiziki vəziyyətimiz də, (məsələn əhvala təsir göstərən hər hansı maddə) əhval-ruhiyyəmizə və düşüncə proseslərimizə təsir edir.
Psixotrop dərmanlar fiziki proseslərə təsir göstərir və buna görə də ənənəvi psixoterapiya duyğulara yönəlir. CBT, psixikanın qavrama və davranış hissələrinə diqqət yetirir.
Rasional Emotiv Davranış Terapiyasında (Albert Ellis 1955-Rasional terapiya, bu adı natamam hesab etdiyi üçün 1961-ci ildə adını Rasional emotiv davranışçı terapiya deyə dəyişdirir) olduğu kimi CBT-də də sistematik duyarsızlaşdırma, və məruz buraxma kimi texnikalardan istifadə olunur.
Bütün Koqnitiv-bihevioral terapiyalar:
1. Dəyişiklik üçün düşüncələrin, inancların və davranışların vasitə ola biləcəyinə dair ümumi marağı paylaşırlar;
2. Sosial öyrənmə nəzəriyyəsinin prinsiplərinə əsaslanır, yəni rasional olmayan düşüncə və davranış formalarını sosial mühitdə görərək öyrənirik və daha sonra vərdiş halına keçir;
3. Və hər biri empirik metoda sadiqdir. Yəni dəyişiklik etmək üçün Rasional Emotiv Davranışçı Terapiya da, Koqnitiv-bihevioral terapiya da empirik olaraq keçmiş funksional olmayan inancın empirik metodla yanlış olduğunu isbatlayır və yeni inanc, yerləşmiş düşüncə ilə onu əvəz edir.
Bu ortaq dəyərlər, digər bəzi psixoterapiya sahələrində görülən mexanizmlər olmadan, fərqli metodların CBT çətiri altında qalmasına icazə vermişdir.
Bu yazıda, Beckin depressiya üçün tətbiq olunan koqnitiv terapiya ilə bağlı original tədqiqatı nəticəsində ortaya çıxan koqnitiv bihevioral modelə köklənəcəyik.
CBT, şüuru araşdırdığı üçün psixodinamika kimi şüuraltı basdırılmış duyğularla çalışan psixoterapiya metodlarından fərqlənir.
Problemə köklənən münasibəti vurğulamaq üçün psixodinamik və digər interpersonal terapiyalardan fərqlənir: münasibət dəyişikliyə kömək edir, lakin dəyişiklik üçün bir vasitə deyil.
CBT ənənəvi terapiyalarla müqayisədə daha çox strukturlaşdırılmış və yönləndiricidir. Həmçinin əməkdaşlıq çərçivəsində çalışır və pasiyentlərin, problem həll etmə müddətində “şəxsi psixoloqları” olmalarına kömək edir. Terapiya koqnitiv bihevioral formulasiyaya əsaslanır və tətbiq olunan metodlar bu formulasiyadan inkişaf edir. Yəni müxtəlif problemlərin müxtəlif müalicə formulyasiyaları olur. Terapiya bu formulyasiyaların əsasında irəliyə aparılır.
CBT, ənənəvi müalicələrdən daha aktiv olması ilə fərqlənir. Pasiyent, seanslar zamanı verilən ev tapşırıqlarını etmək üçün CBT texnikalarını istifadə etməyi öyrənir. [4,səh.3-4]
Psixogen mənşəli cinsi disfunksiya və performans təşvişinə Koqnitiv-bihevioral müdaxilələr
Bütün digər funksiyalar kimi, cinsi funksiyalar da anatomik-fizioloji və psixososial qarşılıqlı təsirlər nəticəsində meydana gəlir. Davranış baxımından cinsi davranışlar da digər davranışlar kimi öyrənilmiş davranışlardır. Cinsi stimullara düzgün cavab verməyi öyrənən insanlar normal cinsi funksiyalarını həyata keçirə bilərlər. Başqa sözlə, bu insanların psixososial sistemlərində heç bir cinsi münasibətlərlə bağlı mənfi kök inanc yoxdur. Cinsi disfunksiya, insanların hər hansı bir səbəbdən müəyyən stimullara səhv reaksiya verməyi öyrənməsindən qaynaqlanır. 1970 -ci illərin əvvəllərində Masters və Johnsonun tezisləri müasir cinsi müalicənin təməl daşı oldu. Masters və Johnson, cütlükləri və münasibətləri davranışçı bir perspektivdən araşdırdılar. Cinsi təhsil, həyat yoldaşları arasında ünsiyyətin olmaması və səhv davranışları dəyişdirmək üçün ev tapşırığı müalicədə əsas mövzulardır.
Ev tapşırığı metodikası ilə cinsi disfunksiyaya səbəb olan yanlış reaksiyaların düzəldilməsi mərhələsində zamanla fərdlərdə müqavimət və mənfi yanaşmalar müşahidə oluna bilər. Koqnitiv aspektdən araşdırmalara görə, bu müqavimətin altında insanın kök inanclarını formalaşdıran öyrənilmişlik, avtomatik mənfi düşüncələr və görüntülər dayanır. İntim münasibətlərə, seksual həyata qarşı mənfi münasibətlər, insanın yaxın və ya uzaq keçmişindəki təcrübələrdən qaynaqlanır. Ailənin və cəmiyyətin seksuallığa baxışı, həddindən artıq mühafizəkar tərbiyə, cinsi maarifləndirmənin olmaması, miflər və intim həyatla bağlı şişirdilmiş gözləntilər, tərəflər arasında ünsiyyətin olmaması və ya yanlış ünsiyyət, nevrotik şəxsiyyət xüsusiyyətləri, ayrılıq təşvişi, uşaqlıq travmatik təcrübələri, cinsi istismara məruz qalma faktorları, valideynlərin erkən itkisi kimi təcrübələr cinsi funksiyaların pozulmasına səbəb olan amillərdir.
Koqnitiv-davranış terapiyalarında məqsəd səhv öyrənilən reaksiyaları yeni və düzgün reaksiyalarla əvəz edilməsini(klassik şərtlənmə S>R, neobihevioral yanaşma S>O>R) öyrətməkdir. İnsanlar ümumiyyətlə cinsi problemlərini açıqlamaqdan çəkinirlər. Psixoloqun cütlüyün yaşadıqlarını hiss edə bilməsi və bunu cütlüyə hiss etdirərək anlayışlı və dəstəkləyici olması vacibdir. Əsas məqsəd, mövzu haqqında rahat və aydın danışmaq və ortaq bir dil yaratmaqdır. Koqnitiv-davranışçı cinsi terapiyada dörd addımlı bir yanaşma var. [7]
Koqnitiv-bihevioral cinsi terapiyada planlama
1) Seksual münasibətlərdə “kişi cinsiyyət orqanının ölçüsü çox önəmlidir, mastürbasya zərərlidir, qadının orgazma çata bilməməsi həyat yoldaşının günahıdır, həyat yoldaşları cinsi əlaqədə eyni anda məmnunluğa çatmalıdırlar, pərdənin yırtılması çox çətin və qanaxmanın intensivliyi ilə müşahidə olunan prosesdir, kişi hər zaman cinsi əlaqəyə hazırdır onun üçün qadın seks oyuncağıdır, fərqli formalarda cinsi əlaqədə olmaq pozğunluqdur “ kimi bir çox yalan inanc cinsi disfunksiyalara yol açır. Cinsi disfunksiyalı cütlüklərin cinsi bilik səviyyələri çox aşağıdır. Düzgün cinsi məlumat və maarifləndirmə cinsi məlumat çatışmazlığını aradan qaldırmaq və yalan məlumat, yıxıcı kök inancları düzəltmək müalicənin ilk addımlarıdır.
2) Cinsi disfunksiyalı cütlüklərin həm cinsi, həm də qeyri-cinsi sahələrdə çox vaxt ciddi bir ünsiyyət çatışmazlığı var. Cütlərin bir -birlərinə ifadə etməkdə çətinlik çəkdikləri məsələlər mütləq müzakirə edilməlidir. İkinci məqsədimiz, həyat yoldaşına bəyəndiyi bir şeyi söyləmək, həyat yoldaşında bəyəndiyi bir tərəfi ifadə etmək, həyat yoldaşında bəyənmədiyi bir davranışı ifadə etmək kimi ev tapşırıqları ilə ünsiyyət qurma bacarıqlarını inkişaf etdirməkdir. Birlikdə cinsi əlaqə ilə bağlı bir məqalə oxumaq, seksual aspektdən açıq olan bir jurnala baxmaq və həyat yoldaşına cinsi fantaziyasını danışmaq kimi ev tapşırıqlarının həll edilməsinə də yer vermək faydalı olacaqdır.
3) Terapiya zamanı cütlüklərin ev tapşırıqlarının yerinə yetirməsinə mane olan müqavimətlər olacaqdır. Buna səbəb avtomatik mənfi düşüncələrdir. Terapiyanın mahiyyəti müştərilərə əsas mənfi düşüncələri, təcrübələri və görüntüləri çatdırmaqdır. Düşüncələrin tədqiq edilməsi, izlənməsi, kəşf və ordu dili ilə desək “məhv” edilməsi zamanla yanlış reaksiyaları da neytrallaşdırır.
4) Son mərhələdə, həyata keçirilən səhv davranışlar, yeni və doğru davranışlarla əvəz olunur. Bu mərhələlər eyni zamanda vaginizm, erkən boşalma, erektil disfunksiya-sərtləşmə problemi kimi fərqli cinsi disfunksiyalarda fərqli yanaşmaların müşayiəti ilə həyata keçirilə bilər.
Nəticə
Cinsi əlaqənin qadağan edilməsi, genital bölgəyə və genital hisslərə yönəlmiş məşqlər, tənəffüs və rahatlama məşqləri, mütəmadi olaraq vajinal rahatlama məşqləri, koitus məşqləri, mastürbasyon və əlaqəli məşqlər, koqnitiv canlandırma və rol oynama məşqləri, məşqləri Koqnitiv-bihevioral cinsi terapiyada istifadə edilən digər zehni və davranışçı texnikalardır. Adı çəkilən texnikalar fərdlərə seanslar zamanı öyrədilir. Təxminən 70% hallarda, Koqnitiv-bihevioral yanaşmalar ilə cinsi disfunksiyalarda uğurlu nəticələr əldə edilir. Psixoterapevt ilə güvənli bir bağlılıq əlaqəsi terapiyanı müvəffəqiyyətə aparır hansı cütlüyə hansı texnikaların tətbiq ediləcəyi mühüm rol oynayır.
Ədəbiyyat siyahısı:
1. Nadir İsmayılov – Psixiatriya, Apostrof, Bakı-2013, səh.424-425
2. Nafiz Bozdemir, Sevgi Özcan-Cinselliğe ve Cinsel Sağlığa Genel Bakı, Çukurova Üniversitesi Tıp Fakültesi Aile Hekimliği Anabilim Dalı, səh 2.
3. Nəsimi Qiyasov – Covid-19 peyvəndləri ilə bağlı təşviş yaradan məqamlara qarşı profilaktik işlərdə psixoloji maarifləndirmənin rolu, səh.7. Bərdə, 2021
4. Nəsimi Qiyasov – 3D Koqnitiv-bihevioral özü-özünə yardım kitabı, Bərdə 2021, səh.3-4
5. Psikiyatri – İstanbul üniversitesi, tıp fakultesi, İstanbul 2009,səh.299-301
6. https://barisgurkas.com/cinsellikte-performans-anksiyetesi/
7. https://www.antalyapsikiyatrist.com/cinsel-terapi/cinsel-işlev-bozukluklarında-bilişsel-davranışçı-terapi
Psixoloq Nəsimi Qiyasov – QuuuuB
Azərbaycan Respublikası, Bərdə şəhəri – 08.08.2021